Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

Vahid Əliyev: Rayonumuzda olan seçicilərin əksəriyyəti Heydər Əliyev siyasi kursuna, Yeni Azərbaycan Partiyasının namizədlərinə səs veriblər

 
       Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 29-cu ildönümü münasibətilə YAP Xocalı rayon təşkilatının sədri səlahiyyətlərini icra edən Vahid Əliyevdən götürdüyümüz müsahibəni xocalininsesi.info saytı oxuculara təqdim edir.

        - Vahid müəllim, bildiyimiz kimi, 21 noyabr 1992-ci ildə Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirilmişdir. Hazırda həmin konfransdan 29 il ötür. Yeni Azərbaycan Partiyasının yarandığı tarixi şərait, o dövrdə respublikada mövcud olan ictimai - siyasi vəziyyət haqqında fikirlərinizi öyrənmək maraqlı olardı. Gənc nəsil üçün YAP-ın yaranmasını zəruri edən tarixi şərait haqqında fikirlərinizi bildirməyinizi xahiş edirik.

        - Sualınıza cavab olaraq bildirirəm ki, YAP-nın yaradılması ideyası respublikamızın düçar olduğu sözlə ifadə olunması çətin və mürəkkəb olan ağır vəziyyətdən xilas edilməsi zərurətindən yaranmışdır. Hələ 1988-ci ilin fevralında erməni separatizminin Azərbaycana qarşı torpaq iddiaları əsasında həyata keçirilən xarici qüvvələr tərəfindən hər cür dəstək alan mənfur siyasət o dövrün Azərbaycan rəhbərliyi tərəfindən qətiyyət göstərilərək qarşısı alınmadığından, vaxtaşırı hakimiyyət dəyişikliyi aparılmasına baxmayaraq, getdikcə pisləşərək həmin ərazilərdə yaşamış əhalinin öz doğma yurd-yuvalarından didərgin salınması, bir-birinin ardınca torpaqlarımızın işğal edilməsi, siyasi və hərbi hərcmərclik dövlət idarəetmə sisteminin iflic vəziyyətə salınması, 100 illərdən sonra əldə olunmuş dövlət müstəqilliyinin itirilməsi təhlükəsinin yarandığı bir dövrə təsadüf edir. Bildiyimiz kimi, dünyada və keçmiş Sovetlər birliyi məkanında baş vermiş tarixi hadisələr və xalqımızın müstəqil dövlətə sahib olmaq uğrunda apardığı mübarizəsi nəticəsində 1991-ci ilin oktyabr ayının 18-də digər sovet respublikaları ilə yanaşı, Azərbaycan Respublikasında da Azərbaycanın dövlət müstəqilliyinin bərpası haqqında Konstitusiya aktı qəbul edildi. Lakin respublikamızda mövcud olan ictimai–siyasi və hərbi vəziyyət, xalqımızın taleyinə biganə olan, şəxsi maraqlarını milli və dövlət maraqlarından üstün tutan naşı rəhbərlərin yarıtmaz siyasəti və regionda maraqlı olan xarici qüvvələrin apardığı ardıcıl və məqsədyönlü siyasət sayəsində Respublikamızda sözlə ifadə olunması müşkül olan bir duruma gətirib çıxarmışdı. Vəziyyətin bu şəkildə davam etməsinin daha ağır nəticələrə gətirib çıxaracağını duyan və xalqımızın düçar olunduğu bəlalara seyirci mövqedə dayanmağı qəbul etməyən bir qrup ziyalılar bir araya gələrək yeni bir siyasi təşkilat yaradılması təşəbbüsü ilə çıxış etmək məcburiyyətində qaldılar. O dövrdə Respublikada mövcud vəziyyəti düzgün dəyərləndirən və düçar olduğumuz acınacaqlı durumdan xilas yolunu müəyyən edən ziyalılarımızın fədakarlığını yüksək dəyərləndirməliyik. Məşhur “91-lər” adlandırılan ziyalılarımız böyük hörmət və ehtirama layiqdir. Həmin ziyalılarımız mövcud durumu düzgün qiymətləndirərək xalqımızın böyük oğlu, dünya miqyaslı siyasi və dövlət xadimi, Ulu Öndərimiz Heydər Əliyevə müraciət ünvanlamaqla Azərbaycanın dövlət müstəqilliyinin itirilməsi təhlükəsinin aradan qaldırılması, dövlətimizə qarşı xarici qüvvələrin müdaxilələrinin zərərsizləşdirilməsi, dövlət idarəetmə sisteminin bərqərar olunması, ayrı-ayrı şəxslərin maraqlarına xidmət edən silahlı dəstələrin yerinə torpaqlarımızın etibarlı müdafiəsi üçün vahid komandanlığa tabe olan nizami ordunun formalaşdırılması, dünya dövlətləri ilə bərabərhüquqlu tərəftaşlığın təşkil edilməsi, bugünkü dinamik inkişafda olan müasir, müstəqil Azərbaycan Respublikasının təməlinin qoyulması yolunda atılmış ən uğurlu addımlardan biri olduğunu deyə bilərik. Ziyalılarımızın Ulu Öndər Heydər Əliyevə ünvanladıqları bu müraciətə özlərini demokratik qüvvələr kimi xalqımıza sırımış o zamankı hakimiyyət tərəfindən sözün yumşaldılmış formasında ifadə etsək, olduqca mənfi qarşılandı. Görkəmli ziyalılarımıza qarşı insanlığa sığmayan alçaldıcı hərəkətlərə yol verildi. 

