Azərbaycan bayrağı – fəxrimizdir, qürurumuzdur


        Bu gün Azərbaycan Respublikası üzərində dalğalanan müqəddəs Dövlət Bayrağımız ilk dəfə 103 il öncə, 1918-ci il noyabrın 9-da Bakıda, Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının yerləşdiyi binada qəbul edilmiş və qaldırılmışdır. Lakin Milli bayrağımız qəbul edilən zaman və ondan sonrakı dövrlərdə çoxsaylı təzyiqlərə məruz qalmış, bəzi hallarda ya yasaq edilmiş, ya da məhdudlaşdırılmışdır.

    Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 9 noyabr 1918- ci il tarixli qərarı ilə qəbul edilmiş Dövlət Bayrağındakı mavi rəng türk xalqına, qırmızı rəng azadlıq, demokratiya və insan hüquqları, yaşıl rəng isə islam sivilizasiyasına məxsusluğun mənalarını daşıyır. Səkkizguşəli ulduz türk xalqlarının 8 müxtəlif qolunun rəmzi, əksidir. Aypara isə türklərdə ləyaqət, islamda mərhəmət, çağdaşlarda isə millətin dövlətə sədaqəti rəmzidir.

    Azərbaycan Xalq Cümhuriyyəti işğal edildikdən sonra üçrəngli bayrağımızın qaldırılması qadağan edilmişdir. Lakin Azərbaycan Respublikası öz müstəqilliyini bərpa etdikdən sonra yenidən üçrəngli bayrağımız Dövlət binalarında dalğalandı.

   Azərbaycan müstəqillik əldə etməsindən xeyli əvvəl, 1990-cı il noyabrın 17-də qədim Azərbaycan diyarı Naxçıvanda XX əsrin böyük siyasətçisi və dövlət xadimi Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi  qəbul edilərək yüksəklərə qaldırıldı.

    2007-ci il noyabrın 17-də Prezidentimiz İlham Əliyevin “Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində Dövlət Bayrağı meydanının yaradılması haqqında” sərəncamı oldu. Bu sərəncam Azərbaycan vətəndaşlarının ürəyindən xəbər verdi.

     İndi Azərbaycan Xalqı hər il Bayraq Gününü bayram olaraq qeyd edir.

    Doxsanıncı illərdə Azərbaycan ərazilərinin bir hissəsi işğala məruz qalmışdır. Həmin ərazilərdə üçrəngli bayrağımız dalğalanmırdı.

    Prezidentimiz İlham Əliyevin komandanlığı altında Şanlı Ordumuz 2020-ci il sentyabrın 27-də “Dəmir yumruq” əməliyyatı keçirdi. Məhz həmin əməliyyat nəticəsində ərazi bütövlüyümüz bərpa olundu. İndi Respublikamızın hər yerində, yüksəkliklərdə Azərbaycanın üçrəngli bayrağı dalğalanır.

    Yaşasın Azərbaycan Xalqı! Yaşasın Ali Baş Komandan! Qarabağ Azərbaycandır!

Məqaləni hazırladı: Füzuli Süleymanov,

Xocalı rayonundan məcburi köçkün 


Yorum Gönder

Daha yeni Daha eski