Vətən
uğrunda son damla qanınadək döyüşərək şəhidlik məqamına yüksəlmiş cəsur hərbi
qulluqçularımızdan biri də gizir Ələkbərov Vüqar Telman oğludur.
Orta təhsilini doğulub boya-başa çatdığı Qazyan kənd 2 saylı tam orta
məktəbində alan Vüqar, 2010-cu ildə həmin təhsil ocağının 9-cu sinfini
bitirərək, Göyçay şəhərindəki Dövlət İdarəetmə və Texnologiya Kollecinə qəbul
olunub. 2014-cü ildə kolleci “Nəqliyyat vasitələrinin təmiri və servis xidməti”
ixtisası üzrə bitirib. Müddətli həqiqi hərbi xidmətini 2014-cü ilin iyul
ayından 2016-cı ilin yanvar ayınadək Daxili Qoşunların Bakı şəhəri, Biləcəri
qəsəbəsində yerləşən “N” saylı hərbi hissəsində keçib. Müddətli həqiqi hərbi
xidmətini başa vurduqdan sonra qoşunların Bərdə rayonundakı “N” saylı hərbi hissəsinin
xüsusi vasitələrin tətbiqi dəstəsində müddətdən artıq həqiqi hərbi xidmətə
keçirilərək, Vətənə olan şərəfli borcunu yerinə yetirməyə davam edib. Xidmət
etdiyi dövrdə nümunəvi xidməti və yüksək hərbi intizamı ilə böyük rəislərin
etimadını doğruldub, hərbi hissə komandanlığı tərəfindən dəfələrlə
mükafatlandırılıb. Məhz buna görə də 2017-ci ilin fevral ayından etibarən
qoşunların Gəncə şəhərində yerləşən “N” saylı hərbi hissəsinin xüsusi təyinatlı
dəstəsində müxtəlif vəzifələrdə xidmətini davam etdirən silahdaşımız 2018-ci
ilin may ayından atəş təminatı qrupunda iriçaplı pulemyot yarımqrupunun
komandiri vəzifəsinə irəli çəkilib. Tələbkarlığı və qayğıkeşliyi sayəsində
tabeliyindəki şəxsi heyətin rəğbətini qazanan Vüqarın bir komandir kimi
fəaliyyəti də hər zaman müsbət qiymətləndirilib.
“N” saylı hərbi hissənin “Pələng” şərti adını daşıyan xüsusi
təyinatlı dəstəsində qrup komandiri olmuş, 3-cü dərəcəli “Rəşadət” ordeni,
“Şuşanın azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları
ilə təltif edilmiş baş leytenant Xəqani Məmmədov (hazırda qoşunların Bərdə
rayonundakı “N” saylı hərbi hissəsinin xüsusi təyinatlı dəstəsində xidmətini
davam etdirir) Azərbaycanın şanlı qələbəsi ilə başa çatan Vətən müharibəsində
komandiri olduğu qrupun 2 nəfər hərbi qulluqçusunun - gizir Vüqar Ələkbərov və
çavuş Cəlil Xeyrullayevin şəhidlik zirvəsinə yüksəldiyini qeyd edərək, onların
döyüşlər zamanı göstərdikləri şücaətlə qürur duyduğunu bildirdi.
Baş leytenant X.Məmmədov Vüqarın komandir kimi fəaliyyətinə toxunaraq,
onun ən bacarıqlı yarımqrup komandirlərindən biri olduğunu da diqqətə çatdırdı:
“Qarşıya qoyulan tapşırıqları vicdanla
yerinə yetirən və nümunəvi xidmətilə fərqlənən hərbi qulluqçu olub. Olduqca
vətənpərvər və bacarıqlı yarımqrup komandiri kimi tabeliyindəki şəxsi heyətə
qarşı tələbkarlığı ilə yanaşı, onlardan qayğısını da əsirgəməyib. Hər zaman
mehriban və gülərüz olub. Sonuncu dəfə onunla qarşılaşdığımız Füzulidə gedən
döyüşdə də yanımdan üzündə xoş bir təbəssümlə ötüb keçmişdi...”.
Vətən müharibəsinin ilk günündən hərbi əməliyyatlarda fəal iştirak
edən gizir V.Ələkbərov Murovdağ silsiləsi, Cəbrayıl, Füzuli rayonlarının və
Xocavənd rayonunun Hadrut qəsəbəsi ətrafındakı bir sıra yaşayış məntəqələrinin
və strateji əhəmiyyətli yüksəkliklərin azad olunmasında, eləcə də düşmənin
xeyli sayda canlı qüvvəsinin və hərbi texnikasının məhv edilməsində böyük
şücaət göstərib.
12 oktyabr
2020-ci il... Füzuli-Cəbrayıl rayonları istiqamətində gedən
döyüş Vüqarın son döyüşü oldu. Onunla birgə bu döyüşdə iştirak etmiş “Pələng”
xüsusi təyinatlı dəstəsində yarımqrup komandiri, “Şuşanın azad olunmasına
görə”, “Füzulinin azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif
edilmiş gizir Pərvin Rəhimli vətənpərvər silahdaşının qəhrəmanlığını heç zaman
unutmayacağını deyir: “Vüqarla birgə
Vətən müharibəsinin ilk günündən başlayaraq eyni qrupun tərkibində döyüş
əməliyyatlarında iştirak etmişəm. Deyərdim ki, əsl hərbi qulluqçuya xas olan
bütün müsbət keyfiyyətlər sanki onda cəmləşmişdi. Olduqca vətənpərvər, qorxunun
nə olduğunu bilməyən, dostluğa və yoldaşlığa önəm verən bir insan idi. Şəxsi
heyət arasında Vüqarın hörmət və nüfuzunu yüksəldən başlıca amil də məhz onun
bu xarakterik xüsusiyyətləri idi.
