İTKİN ƏZİZLƏRİNİN TORPAĞINI, RUHUNU AXTARAN XOCALI QADINI

         Müsahibim Həsənova Xuraman Qaçay qızıdır. Xuraman Həsənova 1957-ci il yanvar ayının 9-da Xocalıda doğulub. O, 1972-1975-ci illərdə Bakı Plan-İqtisad Texnikumunda təhsil alaraq iqtisadçı ixtisasına yiyələnib. 1980-ci ildə Mirzə Bağırovla ailə həyatı qurub. Mirzə kişi Xocalıda südçülük sovxozunda xəzinədar işləyib.

Qardaşının, beş əmisi oğlunun itkisi ilə ürəyi dağlanan Xocalı qadını müsibətli günləri göz yaşları içində danışdı. Xuraman Həsənovanın timsalında bir daha Xocalı qadınının fədakarlığına, analıq hissinin gücünə, eyni zamanda dözümünə şahid oluruq.

-  Qızımı axırıncı vertolyotla nənəsi ilə birlikdə Xocalıdan çıxartmışdıq. Fevral ayının 25-i axşam təxminən saat 11 radələri olardı ki, ermənilər ağır texnikalarla Xocalıya hücuma keçdilər. Həmin axşamı yoldaşım gəlib məni və iki oğlumu qonşumuz Eldarın zirzəmisinə apardı. Zirzəmidə gözləməli olduq. Döyüşlər getdikcə şiddətlənir və atışma səsləri yaxınlaşırdı. Təxminən on Xocalı ailəsi də bizimlə birlikdə zirzəmidə idi. Bir neçə saat gözlədikdən sonra çıxmalı olduq. Xocalının kənarına gəldik. Deyirdik ki, bəlkə geri qayıdarıq. Körpüyə çatanda yoldaşım, poçtun müdiri Cavan və Kamil Məmmədovla birgə şəhərdə qalanları çıxarmaq üçün geri qayıtdı. Ancaq onu çayın kənarında xeyli gözləsək də, gəlib çıxmadı. Ürəyimdə fikirləşdim ki, ya vurdular, ya da ki, əsir düşdü. Camaat Kətiyə tərəf çıxıb getdi, biz isə bir müddət orada qaldıq. Əlacsız qalıb biz də Kətik dağına üz tutmalı olduq. Corablarımı çıxardaraq Qarqarçayını keçdim. Uşaqları da çayın o biri sahilinə apardım. Böyük oğlumun 11, kiçik oğlumun isə 6 yaşı vardı. Corabımı geyinə bilmədim. Çəkməni ayağıma bir təhər geyinərək üzüyuxarı meşəyə sarı qalxdıq. Həmin vaxt qar çox yağmışdı. Soyuq qış gecəsində uçurumlarla Kətiyə qalxırdıq. Bir addım irəli atanda iki addım geri düşürdük. Arxadan gəlib bizə qoşulanlar kömək etməyə çalışsalar da, axırda hər kəs öz halına qalırdı. Səslərin arasından kiminsə qardaşım Rövşənə bacının da burada olduğunu deməsini eşitdim. Rövşən camaata kömək edirdi. Bizə yaxınlaşanda şərfini çıxardıb kiçik oğlum Raminin boynuna bağladı. Şərfi bağlayan zaman silahını döyüş yoldaşlarından birinə saxlamağa verdi. Lakin sonra həmin döyüş yoldaşı uzaqlaşdığı üçün özü silahsız qaldı. Qaraqayada qarşısı kəsilərək atəşə məruz qalan və canını güc-bəla ilə qurtaran təxminən 300-400 insan da bizə qoşuldu. Qardaşım silahlılarla birlikdə qabaqda gedərək bizi təhlükədən qorumağa çalışırdı. O, Xocalı Özünümüdafiə Batalyonunun bölmələrindən birinin komandiri idi. Biz camaatla ayaqlaşa bilmədiyimiz üçün arxada qaldıq. Meşə ilə getməli olduq. Çantamda kibrit var idi, amma ocaq qalaya bilmədim. Paltomu çıxardıb kiçik oğluma bükdüm, kəməri ilə bağlayıb uşağı yerlə çəkdim. Uşaqlar su istəyirdilər, mənsə onlara qar verdim. Meşədə qalsaydıq donacağımızı bilirdim. Ona görə də hərəkət etdik. Meşə ilə gedəndə hənirti eşitdim. Bir az irəliləyəndə tonqal işığını gördüm. Tonqalın ətrafına camaat yığılmışdı. Biz camaata çatmamış qardaşımı səslədim. Qardaşım və qaynım Elşən yanımıza gəldi. Bizi tonqalın ətafına apardılar. Bir qədər sonra ocağı söndürdülər ki, yerimiz bilinməsin. Səhərə yaxın hava işıqlanmamış məsləhət oldu ki, burada dayanmaq olmaz, yola davam etmək lazımdır. Abdal-Gülablıya kəndinə tərəf getmək istəyirdik. Bir bələdçi dedi ki, mən yolu tanıyıram. Səhər saat 11 radələri olardı. Meşədən kənara çıxanda bir kənd gördük. Bizi kəndin qarşısından Azərbaycan dilində səslədilər. Azərbaycanlılar yaşayan kənddir, gəlin dedilər. Yorğun, soyuqdan donan camaat kəndə tərəf yaxınlaşdı. Kəndə çatar-çatmaz camaatı gülləbaran etdilər. Zəhra arvad, Xalidə arvadın cavan oğlu elə oradaca şəhid oldu. Silahı olan bir neçə nəfər müqavimət göstrdi. Camaat isə sıldırım dağın sinəsinə tərəf keçdi. Daha çox insan qətlə yetirilməsin deyə təslim olmaq məcburiyyətində qaldıq. Əsirləri ferma kimi yerə yığdıqdan sonra üstümüzdəki sənədlərimizi, zinət əşyalarımızı əlimizdən aldılar. Əsirlərin arasından 13 nəfər qamətli oğulları seçib apardılar. Aparılanların arasında qardaşım, biri qaynım olmaqla beş əmim oğlu da var idi. Bir qədər sonra çöldən avtomat səsləri gəldi. “KamAz” maşının səsini də eşitdik. Bilmədik ki, onları güllələndilər, yoxsa “KamAz”a yığıb apardılar. Onların sonrakı aqibətlərindən bu günədək heç bir xəbər yoxdur. Elə bil həmin insanlar həyatda olmayıb.

O soyuq, şaxtalı, müsibətli gecədə fədakar Xuraman ananın qahmar çıxdığı oğulları bu gün Vətənə layiqincə xidmət edirlər. Böyük oğlu Elməddin Bağırov Xocalı Rayon Gənclər və İdman İdarəsinin rəisi vəzifəsində çalışır. Kiçik oğlu Ramin Bağırov isə Xocalı Rayon Polis Şöbəsində polis nəfəri kimi xidməti vəzifəsini icra edir. Onlar anaya, Vətənə olan mənəvi borcun qarşılığında məsuliyyət və şərəflə işləməyi qarşılarına məqsəd qoyublar. “Azərbaycan Bayrağı” ordenli itkin düşmüş qardaşı Rövşənin və beş əmisi oğlunun ölüb-qalmasından xəbəri olmayan Xuraman xanım daim intizar içindədir. Xuraman Həsənova Xocalıya gedərək əzizlərinin yatdığı torpağa sarılmağı, yaxud Xocalıda dolaşan ruhları haraylamaq, onlara qələbə müjdəsini vermək istəyir. 


 




Yorum Gönder

Daha yeni Daha eski