Şanlı Qələbəmizin qızıl səhifələrinə adını yazdıran Baloğlan

         Tovuz döyüşlərindən sonra yüzlərlə Xocalı gənci düşmənlərə qarşı vuruşmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xocalı rayon Bölməsinə müraciət etdilər. Vətən Müharibəsi ərəfəsində hərbi xidmətdə olan gənclərimiz özünü şanslı hesab edir, döyüşlərə qatılmaq və Xocalı qisasını almaq üçün yüksək döyüş əhval-ruhiyyəsi ilə irəli atıldılar. Ali Baş Komandanımız İlham Əliyev əks-həmlə əməliyyatları üçün döyüş əmri verdiyi zaman əslən Xocalı rayon Kosalar kəndindən olan Bayramov Baloğlan Mahir oğlu da hərbi xidmətinin doqquzuncu ayında idi.

Baloğlan Bayramov oktyabrın 27-si 2001-ci ildə Hacıkənd qəsəbəsində anadan olub. Baloğlan Xocalı rayon Yaloba kənd tam orta məktəbini IX sinfə qədər oxuyub. O, məktəblərarası idman çempionatlarında, voleybol yarışlarında əla nəticələr göstərib. 2020-ci ilin yanvar ayında həqiqi hərbi xidmətə yollanan baloğlan Sumqayıt şəhərində “N” saylı hərbi hissədə xidmət edib. Vətən Müharibəsi başlanan zaman Baloğlan da döyüşlərə qatılıb. O, Füzuli, Xocavənd, Cəbrayıl, Laçın istiqamətlərində gedən döyüşlərdə idarəetmə tağımında baş radiotelefonçu və baş atıcı kimi xidməti vəzifəsini icra etmişdir. Doğum günündən iki gün sonra, yəni oktyabrın 29-da Xocavənd uğrunda döyüşlərdə yaxınlığında minaatan mərmisinin partlaması nəticəsində yaralanmışdır. Əsgər Baloğlan Bayramov 01.11.2020-ci il tarixə kimi “Füzuli rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs”də təşkil edilmiş hospitalda aşağı ətrafların və kürəyin çox saylı qəlpə yarasından müalicə aldıqdan sonra yenidən xidmətə qayıtmışdır. 

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən,  Azərbaycan Respublikasının Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş əsgər Bayramov Baloğlan Mahir oğlu “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Cənab Prezidentin 24 iyun 2021-ci il tarixli Sərəncamına əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xocalı rayon Bölməsindən xidmətə çağırılmış əsgər Baloğlan Bayramov “Laçının azad olunmasına görə” medalına layiq görülmüşdür.

Baloğlan Bayramovun Şanlı Zəfər tariximizin qızıl səhiflərində adı olduğu üçün Qalib Ordunun əsgəri kimi qürurla gəzməyə haqqı var. Biz də Baloğlanla fəxr hissi keçirir, döyüşlərdə iştirakına görə ona təşəkkür edirik.

Yorum Gönder

Daha yeni Daha eski