Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

"Dəmir Yumruq Vətən Müharibəsi Veteranlarına Dəstək" İctimai Birliyi şəhid ailələri və müharibə veteranları ilə görüş keçirib

        Oktyabr ayının 26-da "Dəmir Yumruq Vətən Müharibəsi Veteranlarına Dəstək" İctimai Birliyinin sədri Əbil Zeynalov, İctimai Birliyin sədr müavini Namiq Bədəlov, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nəzdindəki Mənzil İstismar Departamentinin Gəncə şəhər Mənzil-Kommunal İstismar Sahəsinin rəisi Vahid Abdullayev Gəncə şəhəri ərazisində salınmış 1500 və 600 ailəlik qəsəbələrdə məskunlaşmış şəhid ailələri və müharibə veteranları ilə görüş keçirib. 
        Görüşlərdə əvvəlcə respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
         "Dəmir Yumruq Vətən Müharibəsi Veteranlarına Dəstək" İctimai Birliyinin sədri Əbil Zeynalov və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nəzdindəki Mənzil İstismar Departamentinin Gəncə şəhər Mənzil-Kommunal İstismar Sahəsinin rəisi Vahid Abdullayev 44 günlük Vətən Müharibəsində Müzəffər Ordumuzun əldə etdiyi şanlı qələbədən danışıblar. Çıxış edən natiqlər ölkəmizdə Qarabağ müharibəsi veteranlarının, əlillərin və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması sahəsində həyata keçirilən tədbirləri diqqətə çatdırıblar.
        Tədbirdə iştirak edən şəhid ailələrini, qaziləri və müharibə veteranlarını narahat edən məsələlər dinlənilib, onların qarşılaşdığı problemlərin həllinə köməklik göstərilməsi üçün aidiyyəti orqanlar qarşısında məsələ qaldırılacağı bildirilib.
        
        






 

Paylaşın:

Şanlı Qələbəmizin qızıl səhifələrinə adını yazdıran Baloğlan

         Tovuz döyüşlərindən sonra yüzlərlə Xocalı gənci düşmənlərə qarşı vuruşmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xocalı rayon Bölməsinə müraciət etdilər. Vətən Müharibəsi ərəfəsində hərbi xidmətdə olan gənclərimiz özünü şanslı hesab edir, döyüşlərə qatılmaq və Xocalı qisasını almaq üçün yüksək döyüş əhval-ruhiyyəsi ilə irəli atıldılar. Ali Baş Komandanımız İlham Əliyev əks-həmlə əməliyyatları üçün döyüş əmri verdiyi zaman əslən Xocalı rayon Kosalar kəndindən olan Bayramov Baloğlan Mahir oğlu da hərbi xidmətinin doqquzuncu ayında idi.

Baloğlan Bayramov oktyabrın 27-si 2001-ci ildə Hacıkənd qəsəbəsində anadan olub. Baloğlan Xocalı rayon Yaloba kənd tam orta məktəbini IX sinfə qədər oxuyub. O, məktəblərarası idman çempionatlarında, voleybol yarışlarında əla nəticələr göstərib. 2020-ci ilin yanvar ayında həqiqi hərbi xidmətə yollanan baloğlan Sumqayıt şəhərində “N” saylı hərbi hissədə xidmət edib. Vətən Müharibəsi başlanan zaman Baloğlan da döyüşlərə qatılıb. O, Füzuli, Xocavənd, Cəbrayıl, Laçın istiqamətlərində gedən döyüşlərdə idarəetmə tağımında baş radiotelefonçu və baş atıcı kimi xidməti vəzifəsini icra etmişdir. Doğum günündən iki gün sonra, yəni oktyabrın 29-da Xocavənd uğrunda döyüşlərdə yaxınlığında minaatan mərmisinin partlaması nəticəsində yaralanmışdır. Əsgər Baloğlan Bayramov 01.11.2020-ci il tarixə kimi “Füzuli rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs”də təşkil edilmiş hospitalda aşağı ətrafların və kürəyin çox saylı qəlpə yarasından müalicə aldıqdan sonra yenidən xidmətə qayıtmışdır. 

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən,  Azərbaycan Respublikasının Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş əsgər Bayramov Baloğlan Mahir oğlu “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Cənab Prezidentin 24 iyun 2021-ci il tarixli Sərəncamına əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xocalı rayon Bölməsindən xidmətə çağırılmış əsgər Baloğlan Bayramov “Laçının azad olunmasına görə” medalına layiq görülmüşdür.

Baloğlan Bayramovun Şanlı Zəfər tariximizin qızıl səhiflərində adı olduğu üçün Qalib Ordunun əsgəri kimi qürurla gəzməyə haqqı var. Biz də Baloğlanla fəxr hissi keçirir, döyüşlərdə iştirakına görə ona təşəkkür edirik.

Paylaşın:

Veteran döyüşçümüz amansız xəstəliyə qalib gələ bilmədi

          I Qarabağ müharibəsində igidlik göstərmiş Vətən oğullarından biri də Babayev Yaşar Sahib oğludur. Yaşar Babayev 1972-ci ildə Xankəndi şəhərinin Kərkicahan qəsəbəsində dünyaya göz açmışdır. Yaşar, qardaşım Zahidlə birlikdə Bakı Dövlət Universitenin Tarix fakultəsində təhsil alıb. Gənc yaşlarından atasını itirən Yaşar, Ana Vətəni öz canı qədər sevirdi. Buna görə də Yaşar və Zahid təhsillərini yarımçıq qoyaraq Vətənimizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərə qatılıblar. Yaşar bir neçə kəndlərimizin, şəhərlərimizin müdafiəsi uğrunda döyüşlərdə iştirak etmişdir. O, Kərkicahan Özünü Müdafiə Batalyonunda kobra ləqəbli Nazim Hüseynovun dəstəsində döyüşərək erməni quldurlarına qarşı mübarizə aparmışdır. Qorxmaz döyüşçü Kərkicahan, Qaybalı, Hacı talası, Şuşa və Ağdərə istiqamətində gedən döyüşlərdə igidlik göstərmişdir. Cəbhədən qayıtdıqdan sonra Xəzər rayon Dövlət Yanğından Mühafizə Xidmətində çalışmış, sonradan Dövlət Yanğından Mühafizə Xidməti şəxsi heyətlə iş üzrə daxili xidmət rəis müavini vəzifəsində çalışaraq polkovnik-leytenant rütbəsinə kimi yüksəlmişdir.

         “Azərbaycan Vətən Müharibəsi Veteranları” İctimai Birliyinin (AVMVİB) Xankəndi şöbəsinin üzvü olan Yaşar Babayev ömrünün son aylarında Müzəffər Ordumuzun Şanlı qələbəsinin sevincini böyük qürur hissi ilə yaşadı. Lakin ürəyi doğma yurd həsrətilə döyünən Yaşar son vaxtlar ağır xəstəlik tapmışdı. Uzun sürən müalicə ona köməklik etmədi. Xərçəng xəstəliyindən əziyyət çəkən müharibə veteranımız 2021-ci il oktyabrın 7-sində haqq dünyasına qovuşdu. 

        Xalqımız igid oğullarını heç vaxt unutmur. Ruhun şad olsun, igid döyüşçü. 

        Ramiz AĞAYEV,

“Azərbaycan Vətən Müharibəsi Veteranları”

 İctimai Birliyi Xankəndi şöbəsinin sədri

Paylaşın:

Prezident İlham Əliyev: "Füzuli şəhərini və Füzuli rayonunun kəndlərini tezliklə bərpa edəcəyik"


 

        Otuz ilə yaxın idi ki, hər bir azərbaycanlının ürəyində qara bir bağ var idi. Vətən oğulları o bağı açaraq yerində uca bir dağ tikdilər. Artıq Azərbaycanın Qarabağ adlı problemi yoxdur. Bunun üçün bir rəşadətli Ordumuzun hər bir fərdinə və Ali Baş Komandanımıza minnətdarıq. Bu gün əldə etdiyimiz qələbənin əsas meyarları onlardır.

