DÖYÜŞ SINAĞI LƏYAQƏT VƏ MƏTİNLİK İMTAHANIDIR

2020-ci ilin sentyabr ayının 27-dən noyabr ayının 9-dək davam edən Vətən müharibəsində Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının sıralarından yüzlərlə döyüşçü ön cəbhədən qazi kimi qayıdıb. Belə döyüşçülərdən biri baş çavuş İlyasov Elmar Şıxlarbəy oğludur. Elmarın yaşadığı mənzilə baş çəkdim, özü və ailə üzvləri ilə görüşdüm.

O, 15 iyul 1993-cü ildə Bakı şəhərində anadan olub. Onun böyüyərək boya-başa çatdığı ailə hərbçilər ailəsidir. Atası Şıxlarbəy İlyasov Sovet ordusu və Azərbaycan ordusu sıralarında “gizir” hərbi rütbəsində xidmət edərək ehtiyata buraxılıb. Birinci Qarabağ müharibəsinin iştirakçısıdır. Həmin müharibədə Elmarın dayısı İmran Kəlbiyev erməni işğalçılarına qarşı pulemyotçu olaraq cəsarətlə vuruşub. Elmardan yaşca kiçik olan qardaşı Ramazan İlyasov 2016-cı ilin aprel döyüşlərində iştirak edib, hazırda Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələrinin müddətdən artıq həqiqi hərbi xidmət  hərbi qulluqçusudur.

Onu da qeyd edim ki, Elmarın babası Şeydabəy İlyasov II Dünya müharibəsi dövründə hərbi zavodda işləyərək ön cəbhənin sursatla təmin olunmasına öz fədakar əməyi ilə töhfələr verib. Qazinin babasının qardaşı isə II Dünya müharibəsində hərbi təyyarəçi kimi faşistlərə qarşı vuruşaraq həlak olub.

Ailənin ikinci övladı olan Elmar paytaxtın Sabunçu rayonunun Bakıxanov qəsəbəsindəki 271 saylı tam orta məktəbdə 4-cü sinfədək oxuyub. Olimpiya İdman Liseyində orta təhsilini davam etdirib.

Kiçik yaşlarından cüdo idman növü ilə məşğul olmağa başlayıb. Valideynləri onun idmana maraq göstərməsini həmişə dəstəkləyiblər. Məktəblər arasında spartakiadalarda, eləcə də lisey birinciliyində o, uğurlu nəticələri ilə fərqlənib. Ümumilikdə, müxtəlif növ yarışlarda qalib yerləri tutaraq müvafiq dərəcəli diplom və medallarla təftif edilib. İdmanla davamlı şəkildə məşğul olması onun xaraktercə mübariz gənc kimi formalaşmasında ciddi rol oynayıb. Məktəbli olarkən idmanla yanaşı, hərbi hazırlıq, ədəbiyyat və tarix fənləri üzrə dərslərdə daha fəal olub. Orta təhsil aldıqdan sonra Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına qəbul olunmağa səy göstərsə də, bu baş tutmayıb.

2011-ci ilin oktyabr ayında Elmar müddətli həqiqi hərbi xidmətə çağırılıb. Daxili Qoşunların Bakı şəhərinin Nərimanov rayonunda yerləşən “N” saylı hərbi hissəsində ilkin təlim dövrünü keçərək hərbi and içib. Sonra qoşunların Zaqatala rayonundakı “N” saylı hərbi hissəsində xüsusi təyinatlı dəstənin xüsusi həmlə qrupunda snayper vəzifəsində xidmət edib. Əsgər olaraq hərbi xidmət borcunu vicdanla yerinə yetirərək müddətdən artıq həqiqi hərbi xidmətdə qalmağa qərar verib. Beləliklə, atasının yolunu davam etdirməyi, həyatını hərbi xidmətə bağlamağı özü üçün başlıca məqsəd kimi qətiləşdirib.