       Ulu Öndərimiz Respublikada möcud durumu və xalqımızın çoxsaylı müraciətlərini nəzərə alaraq “Yeni Azərbaycan Partiyası” adında yeni bir siyasi təşkilatın yaradılmasına müsbət rəyini bildirdi. O dövrkü dırnaqarası demokratlar yaradılması nəzərdə tutulan siyasi partiyanın təsis konfransının belə Bakı şəhərində keçirilməsinə imkan vermədilər. Respublikanın ayrı-ayrı bölgələrindən olan təssübkeşlər Naxçıvana getmək məcburiyyətində qaldılar və nəhayət 21 noyabr 1992-ci ildə Naxçıvan şəhərində keçirilmiş təsis konfransı ilə artıq dünənin, bu günün və gələcəyin partiyası olan, sıralarında 760000 nəfərdən çox, bütün təbəqələrdən insanları birləşdirərək ümumxalq partiyası səviyyəsinə yüksələn Yeni Azərbaycan Partiyası yarandı. 

       - Yeni Azərbaycan Partiyası iqtidara gəldiyi vaxtdan ölkəmiz xaosdan qurtularaq inkişaf dönəminə qədəm qoydu. Partiya yarandığı vaxtdan hansı fəliyyət istiqamətini və milli məsələləri prioritet hesab etdi? 

