İtkin və qərib ruhlar bir gün qovuşacaqlar

          “Xocalının səsi” qəzetinin fəaliyyət istiqamətlərindən biri də şəhid ailələri və əsirlik həyatı yaşamış sakinlərimizlə görüşlər təşkil etmək, onların yaşadıqları müsibətləri oxucularla bölüşmək və problemlərinin həllinə kömək olmaqdır. Bu məqsədlə Goranboy rayonu ərazisində salınmış Yeni Yaşayış massivində müvəqqəti məskunlaşmış Hüseynov Aleksandr Həsən oğlu (rus əsilli həkimin adı qoyulmuşdur, ancaq el arasında ona Şura deyirlər) ilə görüşümüz oldu. Şura dayı üçün danışmaq nə qədər çətin olsa da, ona suallar verdikcə dərdi dilə gəldi. İtkin övladlarının dərdi Şura kişinin vaxtsız-vədəsiz qocaldıb...

         Şura kişi 1941-ci ildə Xankəndində dünyaya göz açıb. Onun atası Böyük Vətən Müharibəsində həlak olmuşdur. 1947-ci ildə anası ailəni dolandırmaq üçün Xocalıya köç edib və orada fəhləlik etməyə başlayıb. Şura kişi 1968-ci ildə Xocalı sakini Diləzbər xanımla ailə həyatı qurub. Sovxozda traktorçu işləyən Şura kişi dördü oğul, biri qız olmaqla beş övlad böyüdüb. Xocalı soyqırımından övladlarının gənc və yeniyetmə yaşlarında tale yollarında ayrılıqlar olub. İntizarlı yolun o başında - doğma torpağın səmalarında ruhlar əzizlərinin yolunu gözləyir, yolun bəri başında isə xəyallar qanad açıb Xocalıya tərəf üz tutur. Bilinir ki, nə vaxtsa doğma ruhlar görüşə biləcək. Doğrusunu desəm, artıq ümidləri çoxdan üzülüb Şura dayının. Onunla danışarkən qorxa-qorxa, çəkinə-çəkinə itkin övladlarına Allahdan rəhmət dilədim. Özüm danşığıma bəraət vermək üçün fikirlərimə əlavə etdim ki, düşmən əlində yaşamaqdansa, ölmək yaxşı olar. Başını aşağı-yuxarı edərək “düzdür” – deyən ata taleyin acı qismətini çoxdan qəbul etmişdi və mənə övladlarının yaşamağına inamı qalmadığını bildirdi.

         Şura dayının böyük oğlu Elnur 1972-ci il təvəllüdlüdür. Xocalı soyqırımı axşamı o, evə gələrək ermənilərin yaxınlaşması xəbərini verdikdən sonra ailənin üzvləri məktəbə tərəf üz tutur. Ailənin yeganə qızı olan Rəsmiyyə, anasının xalaqızı Məxmər Hüseynovanın (Milli Qəhrəman Tofiq Hüsüynovun həyat yoldaşı) yanında qalırmış. Elnurdan balaca olan oğlu Emin bacısını da götürüb doğmaları ilə məktəbin qarşısında görüşmələri üçün vədələşirlər. Ancaq Hüseynovlar ailəsi nə qədər gözləsə də, Emin və Rəsmiyyə onların yanına gəlmir. Kətik dağı tərəfinə üz tutmağa məcbur olan ailə meşədə də onları görə bilmir. Ölümlü-itimli yollarla Ağdamın Şelli kəndinə özünü yetirən didərginlər taleyin oyununa boyun əyməli olurlar. Sonrakı vaxtlarda Emin və Rəsmiyyədən heç bir xəbər-ətər ala bilməyən ailə bu illərdə intizara, həsrətə məhkum olu. Bir ilə yaxındır həyat yoldaşını da itirən Şura dayı ömrünün son günlərində də olsa Xocalını görməyi, itkin düşmüş övladlarının ruhuna qovuşmağı arzulayır. 

Yorum Gönder

Daha yeni Daha eski