Bizi qələbəyə aparan yol bir neçə nəslin həyatında
unudulmaz iz qoydu, əbədiyyətə qovuşan Vətən fədailərinin şəhidlər
xiyabanlarında məzarlarının sayı artdı, qazilərimizin sıraları genişləndi,
amansız müharibənin fəsadları və nişanələri çoxaldı. Bütün bu ağrı-acılara
baxmayaraq, biz mübariz xalq kimi zəfər zirvəsini inamla, dəyanətlə fəth etdik.
Bu gün biz vaxtilə üzümüzə bağlı yollarla Ağdama, Füzuliyə, Cəbrayıla, Zəngilana,
Qubadlıya, Laçına, Kəlbəcərə, Hadruta, Şuşaya və digər yurdlarımıza gedirik.
Vətən müharibəsi haqqında real təsəvvürə malik
olmaq, döyüşçü missiyasını dərk etmək üçün şəhidlərin və qazilərin döyüş yoluna
nəzər salmaq vacibdir.
Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının yetirməsi,
hərbi xidmətdən səhhəti ilə bağlı tərxis edilən qazi, baş gizir Məmmədov Xəyal
İlqar oğlu Vətən müharibəsi iştirakçısıdır. O, 1989-cu ilin yanvar ayının 23-də
o vaxtkı Qazı-Məmməd şəhərində (indiki Hacıqabul şəhəri) anadan olub. İlqar Məmmədov
və Aidə Məmmədovanın qurduğu ailənin böyük övladıdır, bir bacısı var. Atası
Sovet ordusunda və Azərbaycan ordusunda “gizir” hərbi rütbəsində hərbi xidmətdə
olub. Anası 1993-cü ildə ağır xəstəlikdən vəfat edib. Babası Cəfər Məmmədov
İkinci Dünya müharibəsində döyüş yolu keçib, ancaq cəbhədən qayıtmayıb. Dayısı
Abdulla Muradov zabit olaraq, əmisi Qulu Məmmədov isə “gizir” hərbi rütbəsində
Daxili Qoşunlarda 1992-1994-cü illərdə hərbi xidmət keçiblər. Onlar Birinci
Qarabağ müharibəsinin iştirakçılarıdır.
Xəyal Hacıqabul şəhərindəki Fariz Cəbrayılov adına
2 saylı orta məktəbdə təhsil alıb. Özünün dediyinə görə, hüquqşünas ixtisasına
maraq göstərib. Qəbul imtahanında kifayət qədər bal toplamadığından, tələbə
olmaq, ali təhsil almaq arzusu reallaşmayıb. Hərbi xidmətə çağırılanadək Xəyal
bir müddət işləyib.
Qeyd edim ki, keçən əsrin 80-ci illərinin
sonlarında Ermənistanın respublikamıza əsassız ərazi iddiaları səbəbindən
alovlanan Birinci Qarabağ münaqişəsi illərində və sonrakı uzunmüddətli atəşkəs
dövründə böyüyərək formalaşan gənc nəslin nümayəndəsi kimi Xəyalın həyata
baxışına, mənəvi əqidəsinə bütün bu proseslər təsirsiz qalmayıb. O, vətənpərvər
düşüncəli gənc kimi hərbi xidmət borcunu yerinə yetirməyə yollanıb.
2007-ci ilin oktyabr ayında Xəyal Daxili Qoşunların
sıralarında müddətli həqiqi hərbi xidmətə başlayıb. Hacıqabul rayonunda yerləşən
“N” saylı hərbi hissədə hərbi and içdiyini söylədi. Daxili Qoşunların Bakının
Biləcəri qəsəbəsində yerləşən “N” saylı hərbi hissəsindən kiçik komandirlər
kursuna göndərildiyini, bu hərbi hissədə kursdan qayıtdıqdan sonra patrul
taborunun patrul bölüyündə manqa komandiri və taqım komandirinin müavini vəzifələrində
“çavuş” hərbi rütbəsinədək yüksələrək xidmət etdiyini bildirdi. 2009-cu ilin
aprel ayında müddətli həqiqi hərbi xidmətdən tərxis edilib.