​ Torpaqlarımız işğaldan azad edildikdən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ard-arda Qarabağa səfərləri başladı. Bu səfərlərdən biri də Füzuli rayonuna edilən ziyarət oldu. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 17-də Füzuli rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb, Memorial Kompleksin və şəhərin bərpasının təməl daşını qoyublar. Eyni zamanda cənab İlham Əliyev ictimaiyyət qarşısında çıxış edərək bildirmişdir ki, biz azad edilmiş torpaqlarda Füzulinin işğaldan azad olunmasının birinci ildönümünü qeyd edirik. Uzun fasilədən sonra Azərbaycan dövləti bu ərazilərdə öz suverenliyini təmin edib. Bu tarixi, hadisədir. 17 oktyabr günü Azərbaycan xalqının çoxəsrlik tarixində xüsusi yer tutacaq. Çünki həmin tarixdə böyük şəhərimiz Füzuli işğalçılardan azad edildi. Füzuli şəhərinin azad edilməsi ordumuza əlavə mənəvi güc verdi. Azərbaycan Silahlı Qüvvələri bundan sonra böyük əzmkarlıq göstərərək xilaskarlıq missiyasını uğurla davam etdirdi. Füzuli azad olunandan sonra Zəngilan şəhəri azad edildi, bir neçə gün sonra Qubadlı, ondan sonra isə Laçın dəhlizinə çıxdıq və beləliklə müharibənin taleyi həll edildi. Bu gün Füzulidə olarkən hər kəs erməni vəhşiliyini təzahürlərini görür. Çünki Füzuli ən çox dağıntılara məruz qalmış rayondur. Füzuli şəhəri tamamilə yerlə-yeksan edilmişdir. Füzuli azad olunandan sonra bir bina tapılmadı ki, ordumuz bayrağımızı sancsın. Ancaq bütün bunlara baxmayaraq, Cənab Prezident bildirmişdir ki, Füzuli şəhərini və Füzuli rayonunun kəndlərini tezliklə bərpa edəcəyik. Azad edilmiş bütün torpaqlarda həyat bərpa olunacaq, vətəndaşlar öz doğma ocaqlarına qayıdacaqlar. İşğal dövründədə Cənab Prezident Füzuli rayonunun bizdə olan hissəsinə dəfələrlə səfər etmişdir. Rayonun inkişafı ilə bağlı çox böyük işlər görülmüşdür. Horadız qəsəbəsində şəhər statusu verilmiş, böyük sosial infrastruktur layihələr icra edilmişdir. Füzuli rayonunda icra edilən layihələr bizim həm niyyətimizi, həm də potensialımızı göstərir. Cəmi 8 ay ərzində Füzuli Beynəlxalq Hava limanı inşa edilib. Bu hava limanı Qarabağın qapısıdır. Demək olar ki, Füzuliyə həyat qayıdır və qayıdacaq. Əminik ki, Cənab Prezident İlham Əliyevin fədakarlığı sayəsində qısa müddət ərzində Füzuli şəhəri də, rayonun kəndləri də çiçəklənəcək, keçmiş köçkünlər tezliklə öz doğma torpaqlarına qayıdacaqlar.​

Fərhad Gülməmmədov,

Xocalı şəhər 2 saylı tam orta məktəbin müəllimi

Paylaşın:

Kosalar kənd mədəni - maarif işçiləri şəhid Əlizamin Ramazanlının ailəsini ziyarət ediblər

  

        Xocalı rayon Kosalar kənd Mədəniyyət Evinin, Yaloba kənd Tarix-Diyarşünaslıq muzeyinin, Xocalı rayon MKS-in Kosalar, Yaloba, Cavadlar kənd filiallarının və Yaloba, Başkənd, Cavadlar kənd klublarının işçiləri tərəfindən Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının kəşfiyyatçı giziri, Vətən Müharibəsi şəhidi Əlizamin Ramazanlının Bərdə rayonu Şirvanlı kənd qəbiristanlığında məzarı ziyarət edilərək, şəhidimizin məzarı üstünə gül dəstələri düzülüb, ruhuna dualar oxunub. 

        Əslən Xocalı rayon Kosalar kəndindən olan “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif edilmiş şəhidimizin ailəsi ilə görüş zamanı Rəşadətli Ordumuzun, igid hərbçilərimizin 44 günlük Vətən müharibəsində göstərdikləri qəhrəmanlıqlardan danışılıb və Vətən torpağı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsinin hər zaman xalqımızın qəlbində əbədi olaraq qalacağı bildirilib.

Paylaşın:

Azad edilmiş bütün torpaqlarda həyat bərpa olunacaq, sakinlər öz doğma ocaqlarına qayıdacaqlar

        ​ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva oktyabrın 17-də Füzuli rayon içtimaiyyətinin nümayəndələri ilə görüşüb, Memorial Kompleksin və şəhərin bərpasının təməl daşını qoyublar. Cənab Prezident İlham Əliyevin çıxış edərək Fizuliləri salamlayıb və Füzuliyə xoş gəlmisiniz deyirəm. Bu gün Füzulinin işğaldan azad olunmasının birinci ildönümü qeyd edirik. Düz bir il bundan əvvəl şanlı Azərbaycan ordusu Füzuli şəhərini işğalçılardan azad edib, Azərbaycan bayrağı qaldırıb və beləliklə uzun fasilədən sonra 17 ildən sonara bizim böyük şəhərimiz Füzuli İşğaldan azad edildi. Qarabağ müharibəsində şəhid olmuş Azərbaycan ordusunun igid, mərd, qəhrəman oğullarımızın qanı, canı bahasına zəfər çalıb bayrağımızı uca zirvələrdə dalğalandırdılar.

        ​ ​ Azərbaycan xalqının böyüklüyünü, əzimkarlığını bir daha göstərdi. Düşmən gördü ki, bizim qabağımızda dura bilməyəcək. Cənab Prezidentimiz bildirdi ki, mən Azərbaycan xalqına dəfələrlə müraciət edərək və keçmiş köçkünlərlə görüşlər əsasında deyirdim ki, nəyin bahasına olursa olsun torpaqlarımızı azad etməliyik. Artıq biz bu istəyimizə qəhrəman oğullarımızın, güclü ordumuzun sayəsində nail olduq. Düşmənlər Füzulidə daşı-daş üstə qoymayıblar, bir dənə salamat kənd qalmayıb. Biz Füzuli şəhərini və Füzuli rayonunu kəndlərini bərpa edəcəyik. Azad edilmiş bütün torpaqlarda həyat bərpa olunacaq, sakinlər öz doğma ocaqlarına qayıdacaqlar. Cəmi 8 ay ərzində Füzuli Beynəlxalq Hava Limanı inşa edilib. Füzuli Beynəlxalq Hava Limanı Qarabağın hava qapısıdır. Artıq Füzuli şəhərinin baş planı hazırdır. Bu gün biz hamımız bu lahiyə ilə tanış olmuşuq.

        ​ ​ Cənab Prezident çıxışında bildirib ki, artıq Füzuliyə həyat qayıdır və qayıdacaq. Əminəm ki, qısa müddət ərzində Füzuli şəhəri və ətraf kəndləri çiçəklənəcək.

        ​ ​ Müharibə artıq tarixdə qaldı, Dağlıq Qarabağ münaqişəsi də tarxdə qaldı, biz gələcəyə baxmalıyıq. Bu gün biz gələcəyi yaradırıq. Sakinlər çıxış edərək cənab Prezidentə öz dərin minnətdarlıqlarını bildirdilər. Sakinlər bildirdilər ki, 27 illik erməni işğalına son qoyuldu. Bütün bunlar, möhtərəm Prezident sizin heç də hər bir dövlət başçısına, siyasətçisinə qismət olmayan siyasi təmkinimiz, beynəlxalq arenada böyük nüfuzumuz və təbii ki hərb meydanında qəbul etdiyiniz cəsarətli qərarlar sayəsində mümkün oldu.

        ​ ​ ​ Möhtərəm Prezident, Ümumi Liderimizin ən böyük arzusu işğaldan azad olunması və ərazi bütövlüyümüzün bərpası idi. Füzuli şəhərini işğaldan azad edən gənclər Ümummilli Liderimiz Heydər Əliyev məktəbinin davamçıları və sizin adarəçiliyimizin yetirmələridir.Sakinlər çıxış edərək cənab Prezident Füzuli sakinləri hər zaman sizi Prezident və Ali Baş Komandan olaraq dəstəkləyib və sizin rəhbərliyinizlə torpaqlarımızın işğaldan azad olunacağına inanıblar. Bu gün xöşbəxtik ki, biz məğlub xalqdan qalib xalqa çevirdik. Füzuli sakinləri hər zaman möhtərəm Prezident, sizin eyni zamanda, çox hörmətli Mehriban xanımın diqqətini və qayğısını hiss edib qiymətləndirilmişik. Biz hər zaman cənab Prezidentimizlə Qəhrəman, igid, mərd oğullarımızla, çox güclü ordumuzla fəxr edəcəyik.