      - Yeni Azərbaycan Partiyası siyasi mübarizə aparmadan hakimiyyətə gələn nadir siyasi təşkilatlardan biridir. 1993-cü ilin iyun hadisələri yaşlı nəslin xatirindədir. O dövrdə siyasi hakimiyyətdə olan AXC və Müsavat cütlüyü özlərinin yarıtmaz fəaliyyət və fəaliyyətsizlikləri nəticəsində Respublikada yuxarıda sadalanan problemlərlə yanaşı, bu problemlərin sırasına daha dəhşətli bir problemi, vətəndaş müharibəsinin reallaşdırılmasını əlavə etdilər. Gəncə hadisələrindən sonra o dövrkü hakimiyyət siyasi hakimiyyətlərinin itirilməsinin reallığa çevrildiyini son nəticədə dərk edərək, özlərinin şəxsi həyatlarını itirəcəklərindən qorxaraq öz canlarını Surət Hüseynov təhlükəsindən xilas edilməsi məqsədi ilə üzlərini Ulu Öndərimiz, Yeni Azərbaycan Partiyasının sədri Heydər Əliyevə tutaraq onun Bakıya gəlməsini dəfələrlə xahiş etməli oldular. Heydər Əliyev Respublikada vəziyyətin ağırlığını nəzərə alaraq Naxçıvandan Bakıya dönməli oldu. Bir-birinin ardınca Ulu Öndərimiz Gəncəyə səfər edərək vətəndaş müharibəsi təhlükəsini aradan qaldırdı. 15 iyun 1993-cü ildə Ulu Öndərimiz Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildikdən sonra o dövrdə siyasi hakimiyyətdə olan AXC-Müsavat cütlüyü təmsilçiləri bir-birinin ardınca siyasi hakimiyyəti tərk edərək müxalifət adı altında birləşərək ictimai-siyasi sabitliyin pozulması istiqamətində fəaliyyətə başladılar. Xalqımızın özünün xilaskar oğlu Heydər Əliyevin siyasi kursu ətrafında birliyi, qarşıya çıxan bütün maneələri dəf edə bildi. İctimai-siyasi sabitliyin təmin edilməsi ən önəmli məsələ idi. Dövlət idarəetmə orqanlarının normal fəaliyyətinin təmin edilməsi, başıpozuq silahlı dəstələrin yerində vahid komandanlığa tabe olan nizami ordunun formalaşdırılması yolu ilə torpaqlarımızın işğalı prosesinin dayandırılması, Respublikamızın dünya birliyinə inteqrasiya edilərək beynalxalq nüfuzlu təşkilatların bərabərhüquqlu üzvünə çevrilməsi, dövlətimizin sosial-iqtisadi siyasət kursunun müəyyən edilməsi, qanunvericilik bazasının yaradılması çoxpartiyalı seçki sisteminin formalaşdırılması, bütün sahələrdə islahatların həyata keçirilməsi, dövlətimizin iqtisadi qüdrətinin təmin edilməsi məqsədi ilə dünyanın maliyyə institutlarının Azərbaycana cəlb edilməsi və.s. gərgin zəhmət və qətiyyət tələb edən məsələlərdir. 

        1994-cü ilin oktyabr və 1995-ci ilin martında xarici qüvvələrin dəstəyi və təhriki ilə yenidən dövlət çevrilişinə cəhdlər olundu. Ulu Öndərimiz Heydər Əliyev xalqımızın birliyi ilə bu mənfur niyyətlərin qarşısını aldı. Azərbaycanda dinamik inkişaf, ardıcıl islahatlar, iqtisadi inkişaf dönəmi başladı. 

        Ulu Öndərin müəyyənləşdirdiyi siyasi kurs, yeni dövrün reallıqları nəzərə alınaraq 2003-cü ildə keçirilmiş Prezident seçkilərindən sonra Cənab Prezidentimiz tərəfindən uğurla davam etdirilir. Regionlarımızın xarici simasının büsbütün dəyişməsi, nəhəng sosial, iqtisadi, infrastruktur layihələrin icra olunması, beynalxalq aləmdə Azərbaycanın nüfuzunun artırılaraq Cənubi Qafqazın lider dövlətinə çevrilməsi dünyanın ən inkişaf etmiş dövlətlərinin diqqətini cəlb edən, hərbi məktəb kimi öyrənməyə çalışdıqları bir ordunun formalaşdırılması və cəmi 44 günlük müharibədə işğal altında olan torpaqları azad etməsi yuxarıda qeyd etdiklərimizin əyani təsdiqidir.

        - 44 günlük haqq savaşında Yeni Azərbaycan Partiyası özünün siyasi qüdrətinin necə göstərdi?

        - 44 günlük Vətən müharibəsində əldə olunmuş qalibiyyət yalnız Yeni Azərbaycan Partiyasının deyil, bütövlükdə Azərbaycan xalqının, dünya azərbaycanlılarının, 300 milyonluq türk dünyasının dünya erməniləri üzərində möhtəşəm qələbəsidir. Yeni Azərbaycan Partiyasının üzvü olaraq bu möhtəşəm qələbənin bizim partiyanın hakimiyyətdə olduğu dönəmdə baş verməsi bizlər üçün daha da qürürvericidir. 

