“Qazilərimiz” rubrikasının budəfəki qəhrəmanı Vətən müharibəsində
ağır yaralanaraq sol ayağını itirən cəsur silahdaşımız çavuş Puçaxov Kamran
İmran oğludur.
Çavuş K.Puçaxov 1993-cü il oktyabrın 11-də Balakən rayonunun Tülü
kəndində anadan olub. Orta təhsilini böyüyüb boya-başa çatdığı Tülü kənd tam
orta məktəbində alıb. Müddətli həqiqi hərbi xidmətini 2011-2013-cü illərdə
Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində keçib. Tərxis olunduqdan sonra
bir müddət mülki işdə çalışıb. Lakin özünün də vurğuladığı kimi, hərbi xidmətə
olan böyük marağı səbəbindən yenidən ordu sıralarına qayıtmaq qərarını verib.
Beləliklə, 2013-cü ilin noyabr ayından Daxili Qoşunların Gəncə şəhərində
yerləşən “N” saylı saylı hərbi hissəsinin xüsusi vasitələrin tətbiqi dəstəsində
müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi yenidən Vətənə olan
borcunu şərəflə yerinə yetirməyə başlayıb. Burada müxtəlif vəzifələrdə
xidmətini davam etdirən Kamran 2018-ci ilin may ayından yaralandığı günədək
hərbi hissənin xüsusi təyinatlı dəstəsinin xüsusi həmlə qrupunda atıcı-snayper
kimi vəzifə borcunu ləyaqətlə yerinə yetirib. Yüksək döyüş hazırlığı, hərbi
intizamı və nümunəvi xidməti ilə hər zaman hərbi hissə komandanlığının
etimadını doğruldub.
Doğma Qarabağımızı erməni işğalından azad etmək uğrunda başlayacaq
döyüşlərdə fəal iştirak etmək məhz Kamranın da hər zaman ən böyük arzusu olub.
Buna görə də Kəlbəcər, Cəbrayıl və Qubadlı rayonlarının azad olunması uğrunda
aparılan hərbi əməliyyatlarda fəal iştirak edib.
Müharibə xatirələrini bizimlə bölüşən silahdaşımız ağır yaralanmasına
baxmayaraq, bu gün də Vətən uğrunda döyüşməyə və onun yolunda canından belə
keçməyə hazır olduğunu bildirdi: “Xoşbəxt insanam ki, hər zaman səbirsizliklə
başlamasını arzuladığımız Vətən müharibəsində düşmənə qarşı döyüşmək mənə də
nəsib oldu. Təbii ki, bir xüsusi təyinatlı üçün bu olduqca qürurvericidir.
İlk döyüşümüz 2020-ci il sentyabrın 27-də Kəlbəcər istiqamətində
oldu. Qarşı-qarşıya döyüşməyə cəsarəti çatmayan düşmən bizi durdurmaq üçün
olduğumuz mövqeləri minaatan və digər iriçaplı silahlarla atəşə tutmağa
başladı. Bu zaman mənimlə birgə vuruşan, dəstəmizin cəsur xüsusi
təyinatlılarından, əslən Kəlbəcər rayonunun Zivel kəndindən olan çavuş
Abdullayev Həsən Aydın oğlu aldığı qəlpə
yarasından qəhrəmancasına şəhid oldu, digər silahdaşımız çavuş Sabir
Əbdürrəhmanlı isə partlayış zərbəsindən travma aldı. Şəhid və yaralımızın döyüş
meydanından təxliyyə olunmasında mən də iştirak etdim. Lakin buna baxmayaraq,
ağır döyüşlərdən sonra ermənilərin uzun illər Murovdağ istiqamətində nəzarətdə
saxladıqları strateji əhəmiyyətli hakim yüksəklikləri azad etdik. Təxminən 5-6
gün burada azad etdiyimiz yeni mövqelərin müdafiəsində dayandıq. Bundan sonrakı
döyüş tapşırığımız Füzuli və Cəbrayıl rayonları ərazisində oldu. Ona görə də
tutduğumuz postları digər qruplara təhvil verib, Beyləqan istiqamətində
hərəkətə başladıq”.