​Vüsalə Mirzəyeva,

Xocalı rayon ziyalısı

Paylaşın:

Prezident İlham Əliyev: “Mən Azərbaycanı, onun suverenliyini, müstəqilliyini, seçimini ömrümün sonuna qədər müdafiə edəcəyəm”

 


 Prezident Cənab İlham Əliyev Oktyabrın 7-də İtaliyanın “La Respublica” qəzetinə müsahibəsində bəzi yadda qalan siyasi məqamlara toxunmuşdur.

İkinci Qarabağ müharibəsində Azərbaycan xalqının Prezident Cənab İlham Əliyevin və Azərbaycan əsgərinin sayəsində qazandığı Zəfər ölkəmizin dünyanın siyasi fikir mərkəzlərinin, dünyanın ən nüfuzlu informasiya agentliklərinin diqqətini cəlb etmişdir.

Prezident Cənab İlham Əliyev İtaliyanın nüfuzlu “ La Respublika” qəzetinə müsahibə təqdim edərkən bu müsahibədə Prezident Cənab İlham Əliyev olduqca diqqəti cəlb edən məqamlara toxunmuşdur.

Prezident Cənab İlham Əliyev müsahibəsində bildirmişdir ki, “Təqribən bir ildir ki, müharibə başa çatıb və Rusiya sülhməramlıları Azərbaycanda bizim Qarabağ bölgəsinə yerləşib. Bu müddət ərzində bəzi xırda insidentlər istisna olmaqla vəziyyət sabitdir və ümumən biz bundan razıyıq. Əlbəttə, həllini gözləyən bəzi məsələlər qalmaqdadır".

Həmçinin bu müsahibədə Azərbaycan dövlətinə daim dost və tərəfdaş olan İtaliya dövləti ilə əlaqələrin olması bizim öz seçimimizin olduğunu Prezident İlham Əliyev qeyd etmişdir.

Prezident Cənab İlham Əliyev qeyd etmişdir ki “ İtaliya bu işlərə cəlb edilən ilk ölkələrdəndir. İlk ölkə Türkiyədir, ikincisi isə İtalıyadır. Bu təsadüfi deyil.Bu bizim seçimimiz idi. Mən demişdim ki, biz Böyük Qayıdışla bağlı yenidən qurma lahiyələrinə yalnız dost ölkələrdən olan şirkətləri dəvət edəcəyik. Bir neçə İtaliyan şirkəti artıq müxtəlif lahiyələrdə, o cümlədən Zəfər muzeylərinin, Memorial muzeylərin və İşğal muzeylərinin yaradılmasında iştirak edir “.

Regionda baş verən siyasi prosessləri tam peşəkarlıqla analiz edərək mövqeyini bildirən Dövlət Başçımız, kənadrdan bizə qarşı qarayaxma aparmağa cəhd edənləri kəskin tənqid edərək burada qətiyyətlə Prezident İ.Əliyev açıqlam verir ki, “Heç bir digər ölkə Azərbaycanın qərarlarına təsir edə bilməz və ya buna çalışmalı deyil.Qərarlar burada - Bakıda Azərbaycanın milli maraqları əsasında mənim tərəfindən verilir “.

Həmişə olduğu kimi müdrikliyi uzaqgörənliyi ilə seçilən siyasi ənənələrə sadiq Prezident Cənab İlham Əliyevin müsahibəsi 44 günlük Vətən müharibəsindən ötən bir il ərzində regionda baş verən siyasi hadisələrə Azərbaycan xalqının milli maraqlarını müdafiə edərək siyasi iradəsinə hər zaman olduğu kimi sadiq qalaraq açıq aşkar Prezident Cənab İlham Əliyev öz mövqeyini bildirir “Biz Azərbaycanda çox işlər görürük . Əlbəttə ki, bunlar Qərbdə bəzi insanların xoşuna gəlmir. Onlar bizi ittiham etmək istəyirlər.İstəyirlər ki, biz onlara tabe olaq. Bizi iradələrinə tabe etmək istəyirlər. Mən isə deyirəm : Yox ! Mən Azərbaycanı, onun suverenliyini, müstəqilliyini, seçimini ömrümün sonuna qədər müdafiə edəcəyəm.Bütün həmin çirkin hekayələrin isə mənim və Azərbaycan xalqı üçün heç bir mənası yoxdur “.

Həqiqətən səmimiyyətlə gerçəklikləri bildirən Prezident Cənab İlham Əliyev müsahibədə suallara dolğun cavab verərək , bu gün Ölkəmizdə görülən, görüləcək işlərdən söz açaraq , dünyada nüfuzlu bir qəzetə yadda qalan bir müsahibə təqdim etmişdir. 

Aydın Əliyev,     

Xocalı rayon Qaragav kənd sakini

                       


Paylaşın:

Tarixin daha bir saxlanc və güman yeri...

