Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

VƏTƏN SƏMASINDA RUHU SEVİNƏN İGİD DÖYÜŞÇÜ...

         Ana dilimizdə fədakarlığa səsləyən, döyüş ruhu aşılayan və ehtiram hissi doğuran Vətən, şəhid, qazi sözləri qan yaddaşımızda əbədi olaraq qalacaqdır. Vətən torpağında yaşamaq xoşbəxtlik, onun müdafiəsi, bütövlüyü uğrunda vuruşmaq isə ləyaqətlilik, dəyanətdir. Şəhidlərimiz və qazilərimiz xalqımızın şərəfini ucaldan, ulu əcdadlarımızın təməlini qoyduqları hərbi ənənələri öz igidlik nümunələri ilə zənginləşdirən qeyrətli oğullardır. Ərazi bütövlüyümüzün bərpa olunmasında onların hər birinin müstəsna xidməti var.

44 günlük Vətən müharibəsində Daxili İşlər Nazirliyinin Daxili Qoşunları qarşısına qoyulan döyüş tapşırıqlarını rəşadətlə yerinə yetirib. Hərbi qulluqçularımızın ön cəbhədə göstərdikləri hünər və peşəkarlıq Vətən müharibəsi salnaməsində xüsusi olaraq öz əksini tapıb.

Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olmuş baş çavuş Qurbanov Ruslan Üzeyir oğlu Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan xüsusi təyinatlılarımızdan biridir. Onun ömür yolunu tədqiq etdim, ailə üzvləri və silahdaşları ilə danışdım, xidməti sənədlərdən zəruri məlumatlar topladım.

Ruslan 1991-ci il sentyabrın 7-də Biləsuvar rayonunun Ağalıkənd yaşayış məntəqəsində anadan olub. Üzeyir Qurbanov və İlhamə Şəmiyevanın qurduğu ailədə böyüyərək boya-başa çatan Ruslanın iki bacısı, bir qardaşı var. Qurbanovlar ailəsinin ikinci övladı olan Ruslan vətənpərvər ruhda tərbiyə edilib.

        Atası Birinci Qarabağ müharibəsinin iştirakçısıdır, Füzuli və Cəbrayıl rayonlarının müdafiəsi uğrunda erməni işğalçılarına qarşı döyüşüb. Həmin müharibədən Ağalıkəndin iki nəfər sakini sağ qayıtmayıb.

Ağalıkənd tam orta məktəbinin məzunu olan Ruslan müəllimləri və yoldaşlarının hörmətini qazanıb. O, rəsmlər çəkməyə maraq göstərib, idmanla da məşğul olub. Məktəb illərindən hərbçi peşəsinə rəğbətlə yanaşıb. Doğmalarına öz qayğısını əsirgəməyən, həmkəndlilərinin hörmətini saxlayan gənc idi.

2009-cu ilin oktyabr ayında Ruslan müddətli həqiqi hərbi xidmətə çağırılıb. Müdafiə Nazirliyinin Daşkəsən rayonunda yerləşən “N” saylı hərbi hissəsində hərbi xidmət keçib. 2011-ci ilin aprel ayında ordu sıralarından ehtiyata buraxılıb.

        2013-cü ilin may ayının 10-da Ruslan Daxili Qoşunların sıralarına müddətdən artıq həqiqi hərbi xidmətə qəbul olunub. Belə-liklə, həyatını hərbi xidmətə bağlamağı qərar verib. Həmin vaxtdan Vətən müharibəsinədək olan dövrdə qoşunların Gəncə şəhərində yerləşən “N” saylı hərbi hissəsində xidmət edib. Hərbi hissədə xüsusi vasitələrin tətbiqi dəstəsinin xüsusi vasitələrin tətbiqi bölməsində xüsusi vasitələrin tətbiqi qrupunun yarımqrupunda atıcı, xüsusi təyinatlı dəstədə xüsusi həmlə qrupunun yarımqrupunda pulemyotçu vəzifələrinə təyin edilərək ona göstərilən etimadı doğruldub. Öz funksional vəzifələrini vicdanla yerinə yetirib. Xüsusi təyinatlı kimi döyüş hazırlığının qorunub saxlanılması və yüksəldilməsi üçün daim əzmlə çalışıb. Təlimlərdə, məşğələlərdə təhkim olunmuş silahın, xüsusi vasitələrin taktiki-texniki xüsusiyyətlərini dərindən mənimsəyib, peşə bilikləri və vərdişlərinin təkmilləşdirilməsi baxımından öz bacarığı ilə seçilib. Xidmət etdiyi bölmənin qarşısına qoyulan tapşırıqların yerinə yetirilməsində ayıq-sayıqlıq nümayiş etdirib. Nümunəvi xidməti nəzərə alınaraq komandanlıq tərəfindən müntəzəm olaraq mükafatlandırılıb.

