Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

Tarixin daha bir saxlanc və güman yeri...

       Yaloba kənd Tarix-Diyarşünaslıq Muzeyi həm də yer üzündən silinən Xocalının müsibətlərini unudulmağa qoymur. Hazırda ölkəmizdə 201 muzey fəaliyyət göstərir. Bunlardan 14-ü incəsənət, 7-si ədəbiyyat, 12-si tarix, 68-i tarix-diyarşünaslıq, 5-i döyüş şöhrəti, 43-ü ev, 52-si Heydər Əliyev muzeyləridir. Eyni zamanda Milli Elmlər Akademiyası sistemində, digər nazirlik və təşkilatların nəzdində də müxtəlif profilli və şəxsi muzeylər  var. Təəssüf ki, ölkəmizdə mövcud muzeylərdən 22-si Ermənistan silahlı birləşmələrinin ərazilərimizi işğal etməsi nəticəsində darmadağın edilib, eksponatları məhv olunub, yaxud təcavüzkar ölkəyə daşınıb. Ümumiyyətlə, işğal olunmuş ərazilərdə 762 mədəniyyət abidəsi və 1431 mədəniyyət müəssisəsi qalıb. İşğalçılar 22 muzeyi, 4 rəsm qalereyasını tamamilə məhv edib. 1988-ci ildən başlayaraq erməni təcavüzü nəticəsində 100 mindən artıq əşyanın toplandığı 22 muzey işğal olunmuş ərazidə qalıb. Qarət edilmiş muzeylərdə Azərbaycan xalqının tarixi və mədəniyyəti ilə bağlı qiymətli əşyalar, rəsm və heykəltəraşlıq əsərləri, dünya şöhrətli xalçalarımız, xalça məmulatları, Azərbaycanın görkəmli şəxsiyyətlərinin xatirə əşyaları və digər eksponatlar toplanmışdı. Əlbəttə, Ermənistanın təcavüzünə məruz qalan, illərlə tapdalanan, maddi-mədəniyyət, dini, tarixi abidələri saxtalaşdırılan ərazilərimizdəki rayonlarımızın, zamanın hansı dönəmində olursa-olsun, öz doğma sakinlərinə qayıdacağına əmin idik. Təəssüf ki, bu ərazilərdə olan maddi-mədəniyyət nümunələrimizin salamat qalacağına, o qədər də ina-mımız qalmamışdı. Bu gün işğaldan azad edilmiş rayonlarımızda ürək ağrısı ilə seyr etdiyimiz mənzərə həmin düşüncələrimizi təsdiq etdi. Hər bir xalqın həyatında elə hadisələr, dönüş nöqtəsi olur ki, bunlar onun müqəddərratını tamamilə kökündən dəyişdirir, tarixində yeni dövr və mərhələ açır. 2020-ci ilin 27 sentyabrından başlayan 44 günlük Vətən müharibəsində qazandığımız qələbə həmin yeni dövrün başlanğıcını qoydu. Qarabağ həsrətinə son qoyulması xalqımızı əbədi səadətə qovuşdurdu, ölkəmizdə mədəni tərəqqi üçün yeni imkanlar açıldı. Bütün bu nailiyyətlər xalqla dövlətin və ordunun bir yumruq kimi birləşməsinin, dövlət başçısının möhkəm iradəsinin dönmədən həyata keçirdiyi daxili və xarici siyasətinin ən parlaq təzahürü, ən gözəl bəhrəsidir. Artıq işğaldan azad olunmuş rayonlarda bərpa işlərinə başlanması, mədəniyyət ocaqlarının, xüsusən muzeylərin öz doğma ünvanlarında fəaliyyətini bərpa etməsi, yenilərinin açılması, Qarabağda bütün sahələrdə olduğu kimi, turizmin inkişafı üçün də bir başlanğıc olacaq. "Qarabağ Azərbaycandır!” - bəyanatının Soçidən Xudafərinədək şərəfli taleyi, Zəfər yolu oldu. Azərbaycan Orusunun Müzəffər Ali Baş Komandanı İlham Əliyev bu ifadəni səsləndirdikdən 13 ay sonra onun  qalib əsgəri bu milli şüarı bütün işğaldan azad edilmiş torpaqlarımızda təkrarladı. Biz də  Milli Azərbaycan Ta-rixi Muzeyində 2017-ci ildən bu günə kimi fəaliyyət göstərən “Gənc muzeyşünaslar və muzeysevərlər klubu” olaraq, “Yolumuz Qarabağadır! Qarabağ Azərbaycandır!” devizi ilə yolumuzu işğala məruz  qalan, 30 ilə yaxın müddətdə məcburi köçkün həyatı yaşamağa məhkum olan tarix-diyarşünaslıq muzeylərindən saldıq. “Yolumuz Qarabağadır! Qarabağ Azərbaycandır!” deyərək ilk səfərimiz, əslində, ziyarətimiz Xo-calı rayonunun Yaloba kənd Tarix-Diyarşünaslıq Muzeyindən başladı. Qeyd edim ki, Xocalı şəhərində "Yaloba kənd Tarix-Diyarşünaslıq Muzeyi"nin fəaliyyətə başlaması 1991-ci ilin  aprel tarixinə  təsadüf edib. Daha dəqiq desək, Mədəniyyət Nazirliyinin 19 aprel 1991-ci il tarixli əmri ilə yaradılıb. 