44 günlük Vətən müharibəsi məntiqi sonluqla - Azərbaycanın dünyanı heyrətə gətirən möhtəşəm zəfəri ilə başa çatdı

 

​           Uzun illər düşmən tapdağında inildəyən müqəddəs Vətən torpaqları qısa bir zaman kəsiyində azad edildi. Bir çoxları üçün xəyal kimi görünən çətin bir problem artıq öz həllini tapmışdı. Bütün bunlara Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, müzəffər Azərbaycan ordusunun rəşadəti və qəhrəmanlığı sayəsində müyəssər olunmuşdu. Qazanılmış bu böyük zəfərin​ Azərbaycan xalqı ilə birlikdə təntənəli şəkildə qeyd olunması üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Hərbi paradın keçirilməsi üçün fərman imzalandı və Zəfər Paradı 08 dekabr 2020-ci il tarixə təyin olundu. Xalqımız yenicə başa çatmış müharibənin yaralarını sarmaqla bərabər bu möhtəşəm günün də qeyd ediləcəyi anı səbirsizliklə gözləməyə başladı. Nəhayət, həmin möhtəşəm gün gəlib çatdı. Ali Baş Komandan cənab İlham Əliyev paradı qəbul etdi. Azərbaycan Respublikasının Müdafiə Naziri, general-polkovnik Zakir Həsənov ordu birləşmələrinin parada hazır olması barədə Ali Baş Komandana raport verdi. Parad gözləniləndən də möhtəşəm alınmışdı.​ ​"Dost gəlişi bayram olar", demişlər ulularımız. Zəfər Paradını möhtəşəm edən amillərdən biri də bütövlükdə Vətən müharibəsi zamanı daim bizlərə dayaq olan Türkiyə Cümhuriyyəti Dövlətinin Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın birbaşa bu paradda iştirak etməsi idi. Onun insanı riqqətə gətirən çıxışını hər bir Azərbaycan vətəndaşı, hər bir türk həyəcansız dinləyə bilmədi:​ "Arazı ayırdılar,​ Lil ilə doyurdular,​ ​ Mən səndən ayrılmazdım, Zülm ilə ayırdılar.​ Ay Laçın, can Laçın,​ Mən sənə qurban Laçın.​ ​ Gözəlliyinə qurban olduğum Laçın."​ ​ Türkiyə Prezidenti cənab Ərdoğanın bu sözləri bütün türk dünyasını sevinc göz yaşlarına bülənd elədi. Əlbəttə, bu çıxış dostlarımızı sevindirdiyi kimi, düşmənlərimizi də həddindən artıq qıcıqlandırdı. Anındaca həm türk qardaşlarımıza, həm də Azərbaycan xalqına qarşı kin qusmağa başladılar. Ancaq, "Yel qayadan nə apara bilər ki?". Onlar artıq Türkiyə Cümhuriyyəti ilə qoşa addımlayan Azərbaycanın gücünə bizi istəməyənlərin hamısı çox gpzəl bilirdilər. Vaxtilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev deyəndə ki, yaxın illərdə Azərbaycanın hərbi büdcəsi bütövlükdə Ermənistanın büdcəsindən artıq olacaqdır, bəziləri buna inanmır, bir qism qargüruhçular isə bunun dövlət büdcəsi üçün artıq xərc olduğunu qeyd edirdilər. Lakin zaman göstərdi ki, bu cür düşünənlər yanlışlığa yol veriblər. Ölkə Başçısının qeyd etdiyi kimi Azərbaycanın hərbi büdcəsi Ermənistanın ümumi büdcəsini ötüb keçdi. Büdcə artımı hesabına formalaşmış müzəffər ordu, əldə edilmiş müasir silahlar Vətən müharibəsi zamanı düşmənin qısa müddət ərzində darmadağın edilib kapitulyasiya aktına imza atmasına səbəb oldu. Qazanılmış möhtəşəm qələbənin şərəfinə təşkil olunmuş paradda Türkiyə komandolarının iştirakı da bizləri həm duyğulandırdı, həm də qürurlandırdı. Vətən müharibəsində şəhid olmuş 3 minə yaxın Azərbaycan əsgərinin xatirəsinə hörmət əlaməti olaraq 3 min türk əsgərinin paradda iştirak etməsi simvolik xarakter daşıyırdı. Bu addım ona işarə idi ki, həyatını itirmiş 3 min Azərbaycan türkünün yeri boş qalmamışdır. Lazım gələrsə, düşməni əzmək üçün şəhid olmuş qardaşlarını əvəz edəcək oğullar yanımızdadır. Zəfər Paradı ölkə tarixində böyük əhəmiyyətə malikdir. Bu möhtəşəm hadisə​ ​ Azərbaycan tarixində daima şanlı bir səhifə kimi qalacaqdır və gələcək nəsil bu tarixi hadisədən qürur duyacaqdır.

Eldəniz Məhərrəmov,

Xocalı rayon ziyalısı


Yorum Gönder

Daha yeni Daha eski