      Azərbaycanı, bütövlükdə türk dünyasını parçalayaraq, dünya xəritəsindən türk coğrafiyasını silməyə çalışan, türk kimliyinə düşmən kəsilən bütün qüvvələr erməni kartından bizim əleyhimizə istifadə edərək, tarixi türk torpaqlarında ermənilərə qondarma bir dövlət yaratmış və zaman - zaman həmin kartdan istifadə etməklə ermənilərə hərtərəfli dəstək verərək əzəli torpaqlarımızdan bizləri insanlığa sığmayan minbir işgəncələrlə didərgin salmağa çalışmış və müəyyən mənada  qismən buna nail ola bilmişdilər. Yalnız sonuncu 1988-ci ildən başlayan işğal siyasəti sayəsində 1 (bir) milyondan artıq soydaşımız daimi yaşayış yerindən didərgin salınmış, beynalxalq təşkilatlar tərəfindən tanınmış Azərbaycan Respublikasının 20 %-dən çox ərazisi işğal edilmiş, qədim yurd yerlərimiz viranəyə çevrilmiş, tarixi abidələrimiz dağıdılaraq millətimizin izinin bu coğrafiyadan silinməsi istiqamətində mənfur siyasət həyata keçirilmişdir.

      Özlərini qalib xalq kimi təqdim edən ermənilər xarici havadarlarının köməyi ilə əzəli Azərbaycan torpaqlarını daimi olaraq Ermənistana birləşdirmək, xalqımızı isə bu məğlubiyyətə razlaşdırmağa cəhdlər göstərir, əks halda yeni müharibə, yeni ərazilər şüarı ilə xalqımızı hədələməkdən belə çəkinmirdilər.

       1993-cü ildə dahi şəxsiyyət Heydər Əliyev Azərbaycanda yenidən siyasi hakimiyyətə gəldikdən sonra dövlət müstəqilliyimizin itirilməsinə yönəlmiş bütün təzyiq və təhdidləri aradan qaldırmaqla yanaşı, ermənilərin işğalçılıq siyasətinin qarşısını ala bildi. Beynəlxalq təşkilatların iştrakı ilə ermənilərin Azərbaycan ərazilərinin işğaldan azad edilməsi istiqamətində danışıqlar prosesini həyata keçirdi. Lakin ermənilər öz mənfur niyyətlərindən əl çəkmədi.

       Cənab Prezidentimiz İlham Əliyev 2003-cü ildə siyasi hakimiyyətə gəldikdən sonra danışıqlar xatirinə danışıqlar aparmayacağını bəyan etdi. Diplomatik sahədə fəaliyyəti davam etdirməklə yanaşı, ordu quruculuğuna xüsusi önəm verdi, iqtidar-xalq birliyini təmin etdi, müharibədə qələbənin təmin edilməsində önəmli faktorlardan biri olan güclü iqtisadiyyətin yaradılmasına və beynalxalq səviyyədə tərəfdarların bir araya gəlməsinə nail oldu. Məhz bu sadalanan faktorlar 44 günlük müharibədə qələbəni təmin etdi.

      - Xocalılar daima Ulu Öndər Heydər Əliyevin ideyalarına və onun layiqli davamçısı Cənab Prezident İlham Əliyevin siyasətinə inanıblar. Bu inamı və sadiqliyi xocalılar necə təzahür etdirirlər?

     - Xocalı rayon ictimayəti naşı rəhbərlərin xalqa nə kimi bəlalar nəsib etdiyini öz şəxsi həyatlarında yaşadığından siyasi proseslərdə daha diqqətli olmağı üstün tuturlar. Ümummilli Liderimiz özünün şəxsi keyfiyyətləri ilə özündən əvvəlki rəhbərlərdən tamamilə fərqli və üstün şəxsiyyət olduğunu hər birimiz qəbul edərək Heydər Əliyev siyasi kursu ətrafında birləşməyi özümüzün vətəndaşlıq borcu kimi qiymətləndiririk. Məhz bu səbəbdən 1993-cü ildən bu günə qədər keçirilmiş bütün seçkilərdə Xocalı rayon ictimayəti fəallıq göstərmiş, rayonumuzda olan seçicilərin əksəriyyəti Heydər Əliyev siyasi kursuna, Yeni Azərbaycan Partiyasının namizədlərinə səs veriblər.