Kamran, həmçinin, döyüşçü yoldaşı çavuş S.Əbdürəhmanlının sağaldıqdan
sonra Füzuli rayonu ərazisində onunla birgə yenidən hərbi əməliyyatlara
qatıldığını və Cəbrayıl istiqamətində şəhidlik zirvəsinə ucaldığını qürur hissi
ilə qeyd edir: “Bir neçə gün Beyləqanda qaldıqdan sonra bizi Füzuli rayonu
ərazisinə gətirdilər. Burada döyüşçü yoldaşım Sabiri görəndə gözlərimə
inanmadım. Sevincimin həddi-hüdudu yox idi. O, Müdafiə Nazirliyinin Gəncə
şəhərindəki hərbi hospitalında müalicə aldıqdan sonra vuruşmaq üçün yenidən
Füzuliyə - bizim yanımıza gəlmişdi.
Bir neçə gündən sonra Cəbrayıl istiqamətində gedən döyüşlərə
qatıldıq. Cəbrayıl şəhərinin girişində, “Dostluq bulağı” deyilən ərazidə
şiddətli döyüşlər oldu. Bir müddət burada döyüş əməliyyatlarında iştirak etdik.
Oktyabrın 8-də Cəbrayıl istiqamətində baş vermiş ağır döyüşlərin birində cəsur
silahdaşımız çavuş Əbdürrəhmanlı Sabir Faiq oğlu şəhid oldu (Ölüm haqqında
şəhadətnamədə Füzuli rayonunda şəhid olduğu qeyd olunub). Bu döyüşdə, həmçinin,
99713 saylı hərbi hissədən olan döyüşçü yoldaşımız baş çavuş Nurlan Babayevlə birgə
Müdafiə Nazirliyinin 3 nəfər xüsusi təyinatlısı da yaralandı.
Cəbrayıl şəhəri və ətraf ərazilər tam təmizləndikdən sonra bizi
Qubadlı istiqamətinə gətirdilər. Buraya gəldiyimiz elə ilk gündən şiddətli
döyüşlərdə iştirak etdik. Qubadlı rayonunun girişində bir kənd vardı. Əfsuslar
olsun ki, adını unutmuşam. Biz burada yaxşıca mövqelənmişdik. Oktyabrın 19-da
səhər düşmən üzərinə hücuma keçməli idik. Səhərin alaqaranlığında kolon
şəklində taxıl üçün şumlanmış ərazidə hərəkətdə olarkən qəfildən minaya düşdüm.
Görünür, erməni qaniçənləri geri çəkildikləri vaxt haraya gəldi mina
düzmüşdülər. Məndən öncə irəlidə hərəkət edən Müdafiə Nazirliyinin zabiti
kapitan Polad Rzayev də minaya düşmüşdü. Yarası çox ağır idi. Minanın qəlpəsi
məndən fərqli olaraq, onun hər iki ayağını aparmışdı. Hər ikimizə dərhal
yerindəcə tibbi yardım olundu. Ağrıkəsici iynə vurdular, qanaxmamızı
dayandırdılar və yaramızı sarıdılar. Tez bir zamanda bizi döyüş meydanından
təxliyyə etdilər.
Əvvəlcə bizi Lələtəpə istiqamətinə gətirdilər, burada tibbi yardım
göstərildi və ayağım amputasiya olundu, oradan Füzuli Diaqnostika Mərkəzinə,
oktyabrın 20-də isə məni Bakıya, Daxili Qoşunların Hərbi Qospitalına
apardılar”.