2020-ci ilin 27 sentyabrında erməni işğalçılarına qarşı başlayan Vətən müharibəsi minlərlə xüsusi təyinatlı kimi Ruslanın da həyatının ən şərəfli döyüş sınağı oldu. O, öz döyüşçü keyfiyyətləri ilə bu sınağa hazır idi. Hərbi hissənin xüsusi təyinatlı dəstəsinin şəxsi heyətinin tərkibində müharibənin ilk günündən ön cəbhəyə göndərilərək düşmənə qarşı qətiyyətlə vuruşub. Onun zamanca qısa döyüş yolu Kəlbəcər rayonu istiqamətində, Murovdağ ərazisində keçib. Mürəkkəb dağlıq relyefə, qeyri-sabit hava şəraitinə malik bu ərazidə atəş altında hücuma keçərək işğalçıların müdafiə xəttinin yarılması çətin döyüş tapşırığı idi. Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin xüsusi təyinatlıları ilə birgə qoşunların xüsusi təyinatlılarının da daxil olduqları qruplar təcavüzkarın Murovdağdakı mövqelərinə tutarlı atəş zərbələri endirərək onu ciddi itkiyə məruz qoyublar.

Daxili Qoşunların Quba rayonunda yerləşən “N” saylı hərbi hissəsində xüsusi təyinatlı dəstənin komandiri, Vətən müharibəsi iştirakçısı mayor Zaur Rəhimov bildirdi ki, o, Gəncədəki “N” saylı hərbi hissədə xüsusi təyinatlı dəstənin komandiri olarkən Ruslan onun tabeliyində xidmət edib. Xüsusi təyinatlının nizam-intizamlı hərbi qulluqçu olduğunu, atəş və fiziki hazırlığında yüksək nəticələr göstərdiyini, o vaxt onun pulemyotçu vəzifəsinə təyin edilməsi üçün vəsatət qaldırdığını söylədi. Məlumat verdi ki, Ruslan zoğalı beret daşıma hüququ uğrunda yarışa da cəlb olunub, lakin dizindən zədə aldığından məqsədinə çatmayıb. Bununla yanaşı, xüsusi həmlə qruplarının yarışlarında uğurla iştirak edərək 1-ci və 3-cü yerləri tutub. Ötən il Vətən müharibəsindən əvvəl xüsusi təyinatlı bölmələrin təlim toplanışında iştirak etdiklərini də nəzərə çatdırdı.

Mayor Z.Rəhimov dedi ki, Ruslan Murovdağ uğrunda döyüşlərdə yenilməz iradəyə malik və qorxmaz hərbi qulluqçu kimi fərqlənib, son nəfəsinədək içdiyi hərbi anda sadiq qalıb.

Daxili İşlər Nazirliyinin İsmayıllı Rayon Polis Şöbəsinin Post-Patrul Xidməti Bölməsinin komandir müavini, Daxili Qoşunların sabiq hərbi qulluqçusu, Vətən müharibəsi iştirakçısı polis baş leytenantı Qurban Səfərli məlumat verdi ki, Ruslanın qrup komandiri olub. Onun təlimlərdə yüksək məharət göstərdiyini vurğuladı: “Heç vaxt yorulduğunu büruzə verməzdi, yoldaşlarından kimsə yorulduqda ona kömək edərdi. Həmişə döyüşlərin başlamasını səbirsizliklə gözlədiyini deyirdi. Şəhidlərin qisasını almağı və bu yolda həyatını qurban verməyi ən şərəfli amal hesab edirdi. Elə bil ki, bu ali məqama ucalacağını öncədən duymuşdu.

Müharibə başlayanda qrupda bütün silahlara uyğun sursat paylandı. Ruslanın pulemyot silahına daha çox sursat lazım idi. Dedik ki, bu sayda sursat apara bilməzsən, bölək, razılaşmadı, özü götürdü. “Elə yerdə lazım olar ki, uzaqda olarsınız” - deyə söylədi. Sentyabrın 27-si axşam müəyyən olunmuş istiqamət üzrə bir neçə qrupla irəliləməyə başladıq. Murovdağda hərəkət etmək çətin idi. Həm döyüşürdük, həm də yüksəkliklərə qalxırdıq. Kəlbəcər istiqamətində düşmənin iki postunu ələ keçirdik. Sonrakı tapşırığımız Susuzluq kəndini azad edərək burada mövqeyimizi möhkəmləndirmək idi. Bu plan dəyişdi, döyüş şəraiti nəzərə alınaraq geri qayıtmaq əmri verildi. Sentyabrın 28-də düşmən bizim qüvvələrin yerini təsbit edərək iriçaplı silahlardan, o cümlədən, minaatanlardan atəşə tutdu. Ruslanı sonuncu dəfə görəndə pulemyotun lentini belinə dolamışdı. İşğalçılara pulemyotdan atəş açarkən minaatan mərmisinin partlayışından ağır yaralanaraq şəhid oldu”.