        - Bildiyimiz kimi, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevə Qarabağın azad edilməsi və türk dünyasının birləşdirilməsi sahəsində xidmətlərinə görə Türk dünyasının ali ordeni təqdim edilib. Bunları nəzərə alaraq, Türk dünyasının birləşdirilməsi missiyasını partiyanın fəaliyyət istiqamətlərindən biri kimi qiymətləndirmək mümkündür?

        - Türk Dövlətləri Təşkilatının yaradılması özlüyündə türk dünyası üçün böyük hadisədir. Bu təşkilatın beynəlxalq səviyyəli birliyə çevrilməsində Cənab Prezidentimiz İlham Əliyevin müstəsna xidmətləri vardır. Cənab Prezidentimiz istər Türk dilli dövlətlərin yaradılması, istərsə də 44 günlük Vətən müharibəsində Ali Baş Komandan kimi göstərdiyi şücaət, dünyanın nüfuzlu kütləvi informasiya vasitələrinin qərəzli nümayəndələrini verdiyi cavablar və s. Cənab Prezidentimizin dünyanın ən yüksək mükafatına layiq olduğunu göstərir. Azərbaycan vətəndaşı, eyni zamanda YAP-ın bir üzvü olaraq Cənab Prezidentimizlə qürür duyuruq.

        Türkiyə Cümhuriyyəti ilə siyasi əməkdaşlıq ən yüksək səviyyədədir. Yeni Azərbaycan Partiyası ilə Ədalət və İnkişaf Partiyası arasında rəsmi əməkdaşlıq sənədləri mövcuddur. Birgə tədbirlərimiz keçirilir. Getdikcə də bu əməkdaşlığın dərinləşəcəyi və inkişaf etdiriləcəyi gözlənilir. 

       - İstərdim, Yeni Azərbaycan Partiyasının Xocalı rayon təşkilatının gələcək fəaliyyəti haqqında da məlumat verəsiniz. Struktur dəyişikliyi olacaq təşkilatda gənclərə üstünlük veriləcəkmi?

         - Bildiyimiz kimi, 05 mart 2021-ci ildə Yeni Azərbaycan Partiyasının VII qurultayı keçirildi. Partiyamızın sədri Cənab Prezidentimiz qurultayda proqram xarekterli geniş nitq söylədi, yeni hədəfləri qeyd etdi və Partiyamızın yeni Nizamnaməsi və Proqramını qəbul edildi, struktur dəyişikliyi aparıldı. Yeni Azərbaycan Partiyası ümumxalq partiyası olduğundan partiyanın sıralarında bütün təbəqələrin, sosial qrupların, müxtəlif millətlərin nümayəndələri təmsil olunur. O cümlədən gənclər partiyamızın ən önəmli kəslərindən biridir. Onların sayı ümumi tərkibdə 30%-dən yuxarıdır. Yeni Azərbaycan Partiyasının Xocalı rayon təşkilatının sıralarında olan partiya üzvlərinin 33%-ni gənclər təşkil edir. Gənclərlə iş partiyanın fəaliyyət istiqamətlərindən biridir və onların siyasi proseslərində fəallığının təmin edilməsi hədəflərimizdəndir. Yeni Azərbaycan Partiyasının rayon təşkilatının aparatında çalışan işçilərin hamısı gənclərdir. Gənclərin peşəkarlıq səviyyəsinin artırılması, onların dövlət strukturunda təmsil olunması bundan sonra da diqqət mərkəzində saxlanılacaqdır.

Müsahibəni apardı: Qalib Bəyməmmədoğlu,

"Xocalının səsi" qəzetinin redaktoru


Paylaşın:

Hiç yorum yok:

Yorum Gönder

XOCALI SOYQIRIMINI UNUTMA!

Xocalılar viran qəbirlərin axtarışında

                     Bəşər tarixində ən dəhşətli soyqırıma məruz qalan xocalılar 30 ilə yaxındır torpaq həsrətilə bərabər, həm də işğal altı...

Bizə yazın

Ad

E-posta *

Mesaj *

Ən çox oxunan

Blog Arşivi