Vətən uğrunda sol ayağını itirən igid qazimizin ən böyük təsəllisi
isə düşməni məğlub edərək, otuz ilə yaxın işğal altında qalan torpaqlarımızı
azad etməyimizdir: “Qalib ölkənin hərbi
qulluqçusu olmaq, eləcə də üçrəngli bayrağımızın işğaldan azad olunan
ərazilərimizdə dalğalanmasını görmək son dərəcə qürurvericidir. Yaralarımızın
ən şəfalı məlhəmi də elə məhz budur”.
Azərbaycan Respublikası Prezidentinin 18.12.2020-ci il tarixli,
24.12.2020-ci il tarixli, 29.12.2020-ci il tarixli, 24.06.2021-ci il tarixli
müvafiq sərəncamları ilə çavuş Puçaxov Kamran İmran oğlu “Döyüşdə fərqlənməyə görə”,
“Cəbrayılın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”,
“Qubadlının azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif
edilib.
“N” saylı hərbi hissənin “Pələng” şərti adını daşıyan xüsusi təyinatlı dəstəsində xüsusi
həmlə qrupunun komandiri, “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və 3-cü dərəcəli “Hərbi xidmətdə fərqlənməyə görə” medalları ilə təltif edilmiş baş leytenant Qurban Səfərli (hazırda İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşı kimi xidmətini davam etdirən silahdaşımız Vətən müharibəsi zamanı Şuşa istiqamətində gedən döyüşdə yaralanıb) çavuş K.Puçaxovun qrupun nümunəvi xidmət edən fəal atıcı-snayperi olması ilə yanaşı, həm də əsl vətənpərvər cəngavər kimi döyüş meydanında özünü təsdiq etdiyini bildirdi: “Qrupumuzun Vətən müharibəsində öz cəsarəti və vətənpərvərliyi ilə əsl qəhrəmanlıq nümunəsi göstərən qazi hərbi qulluqçularından biri də çavuş Kamran Puçaxovdur.Yüksək
döyüş hazırlığı, peşəkarlığı, nümunəvi xidməti ilə bütün kollektivin hörmətini
qazanıb. Kamranın Vətən müharibəsi zamanı göstərdiyi şücaəti isə xüsusi olaraq
qeyd etmək istərdim. Atıcı-snayper kimi onlarla erməni yaraqlısını cəhənnəmə
vasil edən silahdaşımız qarşısına qoyulmuş bütün döyüş tapşırıqlarını tərəddüd
etmədən layiqincə yerinə yetirib. Kamran kimi cəsur qazi hərbi
qulluqçularımızla ancaq qürur duyur, bundan sonrakı həyat və fəaliyyətlərində
hər birinə uğurlar arzulayıram”.
Sonda Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali
Baş Komandanı cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın 2020-ci
il sentyabrın 30-da Vətən müharibəsi zamanı yaralanan və Müdafiə Nazirliyinin
Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan hərbçilərlə görüşü zamanı
dövlət başçısının qazilər barədə səsləndirdiyi çox dəyərli sözləri qeyd etmək
istəyirəm: “Siz gənc yaşlarınızda böyük
qəhrəmanlıq, şücaət göstərib, Vətən uğrunda şərəflə vuruşub öz adlarınızı
Azərbaycan tarixinə yazdırırsınız. Siz əmin ola bilərsiniz ki, dövlət sizin
yanınızda olacaq. Bir arzumuz var ki, siz tezliklə sağalıb, normal həyata
qayıdıb öz şərəfli missiyanızı davam etdirəsiniz. Gənclər üçün siz nümunə
olmalısınız, örnək olmalısınız. Azərbaycan xalqı qəhrəman xalqdır ki, sizin
kimi övladlar yetişdirib”.
Öz fədakarlığı ilə adını tariximizin şanlı səhifələrinə yazan cəsur
qazimizə bundan sonrakı həyatında uğurlar arzulayırıq.
mayor Anar
Əhmədov
DİN-in Daxili Qoşunlarının
“Əsgər”
qəzetinin redaktoru