       Yaloba kənd Tarix-Diyarşünaslıq Muzeyi həm də yer üzündən silinən Xocalının müsibətlərini unudulmağa qoymur. Hazırda ölkəmizdə 201 muzey fəaliyyət göstərir. Bunlardan 14-ü incəsənət, 7-si ədəbiyyat, 12-si tarix, 68-i tarix-diyarşünaslıq, 5-i döyüş şöhrəti, 43-ü ev, 52-si Heydər Əliyev muzeyləridir. Eyni zamanda Milli Elmlər Akademiyası sistemində, digər nazirlik və təşkilatların nəzdində də müxtəlif profilli və şəxsi muzeylər  var. Təəssüf ki, ölkəmizdə mövcud muzeylərdən 22-si Ermənistan silahlı birləşmələrinin ərazilərimizi işğal etməsi nəticəsində darmadağın edilib, eksponatları məhv olunub, yaxud təcavüzkar ölkəyə daşınıb. Ümumiyyətlə, işğal olunmuş ərazilərdə 762 mədəniyyət abidəsi və 1431 mədəniyyət müəssisəsi qalıb. İşğalçılar 22 muzeyi, 4 rəsm qalereyasını tamamilə məhv edib. 1988-ci ildən başlayaraq erməni təcavüzü nəticəsində 100 mindən artıq əşyanın toplandığı 22 muzey işğal olunmuş ərazidə qalıb. Qarət edilmiş muzeylərdə Azərbaycan xalqının tarixi və mədəniyyəti ilə bağlı qiymətli əşyalar, rəsm və heykəltəraşlıq əsərləri, dünya şöhrətli xalçalarımız, xalça məmulatları, Azərbaycanın görkəmli şəxsiyyətlərinin xatirə əşyaları və digər eksponatlar toplanmışdı. Əlbəttə, Ermənistanın təcavüzünə məruz qalan, illərlə tapdalanan, maddi-mədəniyyət, dini, tarixi abidələri saxtalaşdırılan ərazilərimizdəki rayonlarımızın, zamanın hansı dönəmində olursa-olsun, öz doğma sakinlərinə qayıdacağına əmin idik. Təəssüf ki, bu ərazilərdə olan maddi-mədəniyyət nümunələrimizin salamat qalacağına, o qədər də ina-mımız qalmamışdı. Bu gün işğaldan azad edilmiş rayonlarımızda ürək ağrısı ilə seyr etdiyimiz mənzərə həmin düşüncələrimizi təsdiq etdi. Hər bir xalqın həyatında elə hadisələr, dönüş nöqtəsi olur ki, bunlar onun müqəddərratını tamamilə kökündən dəyişdirir, tarixində yeni dövr və mərhələ açır. 2020-ci ilin 27 sentyabrından başlayan 44 günlük Vətən müharibəsində qazandığımız qələbə həmin yeni dövrün başlanğıcını qoydu. Qarabağ həsrətinə son qoyulması xalqımızı əbədi səadətə qovuşdurdu, ölkəmizdə mədəni tərəqqi üçün yeni imkanlar açıldı. Bütün bu nailiyyətlər xalqla dövlətin və ordunun bir yumruq kimi birləşməsinin, dövlət başçısının möhkəm iradəsinin dönmədən həyata keçirdiyi daxili və xarici siyasətinin ən parlaq təzahürü, ən gözəl bəhrəsidir. Artıq işğaldan azad olunmuş rayonlarda bərpa işlərinə başlanması, mədəniyyət ocaqlarının, xüsusən muzeylərin öz doğma ünvanlarında fəaliyyətini bərpa etməsi, yenilərinin açılması, Qarabağda bütün sahələrdə olduğu kimi, turizmin inkişafı üçün də bir başlanğıc olacaq. "Qarabağ Azərbaycandır!” - bəyanatının Soçidən Xudafərinədək şərəfli taleyi, Zəfər yolu oldu. Azərbaycan Orusunun Müzəffər Ali Baş Komandanı İlham Əliyev bu ifadəni səsləndirdikdən 13 ay sonra onun  qalib əsgəri bu milli şüarı bütün işğaldan azad edilmiş torpaqlarımızda təkrarladı. Biz də  Milli Azərbaycan Ta-rixi Muzeyində 2017-ci ildən bu günə kimi fəaliyyət göstərən “Gənc muzeyşünaslar və muzeysevərlər klubu” olaraq, “Yolumuz Qarabağadır! Qarabağ Azərbaycandır!” devizi ilə yolumuzu işğala məruz  qalan, 30 ilə yaxın müddətdə məcburi köçkün həyatı yaşamağa məhkum olan tarix-diyarşünaslıq muzeylərindən saldıq. “Yolumuz Qarabağadır! Qarabağ Azərbaycandır!” deyərək ilk səfərimiz, əslində, ziyarətimiz Xo-calı rayonunun Yaloba kənd Tarix-Diyarşünaslıq Muzeyindən başladı. Qeyd edim ki, Xocalı şəhərində "Yaloba kənd Tarix-Diyarşünaslıq Muzeyi"nin fəaliyyətə başlaması 1991-ci ilin  aprel tarixinə  təsadüf edib. Daha dəqiq desək, Mədəniyyət Nazirliyinin 19 aprel 1991-ci il tarixli əmri ilə yaradılıb. 1992-ci ilin 26 fevral tarixində baş vermiş Xocalı qətliamı nəticəsində Xocalı şəhərinin yer üzündən silinməsi, cəmi bir il öncə yaranmış muzeyində məhvinə səbəb oldu! Əfsuslar olsun ki, 1992-ci il may ayının 9-da er-mənilərin Xocalı rayonunun Kosalar kəndinə hücumu zamanı muzeyin bütün eksponatları işğal zonasında qalıb. Kənd işğal edilməmişdən əvvəl muzeydə 800 adda 1500 ədəd qiymətli eksponat olub. Qarabağın tarixini əks etdirən qədim xalçalar, kilimlər və başqa çoxlu sayda toxuculuq əşyaları, saxsı və geramikadan hazırlanmış maddi-məişət əşyaları, Şuşa rəssamlarının yağlı boyalarla çəkdikləri rəsm əsərləri, mədəniyyət xadimlərinin portretləri, qədim kənd təsərrüfatı alətləri muzeydə yer almışdı. Məcburi köçkün düşəndən sonra muzey  öncə Gəncə şəhəri Kəpəz rayonunun Hacıkənd qəsəbəsində məskunlaşmışdı. Hazırda isə 2014-cü ilin dekabr ayından Gəncə şəhəri yaxınlığında xocalılar üçün salınmış qəsəbədə fəaliyyətini davam etdirir. Muzey 1 mərtəbəli binada, ümumi sahəsi 79 m² olan 4 otaqda yerləşir. Onu da qeyd etmək lazımdır ki,  Xocalı işğal olunduqdan sonra eksponatların alınması üçün böyük vəsait olmamasına baxmayaraq, müzeyin direktoru Tofiq Məmmədovun fədakar əməyi nəticəsində xeyli tarixi, etnoqrafik əşyalar, məişət və kənd təsərrüfatı alətləri toplanaraq fond zənginləşdirilib. O zamanlar, Ağdam-Şuşa yolunda yaranan gərgin vəziyyət, gediş-gəlişin çətinləşməsinə baxmayaraq, Tofiq Məmmədov müharibənin qızğın vaxtlarında böyük səylə müzeyin təşkili ilə məşğul olub. Əllbəttə, o dönəmlərdə  eksponatları toplayaraq bir araya gətirmək və şöbələr üzrə təşkil etmək asan deyildi. Bunlardan başqa, həm də erməni terrorunun, hücumlarının tüğyan etdiyi həmin vaxtlarda, maddi-mədəniyyət nümunələrimizin toplanması və bizim hansı mədəniyyətə sahib olduğumuzu subut etmək torpaqlarımızı qorumaq qədər şərəfli bir iş idi. Deyə bilərik ki, artıq Qarabağın qədim tarixini əks etdirən çoxlu sayda eksponantlar toplanaraq muzeyin fonduna daxil edilib. Ümumilikdə muzeydə 1200 ədəd müxtəlif növ eksponatlar vardır. Bunlardan 70-i maddi-məişət əşyaları, Heydər Əliyev bölməsi, Şəhidlərlə bağlı bölmə, Milli qəhrəmanlarla bağlı bölmə, Müstəqilliklə bağlı bölmə, 50 ədəd müxtəlif növ qəzetlər və 40 ədəd kitablar vardır. Demək olar ki, il ərzində orta hesabla muzeyi 2600 nəfərdən çox insan ziyarət edir.  Etiraf edim ki, muzey yer üzündən silinmiş bir şəhərin tarixini, mədəniyyətini, adət-ənənələrini və başına gətirilmiş bütün fəlakətləri özündə ehtiva edir. Ekspozisiyada yaradılan bu mənzərə gənc nəsildə Vətənə məhəbbət, düşmənə nifrət hissini daha da alovlandırır. Mən deyərdim ki, bəlkə də muzey yeganə müəssisədir ki, insan ora daxil olarkən bütün hissləri sevinc, kədər, qürur hətta təəssüf hisslərini də yaşayır. Məhz Xocalı rayon Yaloba kənd Tarix - Diyarşünaslıq Muzeyi, o muzeylərdən oldu ki, biz orada bütün hissləri yaşadıq. Əminik ki, bu missiya son olaraq da Xocalı rayon Yaloba Kənd Tarix-Diyarşünaslıq Muzeyinin öz doğma ünvanında - Yaloba kəndində bərpasından sonra oranı ziyarət etməklə başa çatacaq. Artıq Qarabağı görməyən, onun sehrinə düşməyən insanlar bu torpağın təbii sərvəti, coğrafi mövqeyi, başına gətirilən müsibətləri, işğaldan xilas edilmiş rayonlarda yenidən bərpa edilmiş və yeni yaradılan muzeylərinin ekspozisiyasında ziyarət edəcəklər. 30 illik Qarabağ tarixi bütün muzeylərimizin ekspozisiyasında, o cümlədən işğaldan azad edilmiş rayonlarda yaradılması vacib olan “İşğal muzeyi”ndə əks etdirilməlidir.

Sahibə ƏLƏKBƏROVA,

Milli Azərbaycan Tarixi Muzeyinin

 İnnovasiyalar və təhsil   proqramları şöbəsinin elmi işçisi







Paylaşın:

İkinci Qarabağ müharibəsində Qəhrəmanlar diyarı Qubadlının işğaldan azad etməklə sərhədlərmizin tam bərpasına nail olduq

 

      

        29  il gözü yolda qalan doğma  Qubadlı torpağına indi Qubadlılar  qədəm qoyub vətənin düşməndən   azad olunmasının sevincini yaşayırlar.

        Həm strateji baxımından həm də coğrafi mövqeyi baxımından  Qubadlı   rayonu Azərbaycan Resublikasının ən  qədim və qəhrəmanları ilə tanınan gözəl   bir  diyarıdır. Bir  tərəfdən  İran  İslam  respublikası ilə digərər  bir  tərəfdən  ermənistanla  sərhəddə  yerləşən  Qubadlının 1992-ci  ildə  ermənistanın  təcavüzkar dəstələrinin  işğal etməsi  o  zaman Qubadlıya  yaxın  ərazidə yerləşən Zəngilan, Cəbrayıl, Fizuli rayonlarınında  düşmən  tərəfdən  işğala  məruz  qoyması  ilə   nəticələnmişdir.

        Qubadlı  öz  qəhrəmanları  ilə   öyünən  diyar   olaraq   burada   ta  qədim  tarixdən  qəhrəmanlar  at  oynatmış  Azərbaycanın  əfsanəvi   qəhrəmanları   Qaçaq  Nəbi, Qaçaq   Kərəm  o  zamanlar   haq-ədalət  uğrunda   savaşmış,  Qubadlı   dağlarında  məskən  salaraq   əhalini  yağılardan   müdafiəsinə qalxmışlar.