Murovdağ
silsiləsindən başlayaraq düşmənə qarşı vuruşduğumuz hər bir döyüşdə Vüqarın
necə mərd insan olduğunun şahidi oldum. Döyüş meydanında ermənilərin başına
od-alov yağdırmaqla bərabər, gözünü qırpmadan yaralanmış və şəhid olmuş
silahdaşlarımızın mərmi “yağışı” altından çıxarılmasında, yaralılara ilkin
tibbi yardım göstərilməsində, eləcə də ən çətin digər tapşırıqların yerinə
yetirilməsində hər zaman fərqlənmişdi Vüqar.
Sonuncu tapşırığımız düşmənin Füzuli-Cəbrayıl rayonları istiqamətində strateji
cəhətdən əlverişli ərazidə mövqelənmiş top batareyasını məhv etmək idi. Aldığımız kəşfiyyat məlumatına əsasən burada ermənilərin 8 ədəd 150 millimetrlik topu və xeyli sayda canlı qüvvəsi cəmləşmişdi. Bizim qrup atəş dəstəyi ilə müxtəlif istiqamətlərdən düşmənin xeyli sayda canlı qüvvəsini məhv edə-edə irəliləyərək, əsas mövqeyinə yaxınlaşmışdı. Ermənilərlə aramızda 10-15 metrə qədər məsafə vardı. Şiddətli döyüş gedirdi. Bu vaxt səngərdə uzanmış düşmən pulemyotçusunun ayağa qalxaraq biz olan istiqamətə atdığı güllələrdən biri Vüqarın sinəsindən dəydi. Vüqarla aramızda bir-iki metr məsafə olar, ya olmazdı. Ona ilkin tibbi yardım göstərməyimizə baxmayaraq, yarası ağır olduğundan, Vüqar qollarımın arasındaca gözlərini əbədi yumaraq şəhidlik zirvəsinə yüksəldi.Lakin biz
erməni pulemyotçusu da daxil olmaqla, onların bütün şəxsi heyətini və toplarını
məhv edib mövqelərini ələ keçirməklə, şəhid silahdaşımızın intiqamını düşməndən
almağa müvəffəq olduq”.
Gizir V.Ələkbərov 2020-ci il oktyabrın 15-də Ucar rayonunun Qazyan
kənd qəbiristanlığında dəfn olunub. Subay idi. Dörd ay öncə nişanlanmışdı.
Vüqarın ən böyük arzusu müharibə xalqımızın qələbəsi ilə bitdikdən sonra toy
edib ailə həyatı qurmaq və xoşbəxt ömür sürmək idi...
Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2020-ci il tarixli və
24 dekabr 2020-ci il tarixli müvafiq sərəncamları ilə gizir Ələkbərov Vüqar
Telman oğlu (ölümündən sonra) “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına
görə” medalları ilə təltif edilib.
Məlumat üçün bildirək ki, “Milli TV” saytının “YouTube” internet
portalı vasitəsilə yayımlanan, qəhrəman şəhid və qazilərimizə həsr olunmuş
“Vətən uğrunda döyüşənlər” proqramında aparıcı Səbinə Mehdiyevanın təqdimatında
qoşunların şəhid hərbi qulluqçusu gizir V.Ələkbərovun gənc nəslə nümunə olan
döyüş yolu barədə məlumatlar izləyicilərə təqdim edilib.
Bundan əlavə, İbrahim Hüseynovun müəllifi olduğu və 2021-ci ildə
“Radius” mətbəəsində çap olunan “Qələbə şəhidləri” adlı kitabında, həmçinin,
Aidə İsayevanın “Yeni Söz” qəzetinin 4
mart 2021-ci il tarixli sayında dərc edilmiş “Bu həyatı gərək elə yaşayasan
ki...”, Elşən Qəninin “İki Sahil” qəzetinin saytında verilmiş “Vətən
müharibəsinin qəhrəmanları: Vətən mənim vüqarım, Vüqar mənim vətənimdir” və
“Yeniavaz.com” saytında işıq üzü görən “Düşmənin 100-dən artıq canlı qüvvəsini
məhv edən XTQ-nin giziri şəhid Vüqar Ələkbərov” başlıqlı məqalələrdə cəsur
silahdaşımızın həyat və döyüş yolu geniş işıqlandırılıb.
Sonda şəhidimizin bir zamanlar söylədiyi və indi onun məzar daşında
həkk olunmuş fikirlərini qeyd etmək istəyirəm: “Həyat çox qısadır. Bu həyatı
insan kimi yaşamaq lazımdır. Elə yaşamaq lazımdır ki, sonra peşman olmayasan”.
Vətən uğrunda şəhidlik zirvəsinə ucalan Vüqar kimi igid oğullarımızın
hər biri yaşadıqları qısa, lakin şərəfli ömürləri ilə adlarını tariximizin
qəhrəmanlıq səhifələrinə əbədi olaraq
həkk etdilər.
mayor Anar
Əhmədov
DİN-in Daxili Qoşunlarının
“Əsgər” qəzetinin redaktoru