        Gəncədə fəaliyyət göstərən “N” saylı hərbi hissənin sabiq hərbi qulluqçusu, Vətən müharibəsi qazisi, II qrup əlil Ümman Baxşalıyev də Ruslanla birgə xidmət edib və döyüş bölgəsinə yollanıb. O, Murovdağ uğrunda döyüşlərdə Ruslanın və digər xüsusi təyinatlılarımızın şücaət göstərdiklərini dedi. Onun sözlərinə görə, Ruslan döyüşlərə qatıldığı gündən yoldaşlarına ruh yüksəkliyi aşılayırdı. Pulemyotun döyüş dəstini tək daşıyırdı. Sərrast atəşi ilə işğalçıların atəş nöqtələrini susdururdu. Postlardan birində düşmənin 7 nəfər hərbçisini məhv etmişdi. Ümman danışdı ki, Murovdağda olarkən xüsusi təyinatlılarımıza digər istiqamətdə hərəkət etmək tapşırılıb. Döyüşçülərimiz təhlükəli zonadan çıxarkən düşmən onların yerini aşkarlayıb və minaatanlardan atəş açıb. Bu zaman bir sıra hərbi qulluqçularımız şəhid olub və yaralanıblar. Onların arasında Ruslan da vardı.

Göygöl Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilən 3 oktyabr 2020-ci il tarixli ölüm haqqında şəhadətnamədə R.Qurbanovun 28.09.2020-ci il tarixdə hərbi əməliyyatlar nəticəsində kəllənin və üz sümüklərinin sınığı yaralanmasından həlak olduğu barədə qeydlər öz əksini tapıb.

Şəhid hərbi qulluqçumuz Ağalıkənd qəbiristanlığında dəfn olunub.

Azərbaycan Respublikası Prezidentinin imzaladığı 15 dekabr 2020-ci il tarixli,        29 dekabr 2020-ci il tarixli müvafiq sə-rəncamlarla baş çavuş R.Qurbanov ölümündən sonra “Vətən uğrunda” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.

“Aran” Uşaqların Sağlam Gələcəyi İctimai Birliyinin sədri İbrahim Hüseynovun tərtibçisi olduğu, “Radius” mətbəəsində işıq üzü görən “Qələbə şəhidləri” kitabında Ruslan haqqında məlumat verilib.

Ağalıkənd sakinlərinin xoşməramlı təşəbbüsü və birgə zəhməti nəticəsində kənddə şəhid həmyerlilərinin xatirəsinə abidə ucaldılıb. Qeyd edim ki, Vətən müharibəsində bu kənddən 6 nəfər soydaşımız şəhidlik zirvəsinə ucalıb.

2020-ci il martın 1-də Ruslan ailə qurub. 2021-ci il yanvarın 5-də onun oğul övladı dünyaya gəlib, öz adını daşıyır.

Hərbi qulluqçumuzun istedadının bəhrəsi olan rəsmləri, müxtəlif əl işləri ondan yadigar qalıb. Ailəsi tərəfindən evdə şəhidə həsr olunan xatirə guşəsi yaradılıb.

Şəhidin atası Üzeyir Qurbanov qeyd etdi ki, Ruslan doğma kəndində xeyirxah işlər görüb, həyatda dürüst, əqidəsinə sadiq, dostluqda etibarlı, inanclı insan kimi yaşayıb. Hərbi qulluqçu adına heç vaxt xələl gətirməyib, hərbi formanı qürurla daşıyıb.

Ürəyi Vətən sevgisi və düşmənə nifrət hissi ilə döyünən Ruslan hərbçi olaraq arzusuna qovuşdu, igid döyüşçü kimi müqəddəs şəhidlik məqamına ucaldı.

 Allah rəhmət eləsin!

Yalçın Abbasov,

DİN-in Daxili Qoşunlarının veteranı, tədqiqatçı-jurnalist

 

 

 

 

Paylaşın:

Hiç yorum yok:

Yorum Gönder

XOCALI SOYQIRIMINI UNUTMA!

Xocalılar viran qəbirlərin axtarışında

                     Bəşər tarixində ən dəhşətli soyqırıma məruz qalan xocalılar 30 ilə yaxındır torpaq həsrətilə bərabər, həm də işğal altı...

Bizə yazın

Ad

E-posta *

Mesaj *

Ən çox oxunan

Blogger tarafından desteklenmektedir.