Xəyal həmişə fikrinə diqqətlə yanaşdığı atası ilə məsləhətləşərək,
həyatını hərbçi peşəsinə bağlamaq barədə qərar verib, qəlbində rəğbət bəslədiyi
Daxili Qoşunların sıralarına qayıdıb. 2009-cu ilin dekabr ayında müddətdən
artıq həqiqi hərbi xidmətə qəbul olunub. Həmin vaxtdan etibarən Vətən müharibəsinədək
olan dövrdə qoşunların Lənkəran rayonunda yerləşən “N” saylı hərbi hissədə
xüsusi təyinatlı dəstənin xüsusi həmlə qrupunun yarımqrupunda atıcı, əməliyyat
taborunun əməliyyat bölüyündə taqım komandirinin müavini, təminat bölüyünün təminat
taqımında ATS emalatxana rəisi, təminat bölüyünün təminat taqımında avtomatik
telefon stansiyasının rəisi, xüsusi təyinatlı dəstənin istehkamçı yarımqrupunda
radiotelefonçu-istehkamçı, istehkamçı yarımqrupunun komandiri-baş istehkamçı vəzifələrinə
təyin edilərək komandanlığın etimadını doğruldub.
2011-ci ilin noyabr ayından 2012-ci ilin may ayınadək
Xəyal Daxili Qoşunların Ali Hərbi Məktəbi nəzdindəki gizirlərin hazırlanması
kursunda təhsil alıb, ona “gizir” hərbi rütbəsi verilib. 2018-ci ilin avqust
ayının 18-də “baş gizir” hərbi rütbəsinə yüksəlib.
2015-ci ilin 12 yanvar - 6 fevral tarixlərində o,
Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin təşkil etdiyi “Əsas
humanitar minaaxtarma kursu”nu müvəffəqiyyətlə bitirib.
2018-ci ilin iyun ayının 26-da III dərəcəli
“Qüsursuz xidmətə görə” və 2019-cu ilin mart ayının 4-də isə III dərəcəli “Hərbi
xidmətdə fərqlənməyə görə” medalları ilə mükafatlandırılıb.
Vətən müharibəsi bir çox döyüşçü kimi onun da həyatının
xatirələrində yaşadacağı xüsusi bir səhifəsidir. Xəyalın dediyinə görə, hərbi
formanı geyindiyi gündən nə vaxtsa döyüşə gedəcəyi, torpaqlarımızı işğal edən
düşmənə qarşı vuruşacağı, şəhidlərin qisasını alacağı barədə həmişə fikirləşib.
“Xüsusi təyinatlının əsas amalı döyüş tapşırığını nəyin bahasına olursa-olsun
yerinə yetirməkdir. Döyüş əmrini gözləyirdik və təlimlərdə tər tökərək o günə
hazırlaşırdıq” - deyə qazi vurğuladı.
2020-ci ilin oktyabr ayının 5-dən başlayaraq baş
gizir X.Məmmədov Füzuli rayonunun ərazisində kapitan Cavid Tağıyevin (hazırda “N”
saylı hərbi hissədə xüsusi təyinatlı dəstənin komandiri) rəhbərliyi altında
döyüş əməliyyatlarına cəlb olunub. “Beton post” adlanan ərazidə şiddətli döyüş
barədə danışan Xəyal düşmənin artilleriya vasitələrinin atəşinə məruz
qaldıqlarını, xüsusən də çoxlu sayda minaatan mərmisinin atıldığını dedi. Göstərilən
istiqamətdə hərbi qulluqçularımızdan kiçik gizir Anar Məmmədov şəhid olub, müddətdən
artıq xidmət edən çavuş Elvin Abbasov isə yaralanıb.
Qazimiz danışdı ki, Füzuli rayonunun Kərimbəyli kəndi
yaxınlığında bir neçə gün müdafiə mövqeyində dayanıblar. Buradan Cəbrayıl
rayonunun ərazisinə hərəkət ediblər. Həmin istiqamətdə düşməndən azad olunmuş ərazilərdəki
postlarda qarşıya qoyulan tapşırıqları yerinə yetiriblər. Oktyabrın son günündə
Cəbrayıl rayonundan Xocavənd rayonunun Hadrut qəsəbəsinə göndəriliblər.