2013-cü ilin aprel ayının 16-dan etibarən Elmar qoşunların qeyd edilən hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmətə keçirilib. Bu hərbi hissədə xüsusi təyinatlı dəstənin xüsusi həmlə qrupunun yarımqrupunda qumbaraatan köməkçisi, xüsusi həmlə qrupunda atıcı-radiotelefonçu vəzifələrində xidmət edib. 2015-ci ilin oktyabr ayının 7-də isə Hacıqabul rayonunda yerləşən “N” saylı hərbi hissədə xüsusi təyinatlı dəstənin xüsusi həmlə qrupunda yarımqrup komandiri vəzifəsinə irəli çəkilib. Xidmət etdiyi vəzifələrdə komandanlığın etimadını doğruldub, nümunəvi hərbi qulluqçu kimi dəfələrlə mükafatlandırılıb.

Təlimlərdə həmişə çalışqanlıq göstərərək öz döyüş hazırlığının yüksəldilməsini, bilik və bacarıqlarının təkmilləşdirilməsini qarşısına məqsəd qoyub. Özünün dediyinə görə, xüsusi təyinatlı məsləyinə sadiq qalaraq, daim döyüş tapşırıqlarının yerinə yetirilməsinə mənəvi-psixoloji cəhətdən hazır olmağı vacib bilib. Yarımqrup komandiri kimi də tabeliyindəki hərbi qulluqçulara xüsusi təyinatlıya xas keyfiyyətlərin aşılanmasını diqqətdə saxlayıb.

Elmar xüsusi təyinatlı üçün şərəfli olan zoğalı beret daşıma hüququnu da qazanıb. Bunun naminə göstərdiyi məharət və çəkdiyi zəhmət təqdirəlayiqdir.

2017-ci ilin fevral-may aylarında Elmar Türkiyə Respublikasına ezam edilərək Jandarm Baş Komandanlığının Foça Jandarm Komando Məktəbləri və Təlim Mərkəzi Komandanlığında komando təməl kursunu müvəffəqiyyətlə bitirib. Həmçinin, Foça Dalğıc Mərkəzində Türkiyə Sualtı İdman Federasiyasının təşkil etdiyi təlim proqramı üzrə aidiyyəti kurs keçib.

Hərbi xidmət dövründə Elmar ictimai təhlükəsizliyin təmin olunması, silahlı cinayətkarların axtarılması, narkotiklərlə mübarizə yönündə xüsusi əməliyyatlarda iştirak edib. Xüsusi əməliyyatlar zamanı bir neçə dəfə təhlükəli vəziyyətlə üzləşib, özünü itirmədən qarşıya qoyulan tapşırıqları qətiyyətlə yerinə yetirib.

44 günlük Vətən müharibəsi silahdaşları ilə birgə Elmarın da hərbçi həyatının ən çətin və şərəfli sınağı oldu. Həmin vaxt xidmət etdiyi “N” saylı hərbi hissənin xüsusi təyinatlı dəstəsinin şəxsi heyətinin tərkibində ön cəbhəyə göndərilib. Öncə qoşunların Bərdə rayonundakı “N” saylı hərbi hissəsində yerləşdiriliblər. Burada xüsusi təyinatlıların tapşırıqları dəqiqləşdirilib, ayrı-ayrı qruplar yaradılıb. Ötən ilin oktyabr ayının əvvəlində “N” saylı hərbi hissədən Füzuli rayonu ərazisinə gəliblər, Qaraxanbəyli kəndi yaxınlığındakı mövqelərin müdafiəsində dayanıblar. Elmarın komandir təyin olunduğu qrupun ilk tapşırıqları müdafiə mövqelərinin möhkəmləndirilməsi, düşmənin bu istiqamətdə mümkün hücumunun qarşısının alınması olub. Bir neçə gün sonra Cəbrayıl rayonu ərazisinin dərinliyinə doğru hərəkət ediblər. İşğaldan azad edilən Cəbrayıl rayon mərkəzi və ətraf ərazilərin müdafiəsi, işğalçıların diversiya-kəşfiyyat qruplarının bu zonaya daxil olmasının qarşısının alınması, nəzarətə götürülən hərbi nöqteyi-nəzərdən vacib obyektlərin mühafizəsi tapşırıqlarını yerinə yetiriblər. Sonra yenidən Füzuli rayonu istiqamətində hərəkət ediblər və nəhayət, Xocavənd rayonunun Hadrut qəsəbəsində xüsusi təyinatlılardan ibarət qruplar cəmləşdiriliblər. Qrupların yenidən komplektləşdirilməsi və tərkibinin dəyişdirilməsi həyata keçirilib. Onun komandiri olduğu qrup mayor Elman İslamovun tabeliyinə verilib. Lazımi hazırlıq görüldükdən sonra xüsusi təyinatlılardan ibarət qruplar Şuşa istiqamətində hərəkətə başlayıblar. Xocavənd rayonunun mürəkkəb relyefə malik ərazisi ilə, qrunt yollarla hərbi avtomobil karvanı yola düşüb. Müəyyən edilmiş əraziyədək karvanın hərəkəti zamanı bir neçə dəfə düşmən artilleriyasının atəşinə məruz qalıblar. Həmin anlarda döyüşçülər avtomobillərdən düşərək mövqeləniblər. Ancaq karvanın hərəkəti zamanı canlı qüvvə sarıdan itkilərimiz olub. Elmarın yaxınlığında olan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Nəzir Osmanov ağır yaralanaraq şəhid olub.