        Məhz Birinci Qarabağ müharibəsində düşmənlə   üz-üzə döyüşən Qubadlılar  bir  neçə  ay   ermənistanın  hərbi   təcavüzkar dəstələrinə  qarşı döyüşərək vətənin  müdafiəsi  uğrunda  canlarını  şəhid  etmişdirlər.  Elə  bu  qəhrəman  oğulların  sayəsində   Qubadlıların  düşmənə  əsir düşməməsi  üçün  əhali  arasında  ölüm  sayının  az  olmasına  səbəb  olmuşdur. Birinci  Qarabağ   müharibəsində   öz  qəhrəmanlığı    şücayəti ilə dillərdə dastan  olan  Qubadlının  qəhrəman  Şəhidi   Əliyar  Əliyevdə  o vaxtlar düşmənə   qorxu   bəxş  edən,  əfsanəvi Milli Qəhrəmanlardan  biri  olmuşdur.

        İşğalda  qalan  rayonların  sakinləri  kimi   Qubadlı  rayonundan  olan  məcburi  köçkünlərdə illərlə Qubadlıdan  ayrı düşmək taleyi  ilə   barışmağa  məcbur  olaraq   29  il Ölkəmizin müxtəlif  ərazilərində qaçqın  həyatı    yaşasalarda   amma  doğma  vətənləri   Qubadlını   heç  zaman  yaddan  çıxarmadılar.

Təcavüzkar  ermənistanın  regionda  hərbi   və təcavüz  həmlələri Azərbaycan  xalqının səbrini hər gün daşırır  ,  sərhəddə  düşmənin  təxribat  hərəkətləri  bitib-tükənmirdi. 2016-cı  ildə  Aprel  ayında   ermənistanın   terrorçu   dəstələri   iri  çaplı   silahlardan  Tovuz  rayonu   istiqamətində  hücuma  keçməsi,  Azərbaycan  Respublikasının   Silahlı   Qüvvələri  bu  hücumun  qarşısını   alaraq  düşmən  tərəfi   tamamilə   susduraraq   düşməni  ərazilərmizdən  bir  qədərdə  geri  çəkilməyə   məcbur  etmişdir. Aprel   döyüşlərində   əsl  hərbiçi   olaraq   əslən  Qubadlıdan  olan  palkovnik  Şükür  Həmidov    Aprel  döyüşlərində  Lələtəpə   yüksəkliyinin, Tərtər   rayonun  Talış  istiqamətində  gedən  döyüşlərdə  Ermənistanın  yüzlərlə  əsgərini   məhv  edərək    hərbi   baxımdan   vacib  yüksəkliklərin  alınmasında  Şükür  Həmidov   böyük   şücaiyəti  ilə   seçilmişdir. Şükür  Həmidovla  çiyin-çiyinə   daim  Qubadlı   həsrəti  ilə   yaşayan  hərbi   sirrləri  dərindən  bilən   Mayıs Bərxudarov  Aprel  döyüşlərində   düşmənə  ağır  zərbələr   endirən   hərbiçilərmiz  olmuşdur.

Daim  Azərbaycan  əsgərinə  qayğı  ilə   yanaşan  Ali  Baş  Komandan  Prezident  Cənab  İlham  Əliyev  əslən  Qubadlıdan  olan  Aprel  döyüşündə   qəhrəmanlığı  ilə yadda  qalan  Şükür  Həmidova  Azərbaycanın  Milli  Qəhrəmanı  adına  layiq   görmüşdür. Lələ  təpə  yüksəkliyinin  alınmasında   fəal  iştirak  edən  Mayis  Bərxudarov  isə  Ali Baş  Komandanın  sərəncamına  əsasən  General-mayor rütbəsinə  yüksəldilmişdir.

Əlbəttə,  Vətən  hamımız  üçün  əzizdir ,  amma  Qubadlılar  üçün  Qubadlı   həsrəti  torpağa  olan sevgi onların  arasından  qəhrəman  oğullar  yetişdirib  düşməndən   qisas  alacağı    günün  yaxında  olduğuna  böyük  inam  yaratmışdır.

     27 Sentyabrda Ali Baş Komandan  Prezident  Cənab  İlham  Əliyevin  işğalda  qalan  torpaqlarmızdan  Ermənistanın  terrorçu   dəstələrinin  çıxarılması  ilə əlaqədar  verilən  əmr   İkinci  Qarabağ  müharibəsinin  başlanmasında  Qubadlının  vətənpərvər  oğullarıda   Vətən  müharibəsində  öndə   döyüşə  gedən  oğullardan  olmuşdur. Həmişə   Qubadlını   görmədən  ölməyəcəm  deyən  uşaq  ikən  bu  doğma   yurddan  didərgin  düşmüş   Azərbaycan  Ordusunun  sıralarında  44  günlük  vətən  müharibəsində   düşməni   məhv  edərək   Azərbaycan  əsgərinin   döyüş  ruhunu   əzmini   mətinləşdirən  əslən  Qubadlıdan  olan  Azərbaycanın  Milli  Qəhrəmanı   polklovnik  Şükür  Həmidovda   Qubadlının  azad  olunması   uğrunda   Şəhidlik   zirvəsinə   ucalan  qəhrəman  oğullardan  oldu.Qubadlı  torpağına   ayaq  basaraq   üç  rəngli   ay  ulduzlu   bayrağımızı  Qubadlı   yaxınlığında   zirvəyə sancan  Milli   Qəhrəman  Şükür  Həmidov  düşmən  gülləsinə   tuş  gələrək   vətən  uğrunda   şəhidlik  məramına  ucalmışdır.

Prezident  Cənab  İlham Əliyev və  Birinci  xanım Mehriban  xanım Əliyeva  ilk dəfə işğaldan azad  olunmuş  Qubadlı   rayonuna  səfər  edərək burada düşməninin  dağıdıb  viran  etdiyi   Qubadlı  rayonunu   və  kəndlərini  gəzərək   çəkiliş  vasitəsilə   təcavüzkar  Ermənistanın  viran  etdiyi   Qubadlını  dünyaya  və  Azərbaycan  xalqına   göstərdilər. 2020-ci  il   23  dekabr   tarixində  Prezident Cənab  İlham  Əliyev  Qubadlı  rayonunda  səfərdə  olarkən  Azərbaycanın  üç  rəngli   bayrağını qeyd  etmişdir  “Qubadlının  işğaldan  azad   edilməsi   tarixi   hadisədir. Qubadlı  şəhərinin  azad  edilməsi   böyük    Qələbəni  yaxınlaşdırdı. Qubadlı   uğrunda   şddətli   döyüşlər gedib,  Azərbaycan Şəhidlər  verib  . Onların  arasında   Qubadlı  rayonundan  olan,  Milli Qəhrəman  Şükür  Həmidov  kimi   öz  doğma  diyarı   uğrunda   gedən  döyüşlərdə   qəhrəmancasına həlak   olmuş  igidlərin  adını  çəkmək  olar  “.

      İndi digər rayonlarmız kimi Qubadlı rayonuda azaddır. İndi əslən Qubadlıdan olan uyuyan Milli Qəhrəmanlarmız   Şəhid  Əliyar  Əliyevin,  Şəhid  Şükür  Həmidovun  ruhu  şaddır.

İnanıram ki, tezliklə Qubadlılar da illərlə  mənəvi    və  fiziki   əzaba  düçar  olmasına   baxmayaraq    tezliklə   Qubadlıya  Böyük  Qayıdış  başlayacaq, Qubadlılar    Dövlətimizin  Prezident  Cənab  İlham  Əliyevin  sayəsində  yenidən  dirçəldiləcəkdir.

Allah  Şəhidlərmizə  rəhmət  eləsin !

Aydın Əliyev, 

Xocalı rayon Qaragav kənd sakini

           

Paylaşın:

Prezident İlham Əliyev Müstəqil Dövlətlər Birliyi Dövlət Başçıları şurasının videokonfransında korona virusa qarşı mübarizədə respublikamızda görülən tədbirlər haqqında məlumat verdi

         15 oktyabr 2021-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev Müstəqil Dövlətlər Birliyi Dövlət Başçıları şurasının videokonfrans şəklində keçirilən görüşündə iştirak etmişdir. Çıxış edənlər əsasən karonavirusa qarşı mübarizə tədbirlərindən danışdı. Iclas başçılıq edən Özbəkistan prezidenti Şavkat Mirzoyev Azərbaycan respublikasının prezidenti İlham Əliyevə söz verdi.

        Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev pandemiya dövründə korona virusa qarşı mübarizədə respublikamızda mövcud xəstəxanalarla bərabər modul tipli xəstəxanaların da təşkil edildiyini və əhalinin sağlamlığının qayğısına qalındığını qeyd etdi. Eyni ilə Azərbaycan bu bəla ilə mübarizədə lazım olan köməkdarlığı başqa dost dövlətlərdən də əsirgəmədiyini qeyd etdi. Müzəffər Ali Baş Komandan Qarabağ məsələsinə toxunaraq 30 ilə yaxın bir dövrdə münaqişənin həllinin ləngidiyini, lakin Azərbaycan öz gücünə beynəlxalq qanunlara əsaslanaraq bu münaqişəni həll etdi. 27 sentyabr 2020-ci il tarixdə ermənilərin Azərbaycan ərazilərinə hücumunun qarşısını almaq üçün Azərbaycan silahlı qüvvələri əks hücuma keçərək işğalçıları öz torpaqlarımızdan çıxarmağa müvəffəq oldu. Nəticədə ermənistan 10 noyabr 2020-ci il tarixdə kapitulyasiya aktına imza atmağa məcbur oldu. Həmin ərazilərdə erməni vandalları kəndlərimizi, şəhərlərimizi, tarixi-dini abidələrimizi, məzarlıqlarımızı talan etmişlər.Hal – hazırda Azərbauycan hökuməti işğaldan azad olunmuş ərazilərin bərpası ilə məşğuldur. Biz Azərbaycanın işğaldan azad olunmuş ərazilərini əhalinin firavanlığı üçün müasir dövrün tələblərinə uyğun dirçəldəcəyik.

​Günel Cavadova, ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​  

Xocalı şəhər 1 saylı tam orta məktəbin müəllimi

Paylaşın:

Ölkə Başçımız Qoşulmama Hərəkatının ölkələrin ərazi bütövlüyünün pozulmasının yolverilməz olduğunu vurğuladı

 

    11 oktyabr 2021-ci il tarixdə Qoşulmama Hərəkatının 60 illiyinə həsr edilmiş toplantı Serbiyanın paytaxtı Belqradda işinə başladı. Həmin toplantıda İlham Əliyev cənabları videoformatda çıxış etdi.Azərbaycan Respublikasının Prezidenti Qoşulmama Hərəkatının sədri olaraq tədbirin rəsmi hissəsinə sədrlik etdi. Qoşulmama Hərəkatının yüksək səviyyəli toplantısına ev sahibliyi etdiyinə görə İlham Əliyev cənabları Serbiyanin prezidenti cənab Aleksandr Vuviçə minnətdarlığını bildirdi. Dövlət Başçısı bildirdi ki, 1961-ci ildən indiyənədək Qoşulmama Hərəkatı qlobal sülh ,həmrəylik, ədalət naminə fəaliyyət göstərmiş, eləcə də BMT Baş Assambleyasından sonra ikinci ən böyük təsisat olan Qoşulmama Hərəkatı müxtəlif 120 ölkəni özündə birləşdirərək , daha ədalətlə yanaşma tərzinə malik olmuşdur. Bu təsisatın dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə hörmətlə yanaşdığını diqqətə çatdırdı. İlham Əliyev cənabları çıxışında vurğuladı ki, Qoşulmama Hərəkatı Banduq prinsipləri ilə hərəkət edir və əgər bütün ölkələr bu prinsiplərə riayət etsəydilər, dünyada müharibələr və münaqişələr görməzdik.

   Daha sonra Ölkə Başçımız ölkələrin ərazi bütövlüyünün pozulmasının yolverilməz olduğunu söyləyərək
Azərbaycanın bütün ölkələrin ərazilərinə hörmətlə yanaşdığını vurğuladı. Azərbaycan 2011- ci ildən Qoşulmama Hərəkatının ailəsinə daxil oldu və 2016-cı ildə Qoşulmama Hərəkatının liderlərinin yekdil səsi ilə Azərbaycan 2019-2021-ci illər üçün Qoşulmama Hərəkatının sədri seçildi.

    İlham Əliyev cənabları bildirdi ki, 2020-ci ildən indiyədək COVİD -19 pandemiyasının dövründə Azərbaycan Qoşulmama Hərəkatında sədrliyinə məsuliyyətlə yanaşmış, pandemiyanın çətinliklərinin qarşısının alınması üşün bir sira təşəbbüslər irəli sürmüşdür.

    İlham Əliyev cənabları söylədi : " Bİz 2020-ci ilin may ayında Qoşulmama Hərəkatının dövlət və hökumət başçıları səviyyəsində onlayn Zirvə Toplantısının keçirilməsi təşəbbüsünü irəli sürmüş və onu təşkil etmişik. Zirvə Toplantısının praktiki nəticəsi olaraq Qoşulmama Hərəkatına üzv dövlətlərin əsas humanitar və tibbi ehtiyaclarını əhatə edən məlumat bazası yaradılmışdır. "Dövlət başçısını bu təklifi daha sonra 150-dən şox öklənin dəstəyi ilə nəticələnmişdir.

    Azərbaycanın könüllü olaraq pandemiya ilə mübarizədə 10 milyon ABŞ dollları həcmində Ümumdünya Səhiyyə Təşkilatına yardim etdiyi, bu məbləğin yarısının Qoşulmama Hərəkatının üzvlərinə edildiyini söyləyən İlham Əliyev cənabları Azərbaycanın 30-dan şox ölkəyə humanitar və maliyyə yardımi etməsini vurğulaması ölkəmizin qüdrətindən xəbər verir. İlham Əliyev cənabları təəssüf hissi ilə qeyd etdi ki, beynəlxalq hüqüq normaları və beynəlxalq təşkilatların qərarlarında ikili standartlar nümayiş olunur ki, bu da münaqişələrə mənfi təsir göstərir. Azərbaycan da 30 il bu cür halla qarşılaşırdı. Ermənistan bu ikili standartlardan istifadə edərək Azərbaycanın 20 faiz torpaqlarını işğal altında saxlaya bildi. Azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti yürüdən ermənilərin Xocalı faciəsini törədərək yüzlərlə mülki şəxsi, o cümlədən 106 qadın və 63 uşağı qətlə yetirdiklərini toplantı iştirakçılarının diqqətinə çatdırdı. Prezident çıxışında 1 milyon insanın hüquqlarının ermənilər tərəfindən pozulduğunu bildirdi. BMT- nin 4 qətnaməsini rədd edən Ermənistana isə heç bir sanksiya tətbiq olunmadı, təcavüzkar dövlətlə işğala məruz qalan dövlət arasında fərq qoyulmadığını bildirdi. Dövlət Başçımız Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərindəki mülki binalarına, tarixi və dini abidələrə vəhşiliklə yanaşdığını, dağıntılara məruz qoyduğunu bildirdi.

   İlham Əliyev cənabları bildirdi ki, Ermənistan daha çox ərazi işğal etmək üçün 2020-ci il sentyabrın 27-də Azərbaycana qarşı yenidən genişmiqyaslı hücuma keçdi. Azərbaycan tərəfi əks-hücum nəticəsində işğal olunmuş torpaqlarını azad etməyə başladı. Azərbaycanın Şanlı Ordusu BMT-nin icra olunmayan 4 qətnaməsini 44 gün ərzində uğurla icra etdi.

   Azərbaycan Respublikasının Prezidenti nitqində söylədi: " Qoşulmama Hərəkatına üzv dövlətlər tərəfindən Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin daim dəstəklənməsini yüksək qiymətləndirdiyimizi vurğulamaq istərdik. Vətən müharibəsi zamanı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələrinə istinadın edilmədiyi birtərəfli mətbuat açəqlamasının qəbul edilməsinə imkan vermədilər. Bununla da həmin ölkələr Qoşulmama Hərəkatının sənədlərindən qaynaqlanan Hərəkatın prinsipial sadiqliyini nümayiş etdirdilər."

Sonda Prezidentimiz qeyd etdi ki, Qoşulmama Hərəkatına Azərbaycanın sədrliyinin 2023-cü ilin sonuna qədər uzadılmasına qərar verilmişdir. Verilən bu qərar Azərbaycanın Prezidenti İlham Əliyev cənablarının uğurlu sədrliyinin bariz nümunəsidir.

Şəhriyar Məmmədov,

Xocalı rayon Yaloba kənd tam orta məktəbinin çağırışaqədərki hazırlıq müəllimi 


Paylaşın:

Xocalılar Müstəqilliyin Bərpasının 30 illiyini qeyd etdilər

           18 Oktyabr - Müstəqilliyin Bərpası Günü Münasibətilə xocalıların kompakt şəkildə müvəqqəti məskunlaşdıqları Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində "Heydər Parkı"nda ucaldılmış Ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edilib. 

        Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov, idarə, müəssisə, təşkilat və hüquq-mühafizə orqanları rəhbərləri, ictimaiyyət nümayəndələri ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.

        Qeyd edək ki, otuz il əvvəl Azərbaycan Respublikası Ali Soveti Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul etdi. Oktyabrın 8-də işə başlayan növbədənkənar sessiya məsələni dörd gün müzakirə etsə də, qərar verməyi bir həftə sonraya saxladı. Nəhayət 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında bu sənəd qəbul edildi.

        Bu il oktyabrın 15-də Milli Məclis Prezident İlham Əliyevin təşəbbüsü ilə “Müstəqillik Günü haqqında” yeni Qanunu təsdiqlədi. Qanuna əsasən, mayın 28-i Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü elan olundu.























Paylaşın:

Vaksinasiya Sağlam Gələcək deməkdir

              2019-cu ilin sonlarında Çin Xalq Respublikasının Uahan şəhərində yayılmış xəstəlik yayılaraq coğrafiyanı genişləndirib pandemiyaya səbəb oldu. İlkin araşdırma və tətqiqatlar nəticəsində törədicisinin Covid-19 virusu olduğu müəyyənləşən “Karona virus” xəstəliyidir. Avropa ölkələri ilə bərabər bir neçə dövlətlərdə yayılmış xəsdəlik 2020-ci ilin fevralında ölkəmizdə 1 nəfərin yoluxması ilə aşkarlandı. Xəstəliyin sürətli yayılmasının, törətdiyi fəsadları və bu xəstəliyə qarşı ölkənin hazırlıqsız olduğunu nəzərə alaraq ölkə başçımız təcili təxirəsalınmaz tədbirlər haqqında sərəncam imzaladı. İlk növbədə ölkəyə giriş çıxış sərhədlərinin bağlanması, əhali arasında Covid-19 qarşı mübarizə ilə bağlı təlimlər keçirilməsi fərdi gigiyena vasitələrindən və sosial məsafədən isdifadə gündəmə gəldi. Cənab Prezidentin tapşırığı ilə ölkədə çarpayı sayının artırılması məqsədi ilə modul tipli xəstəxanaların quraşdırılmasına başlanıldı. Məhz bu görülən tədbirlər nəticəsi idi ki, dünyanı cənginə almış pandemiyada başqa dövlətlərə baxanda ölkəmiz həm ölum sayına görə həm də ki, yoluxma sayına görə aşağı yerlərdən birində dururdu. ÜST-nın tapşırığına və göstərişinə uyğun olaraq dünyada yayılmış pandemiyanın qarşısının almaq üçün fərdi tədbirlərlə bərabər əhali arasında vaksinasiyaya başlanıldı.

      44 günlük zəfər müharibəsindən yeni çıxmış ölkəmizin maddi vəziyyətindən aslı olmayaraq Ali Baş komandanımızın göstərişi ilə ölkə əhalisinin vaksinasiya olunmasına başlanıldı. 2021-ci il yanvarın 19-dan ölkəmizdə başlayan vaksinasiya prosesində ilk növbədə 65 yaş qrupundan yuxarı olan vətəndaşlarımız imtiyazlı qrupa aid olan xəstələr və tibb işçiləri cəlb edildilər. Dünyanın bir çox ölkələri vaksin ala bilmədiyi halda ölkə rəhbərimiz vaksinasiyanın yüksək kefiyyətlə aparılması üçün bir neçə ölkələrdən vaksin tədarük etdirərək vaksinasiyaya lazımi miqdarda vəsait ayırdı. Hal-hazırki dövrə qədər ölkəyə gətirilmiş 16 milyon dozadan çox vaksindən 8 milyon dozadan artığı 1 ci doza vaksinasiya və 2 ci doza revaksinasiya üçün isdifadə olunub. Vaksinasiyanın səmərəli aparılmasının nəticəsidir ki, dünya ölkələrində böyük problem yaratmiş pandemiya ölkəmizin əhalisi arasında yoluxma sayı  və ağırlaşma halları gündən günə minum səviyyəyə enir. Artıq ölkəmizdə 2-ci doza vaksinasiyadan 6 ay keçdiyinə görə (Buster)  dozanın tətbiqinə başlanıbdır.

    Tapşırığa uyğun olaraq ölkə əhalisinin Covid-19 xəstəliyi əleyhinə hər 2 doza vaksin almış bütün tibb işçilərinin, yaşı 50 dən yuxarı olan əhalinin və imun sistemi zəif olan şəxslərin 3-cü doza (Buster doza) ilə peyvəndlənmələrinin icrasına başlanılıb. Buster peyvəndin gücləndirici dozasıdır. O müxtəlif infeksiyalara qarşı vaksinasiyaya tətbiq olunur. Araşdırmalara gore peyvənddən sonra bir müddət qorunma səviyyəsi vaxt keçdikcə zəifləyə bilər. Bu barədə Səhiyyə Nazirliyi, İcbari Sığorta Üzrə Dövlət Agentliyi və TƏBİB-n birgə yaydığı məlumatında deyilir. Əvvəlki dozaların hansı vaksin olmasından aslı olmayaraq Busder dozanın seçimi hər bir şəxsin fərdi isdəyindən aslıdır. 3-cü dozadan sonra revaksinasiya məqsədi ilə 4-cü dozanın vurulmasıda məsləhət görülür. Səhiyyə kollektivi olaraq artıq xəsdəxanımızda Buster dozaya 1 ay öncə  start verilib və hətta 4-cü dozada tərbiq edilib. Millətimizin gələcəyini xalqımızın sağlamlığını dövlətimizin inkmişafını nəzərə alan hər bir şəxs öz sağlamlığını düşünməli pandemiya şəraitindən çıxaraq azad və rahat yaşamağımız üçün vaksin vurdurmalıdır. Dövlətimizn xalqımıza göstərdyi qayğıya cavab olaraq hər birimiz özümüzü ətrafımızı vaksinasiyaya cəlb edərək Birlikdə Güclü Olmağa Çalışmalıyıq!

 Aqil Məmmədov

 Xocalı RMX PHŞ-nın direktoru 

 

                                                                               

Paylaşın:

FÜZULİNIİN IŞĞALDAN AZAD OLUNMASININ TARİXİ ƏHƏMİYYƏTİ

         Artıq keşməkeşli və şanlı Azərbaycan tarixinə  qızıl hərflərlə yazılmış daha bir səhifə əlavə olunmuşdur. Həmin  səhifə Müzəffər  Azərbaycan ordusunun möhtəşəm qələbəsi ilə başa çatan 44 günlük Vətən müharibəsi səhifəsidir.                                  

Vaxtilə öz havadarlarının yaxından köməkliyi ilə Azərbaycan torpaqlarının 20 faizini işğal etmiş erməni faşistləri getdikcə daha da quduzlaşırdı. Artıq işğalın "yaşı" otuza çatırdı ki, bu zaman aralığı əsrin üçdə birinə bərabər idi. Torpaqları işğal altında inləyən Azərbaycanın səbir kasası dolmuş, necə deyərlər, bıçaq sümüyə dirənmişdi. Beynəlxalq qurumlar isə özlərinin  qəbul etdikləri qərara hörmət etmələrini faşist ermənilərdən tələb etmək əvəzinə onların bir növ nazı ilə oynayır və bu məsələ ilə bağlı bütün bəyanatlarında işğalda olan ərazilərin hərb yolu ilə həll edilməsinin mümkün olmadığını vurğulayaraq Azərbaycanı öz torpaqlarını güc vasitəsilə azad etməsi fikrindən daşındırmağa çalışırdı. Dünya birliyinin, beynəlxalq təşkilatların erməni quldur dəstələrinin Azərbaycan torpaqlarını   qeyd-şərtsiz  tərk etməsi haqqında qəbul etdikləri qərar və qətnamələri heçə sayan erməni faşist dövləti, nəinki işğala son qoyur, hətta dünya birliyinin bu astagəlliyindən ruhlanaraq yeni Azərbaycan ərazilərini işğal etmək niyyətində olduqlarını da gizlətmirdilər.                                   

