Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

Əsrdən artıq ömür

        Hal-hazırda Xocalı rayonunda ən uzun ömürlü sakinlərimizdən biri Əliyeva Fatma Məhəmmədəli qızıdır. Fatma Əliyeva 1919-cu il iyul ayının 1-də anadan olub, lakin sənədlərdə 1921-ci il təvəllüdü ilə qeydiyyata alınıb. Fatma nənənin əsli-kökü Dərələyəz mahalının Gədikvəng kəndindəndir. Anası Güllü xanım Fatmaya hamilə ikən ailəsi ermənilərin təcavüzü nəticəsində dədə-baba torpaqlarını tərk etmək məcburiyyətində qalaraq Beyləqanda məskunlaşır. Fatma gözlərini Beyləqanın Şahsevən kəndində dünyaya açır.   

        Fatma xanım 1936-cı ildə Əliyev Bəhlul İbrahim oğlu ilə ailə həyatı qurub. Bəhlul kişi Böyük Vətən Müharibəsində iştirak edib, müharibədə yaralanıb, II qrup əlil olub. Ailə 1959-cı ildə Xocalıya köçüb. 

        Erməni cinayətlərinə uşaq yaşlarından şahidlik edən Fatma nənə Xocalı soyqırımı müsibətlərinin ağrı-acısını yaşayıb. Onun iki qızı, iki nəvəsi 12 gün meşədə qaldıqdan sonra erməni quldurlarının pusqularından yayına bilərək 8 mart günü Qarağacı qəbiristanlığına gəlib çıxa biliblər. Kürəkəni Qasımov Məhəmməd Salman oğlu Dəhraz kəndi yaxınlığında ermənilər tərəfindən girov götürülüb, aldığı sarsıntılara görə bir neçə ildən sonra rəhmətə gedib. Digər kürəkəni İmani Malik Ağayar oğlunu Fatma ananın qızının gözləri önündə güllələyiblər, meyiti meşədə qalıb. Nəvəsinin həyat yoldaşı Qarayev Yusifəli Süleyman oğlu taleyi naməlum olan həmvətənlərimizdən biridir.

        Keşməkeşli həyat yaşayan, 8 övladı, 33 nəvə, 67 nəticə, 31 kötücəsi olan Fatma nənə torpaqlarımızın işğaldan azad olunmasını görən xoşbəxt insanlardandır. Şanlı Vətən Müharibəsində Fatma nənənin iki nəticəsinin də imzası vardır. 

        Fatma nənəni 100 illik yubileyi münasibətilə təbrik edir, ona Allahdan möhkəm cansağlığı, uzun ömür, tezliklə Xocalı torpağına qədəm qoymağını arzulayırıq.  

        Təbrik edir: Xocalı rayon ictimaiyyəti




Paylaşın:

Hiç yorum yok:

Yorum Gönder

XOCALI SOYQIRIMINI UNUTMA!

Xocalılar viran qəbirlərin axtarışında

                     Bəşər tarixində ən dəhşətli soyqırıma məruz qalan xocalılar 30 ilə yaxındır torpaq həsrətilə bərabər, həm də işğal altı...

Bizə yazın

Ad

E-posta *

Mesaj *

Ən çox oxunan

Blogger tarafından desteklenmektedir.