Beləliklə, 2020-ci il noyabrın 1-də Elmar ondan bir neçə metr məsafədə partlayan minaatan mərmisinin qəlpələrindən sol qolundan yaralanıb. Döyüşçü yoldaşları, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları baş çavuş Orxan Əhmədov və əsgər Qüdrət Kəlbiyev ona ilk yardım göstəriblər. Hərbi qospitala təxliyyə edilib. Aldığı yaralardan və sol qolunun bir neçə saat jqutla bağlanmış vəziyyətdə qalmasından bu nahiyənin amputasiya təhlükəsi olub. Xoşbəxtlikdən həkimlər bunun qarşısını alıblar. O, bir neçə rayonun xəstəxanası, Daxili Qoşunların Hərbi Qospitalı və Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında müalicə olunub.

Qazi yaralanmadan sonra sol qolunun bərpa olunmasında Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının cərrahı Nicat Səttarovun əməyini xüsusi vurğuladı. Onun müalicəsində zəhməti olan Daxili Qoşunların Hərbi Qospitalının cərrahiyyə şöbəsində həkim-cərrah Sevda Mustafayevaya, “Vivasan” klinikasının həkimləri Gülüstan Gözəlova və Kəmalə Əliyevaya minnətdarlığını bildirdi. Hazırda onun sol qolunda yaralanmanın fəsadları qalmaqdadır, bu səbəbdən hərbi xidmətə yararlı deyil. Artıq hərbi xidmətdən tərxis olunub.

“N” saylı hərbi hissədə xüsusi təyinatlı dəstə komandirinin müavini-qərargah rəisi, Vətən müharibəsi iştirakçısı mayor Elman İslamov baş çavuş E.İlyasovu hərbi xidmət dövründə və müharibə zamanı peşəkar xüsusi təyinatlı, cəsur döyüşçü kimi xarakterizə etdi.

Azərbaycan Respublikası Prezidentinin imzaladığı 29.12.2020-ci il tarixli müvafiq sərəncamlarla baş çavuş E.İlyasov “Şuşanın azad olunmasına görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.

2019-cu ilin oktyabr ayının 3-də Elmar ailə qurub. Müharibədən ailəsinə sağ qayıtması doğmaları üçün böyük xoşbəxtlikdir. Anası Kəmalə İlyasova Elmarla qürur duyduğunu söylədi, bütün qazilərin hörmət və ehtirama layiq olduqlarını dedi.

Qazilik fədakarlıq və el-obanın gözündə mənəvi ucalıq deməkdir. Məqalədə haqqında söhbət açdığım döyüşçünün timsalında da bu həqiqət bir daha öz təsdiqini tapır.

                                                                                                  alçın Abbasov,

DİN-in Daxili Qoşunlarının veteranı, tədqiqatçı-jurnalist

 

 

 

Yorum Gönder

Daha yeni Daha eski