Cəzasızlıq mühitindən ruhlanan quduzlaşmış erməni faşistləri 27 sentyabr 2020-ci il tarixdə bütün təmas xətti boyu yeni Azərbaycan ərazilərini işğal etmək məqsədilə ordumuzun mövqeləri üzərinə hücuma keçdilər. Düşmənə cavab verməyin heç bir alternativi olmadığı üçün ölkə Prezidenti-Ali Baş Komandan İlham Əliyev Müzəffər ordumuza vur əmri verdi. Vətən torpaqlarının düşmən tapdağı altında inləməsi ilə heç cür barışmayan, illərlə torpaqları mənfur düşməndən təmizləmək eşqi ilə alışıb yanan qəhrəman Azərbaycan oğulları bu anı çoxdan gözləyirdilər və ovunu gözləyən qartallar kimi düşmən üzərinə şığıdılar. Özünü yenilməz hesab edən erməni quldurları ordumuzun qəhrəmanlığı qarşısında çaşıb qaldılar və pərən-pərən düşdülər. Ordumuz bir-birinin ardınca torpaqlarımızı işğaldan  azad etməyə başladı.                                         

 Hər bir cəngin, hər bir müharibənin bir dönüş nöqtəsi, bir qırılma anı olur. Bu baxımdan Vətən  müharibəsində  Füzulinin işğaldan azad edilməsi böyük tarixi əhəmiyyətə malik  qırılma anlarından biri idi. Uzun illər ərazilərimizi işğal altında saxlayan düşmən xüsusilə Ağdam və Füzuli istiqamətində çox güclü müdafiə mövqeyləri və istehkamlar yaratmışdılar. Onlar Azərbaycan silahlı qüvvələrinin möhtəməl hücumlarını daim Ağdam və Füzuli  istiqamətlərindən gözləyirdilər. Azərbaycan ordusu isə birbaşa Füzuli şəhəri istiqamətində deyil, rayonun digər ərazisindən hücum edərək Cəbrayıl ərazisinə keçdi və oradan da Araz boyu hücumu davam etdirərək Füzuli şəhərinə daxil olmadan oktyabr ayının 4-də Cəbrayıl şəhərini İşğaldan azad etdi. Cəbrayılın işğaldan azad edilməsi ilə Azərbaycan bir növ düşmənin arxasına keçmiş oldu. Lakin, qeyd olunduğu kimi Füzuli istiqamətində düşmən çox güclü müdafiə səddinə malik idi. Bu müdafiə səddini yarmaq xüsusi peşəkarlıq və yüksək cəsarət tələb edirdi.                                                 

Bütün çətinliklərə, düşmənin yaratdığı güclü istehkama baxmayaraq Azərbaycan ordusu qarşısına yalnız bir məqsəd qoymuşdu. Nəyin bahasına olursa, olsun torpaqları işğaldan azad etmək. Necə deyərlər, öldü var, döndü yoxdur. Nəhayət, Azərbaycan ordusunun peşəkarlığı və igidliyi sayəsində 2020-ci il oktyabr ayının 17-də Füzuli şəhəri işğaldan azad edildi. Füzulinin işğaldan azad edilməsi düşmənin müdafiə mövqeyini köklü şəkildə zəiflətdi. Artıq Zəngilanın, Qubadlının işğaldan azad edilməsi üçün böyük zəmin yaranmışdı. Xocavənd istiqamətində də düşmənin müdafiə mövqeyləri xeyli zəifləmişdi. Eyni zamanda Füzulinin işğaldan azad edilməsi düşmənin müdafiə həlqəsini bir xeyli daraltmış, Azərbaycan ordusunun hücum imkanlarını bir xeyli gücləndirmişdi.                       

Təsadüfi deyildir ki, 44 günlük Vətən müharibəsi Azərbaycanın möhtəşəm zəfəri ilə başa çatdıqdan dərhal sonra quruculuq işlərinə məhz Füzuli rayonundan başlanıldı. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin sərancamı ilə ilkin olaraq  Füzuli  aeroportunun   Füzuli - Şuşa Zəfər yolunun tikintisinə başlanıldı. Hər iki tikintinin təməlqoyma mərasimində Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyev şəxsən iştirak etmişdir. Qısa zamanda-heç üzərindən bir il də keçmədən Füzuli aeroportu istifadəyə verilmiş, Zəfər yolu isə bitmək üzrədir. Əlbəttə, müharibədə sonrakı quruculuq  işləri  bununla məhdudlaşmır. Ötən müddət ərzində Füzuli-Laçın yolunun inşasına başlanılmış, Güləbir Elektrik yarımstansiyası tikilib istifadəyə verilmiş, Zəngilan və Laçın aeroportlarının tikintisi davam etdirilir. Hal-hazırda Toğanalı-Kəlbəcər - Laçın yolunun tikintisi də davam etdirilir, Tərtər-Suqovuşan yolu, Suqovuşan Elektrik Yarımstansiyası tikilib istifadəyə verilmişdir.              

 Bütün bunlara nəzər saldıqda Füzuli şəhərinin işğaldan azad edilməsinin tarixi əhəmiyyəti bir daha gözlərimiz önündə canlanır. Məhz Füzuli şəhərinin işğaldan azad edilməsi digər işğal altında olan Azərbaycan ərazilərinin azad edilməsi üçün möhkəm zəmin yaratdı və düşmən Ağdam, Kəlbəcər və Laçın ərazilərində döyüş əməliyyatları getmədən düşmən kapitulyasiya aktına imza atmağa məcbur oldu.                                    

 İllər ötdükcə Azərbaycan xalqı 44 günlük Vətən müharibəsinin, onun tərkib hissəsi olan Füzulinin azad edilməsinin tarixi əhəmiyyətini daha dərindən hiss edəcəkdir. Qarabağ Azərbaycandır!                        

 

Əli Hümbətov,

Vətən Müharibəsi qazisi

Paylaşın:

Tarixi sərhədlərimizin bərpası xəyal deyil artıq bir reallıqdır

     Bu gün biz torpaqlarımızın azad olunması xəbərlərini eşidərək, qürurlanır, bu vətənin övladı olmağımızla fəxr edirik. Cənab Ali Baş Komandan İlham Əliyevin Qarabağın işğaldan azad olunması barədə verdiyi xoş müjdələr biri-birini əvəz edir. Bəli, biz əminliklə deyə bilərik ki, bu gün müzəffər Ordumuzun döyüş meydanında rəşadəti qarşısında ermənilər tab gətirə bilmir. Doğma torpaqlarında müharibə aparan ölkəmiz hazırda ərazi bütövlüyünü qarış-qarış bərpa edir. Oktyabrın 20-də bütün Azərbaycan xoş bir xəbərə sevindi. Ali Baş Komandan İlham Əliyev xalqa müraciət edərək Zəngilanın işğaldan azad olunduğunu sevinclə bildirdi. Hər birimiz sevindik. Lakin ən çox sevinən 27 il dədə-baba yurdundan didərgin düşən zəngilanlılar oldu. Onların sevincini heç bir sözlə ifadə etmək olmur. Düşmən işğalından azad olunmuş Zəngilan rayonu istər iqtisadi cəhətdən, istərsə də faydalı-qazıntı yataqları ilə mühüm əhəmiyyət kəsb edən bölgələrimizdəndir. Belə ki, Zəngilan rayonu qızıl ehtiyatlarına görə Kəlbəcərdən sonra ölkəmizdə ikinci yerə malikdir. O cümlədən, rayon ərazisində müxtəlif növ əlvan və s. metal yataqları da var.Rayon Naxçıvan MR ilə ən yaxın quru sərhədimiz olmaqla yanaşı, həm də strateji mühümlüyünü qoruyub-saxlayır. Bu baxımdan, həm də nəticəyə gəlmək olar ki, Zəngilanın azad edilməsi ilə qonşu İranla bütün quru sərhədlərimiz bərpa edilir, iqtisadi, strateji və lojistik cəhətdən mühüm üstünlüklər qazanılır.Ən əsası isə, Zəngilanın azad edilməsi tarixi Zəngəzurumuzla tarixi sərhədlərimizi bərpa edir və bir sıra gələcək perspektivləri müəyyənləşdirir.

 Əli Hümbətov,

Xocalı rayon qazisi 

Paylaşın:

XOCALI SOYQIRIMINI UNUTMA!

Üçgünlük körpəsi ilə erməni zindanında amansız işgəncələrə məruz qalan ana

          Müsahibim Xocalıda 4 uşağı ilə erməni quldurları tərəfindən əsir götürülərək 10 günlük girovluq həyatı yaşayan Məhsəti türkü Mehri...

Bizə yazın

Ad

E-posta *

Mesaj *

Ən çox oxunan

Blog Arşivi