1992-ci ilin 26 fevral tarixində baş vermiş Xocalı qətliamı nəticəsində Xocalı şəhərinin yer üzündən silinməsi, cəmi bir il öncə yaranmış muzeyində məhvinə səbəb oldu! Əfsuslar olsun ki, 1992-ci il may ayının 9-da er-mənilərin Xocalı rayonunun Kosalar kəndinə hücumu zamanı muzeyin bütün eksponatları işğal zonasında qalıb. Kənd işğal edilməmişdən əvvəl muzeydə 800 adda 1500 ədəd qiymətli eksponat olub. Qarabağın tarixini əks etdirən qədim xalçalar, kilimlər və başqa çoxlu sayda toxuculuq əşyaları, saxsı və geramikadan hazırlanmış maddi-məişət əşyaları, Şuşa rəssamlarının yağlı boyalarla çəkdikləri rəsm əsərləri, mədəniyyət xadimlərinin portretləri, qədim kənd təsərrüfatı alətləri muzeydə yer almışdı. Məcburi köçkün düşəndən sonra muzey  öncə Gəncə şəhəri Kəpəz rayonunun Hacıkənd qəsəbəsində məskunlaşmışdı. Hazırda isə 2014-cü ilin dekabr ayından Gəncə şəhəri yaxınlığında xocalılar üçün salınmış qəsəbədə fəaliyyətini davam etdirir. Muzey 1 mərtəbəli binada, ümumi sahəsi 79 m² olan 4 otaqda yerləşir. Onu da qeyd etmək lazımdır ki,  Xocalı işğal olunduqdan sonra eksponatların alınması üçün böyük vəsait olmamasına baxmayaraq, müzeyin direktoru Tofiq Məmmədovun fədakar əməyi nəticəsində xeyli tarixi, etnoqrafik əşyalar, məişət və kənd təsərrüfatı alətləri toplanaraq fond zənginləşdirilib. O zamanlar, Ağdam-Şuşa yolunda yaranan gərgin vəziyyət, gediş-gəlişin çətinləşməsinə baxmayaraq, Tofiq Məmmədov müharibənin qızğın vaxtlarında böyük səylə müzeyin təşkili ilə məşğul olub. Əllbəttə, o dönəmlərdə  eksponatları toplayaraq bir araya gətirmək və şöbələr üzrə təşkil etmək asan deyildi. Bunlardan başqa, həm də erməni terrorunun, hücumlarının tüğyan etdiyi həmin vaxtlarda, maddi-mədəniyyət nümunələrimizin toplanması və bizim hansı mədəniyyətə sahib olduğumuzu subut etmək torpaqlarımızı qorumaq qədər şərəfli bir iş idi. Deyə bilərik ki, artıq Qarabağın qədim tarixini əks etdirən çoxlu sayda eksponantlar toplanaraq muzeyin fonduna daxil edilib. Ümumilikdə muzeydə 1200 ədəd müxtəlif növ eksponatlar vardır. Bunlardan 70-i maddi-məişət əşyaları, Heydər Əliyev bölməsi, Şəhidlərlə bağlı bölmə, Milli qəhrəmanlarla bağlı bölmə, Müstəqilliklə bağlı bölmə, 50 ədəd müxtəlif növ qəzetlər və 40 ədəd kitablar vardır. Demək olar ki, il ərzində orta hesabla muzeyi 2600 nəfərdən çox insan ziyarət edir.  Etiraf edim ki, muzey yer üzündən silinmiş bir şəhərin tarixini, mədəniyyətini, adət-ənənələrini və başına gətirilmiş bütün fəlakətləri özündə ehtiva edir. Ekspozisiyada yaradılan bu mənzərə gənc nəsildə Vətənə məhəbbət, düşmənə nifrət hissini daha da alovlandırır. Mən deyərdim ki, bəlkə də muzey yeganə müəssisədir ki, insan ora daxil olarkən bütün hissləri sevinc, kədər, qürur hətta təəssüf hisslərini də yaşayır. Məhz Xocalı rayon Yaloba kənd Tarix - Diyarşünaslıq Muzeyi, o muzeylərdən oldu ki, biz orada bütün hissləri yaşadıq. Əminik ki, bu missiya son olaraq da Xocalı rayon Yaloba Kənd Tarix-Diyarşünaslıq Muzeyinin öz doğma ünvanında - Yaloba kəndində bərpasından sonra oranı ziyarət etməklə başa çatacaq. Artıq Qarabağı görməyən, onun sehrinə düşməyən insanlar bu torpağın təbii sərvəti, coğrafi mövqeyi, başına gətirilən müsibətləri, işğaldan xilas edilmiş rayonlarda yenidən bərpa edilmiş və yeni yaradılan muzeylərinin ekspozisiyasında ziyarət edəcəklər. 30 illik Qarabağ tarixi bütün muzeylərimizin ekspozisiyasında, o cümlədən işğaldan azad edilmiş rayonlarda yaradılması vacib olan “İşğal muzeyi”ndə əks etdirilməlidir.

Sahibə ƏLƏKBƏROVA,

Milli Azərbaycan Tarixi Muzeyinin

 İnnovasiyalar və təhsil   proqramları şöbəsinin elmi işçisi







Paylaşın:

Hiç yorum yok:

Yorum Gönder

XOCALI SOYQIRIMINI UNUTMA!

Xocalılar viran qəbirlərin axtarışında

                     Bəşər tarixində ən dəhşətli soyqırıma məruz qalan xocalılar 30 ilə yaxındır torpaq həsrətilə bərabər, həm də işğal altı...

Bizə yazın

Ad

E-posta *

Mesaj *

Ən çox oxunan

Blog Arşivi