Döyüşçülər hərəkət istiqamətləri dəqiqləşdirilərək ayrı-ayrı qruplara bölünüblər.
Xəyal kapitan Taleh Rüstəmlinin (hazırda Daxili Qoşunların Bərdə rayonundakı
“N” saylı hərbi hissəsində xüsusi təyinatlı dəstənin xüsusi həmlə qrupunun
komandiri) tabeliyinə verilən qrupun tərkibində döyüş yolunu davam etdirib.
Xocavənd rayonunun çətin relyefə malik ərazilərindən
keçməklə onun daxil olduğu qrup və digər qruplar Şuşaya istiqamət götürüblər.
Bir neçə gün piyada yol qət edərək Şuşanın ətrafına yaxınlaşıblar. Şəhərin
yaxınlığındakı əlverişli mövqelərin tutulması, düşmənin köməyə gələ biləcək
qüvvə və vasitələrinin yolunun kəsilməsi məqsədilə qruplara aidiyyəti döyüş
tapşırıqları verilib. Onların qrupu Şuşa ətrafındakı meşəlik ərazidə irəliləyərək
Xankəndi yolunu nəzarətə götürmək üçün mövqe tutub. Həmin yerdə düşmənin canlı
qüvvəsini atəş zərbəsinə məruz qoyublar. Noyabrın 5-də düşmən tankından bizim
mövqeyə atılan mərminin partlaması nəticəsində qəlpələr Xəyalın bədəninin müxtəlif
nahiyələrini (üz, hər iki qolu və sağ
ayağı) ağır dərəcədə yaralayıb. Döyüşçü yoldaşları ona yardım göstəriblər. O
döyüşdə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularımız baş çavuş
Vüsal Allahyarov, çavuş Afər Orucov, əsgər İsmayıl Məmmədov şəhid olublar,
çavuş İlkin Abuyev və kiçik çavuş Rəvan Kazımov isə yaralanıblar.
Noyabrın 8-dək Şuşa uğrunda döyüşlər gedib, düşmən
məğlubiyyətə uğrayıb. Xəyal bildirdi ki, onu və digər yaralıları Şuşadakı evlərdən
birində yerləşdiriblər. Şuşa uğrunda döyüşlərdə şəhid olan kapitan Şamil
Babayev, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularımız baş əsgər Pərviz
Həsənov, əsgər Fərid Seyfullayevin də adlarını xatırladı, baş çavuşlar Fərid
Əmiyev, Kənan Kərimov, çavuşlar Ənvər Beydiyev, Zamiq Ağayev, Mehrac Qarayevin
şücaət göstərərək erməni işğalçılarını canlı qüvvə və texnika sarıdan ciddi
itkiyə məruz qoyduqlarını da nəzərə çatdırdı. Noyabrın 7-də o, döyüş zonasından
təxliyyə edilib. Füzuli və Ağcabədi rayonlarındakı xəstəxanalara, Daxili
Qoşunların Hərbi Qospitalına, Tibb Universitetinin Tədris Cərrahiyyə
Klinikasına yerləşdirilib, qəlpə yaraları ilə bağlı cərrahi əməliyyat olunub,
sağlamlığının bərpası yönündə müalicə alıb.
Azərbaycan Respublikası Prezidentinin 18 dekabr
2020-ci il, 25 dekabr 2020-ci il, 29 dekabr 2020-ci il tarixli müvafiq sərəncamları
ilə baş gizir X.Məmmədov “Döyüşdə fərqlənməyə görə”, “Füzulinin azad olunmasına
görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
Xəyal evlidir, iki oğul və bir qız övladı var.
Müharibə vaxtı harada olduğunu ailə üzvlərinə deməyib, onların narahat
olmalarını istəməyib. Ön cəbhədən alnıaçıq, üzüağ qayıtmasından və doğmalarına
qovuşmasından xoşbəxtdir. Qazinin bədənində hələ çıxarılmayan xırda qəlpələr,
aldığı yaraların müəyyən fəsadları qalıb. Fədakar döyüşçüyə şəfa diləyirik.
Yalçın Abbasov
DİN-in
Daxili Qoşunlarının
veteranı, tədqiqatçı-jurnalist