Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

Yurd həsrəti çəkən, şəhidlərimizin məzarlarını görmək üçün ürəkləri yanan xocalılara bu ziyarətlər təsəllidir

Dekabr ayının 24-də bir qrup Xocalı sakini Ağdama səfər edərək Şəhidlər Xiyabanını ziyarət etdilər. Bundan əvvəl oktyabr ayının 14-də ziyarətimiz baş tutmuşdu. Bu ziyarətin təşəbbüskarlarından və təşkilatçılarıdan biri olan Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin Goranboy rayonu üzrə Mənzil-Kommunal İstismar Sahəsinin rəisi Seymur Çobanov hər bir sakinin şəhidlərimizin ziyarət edilməsi istəklərinə həssaslıqla yanaşır, səfər ərəfəsində ziyarətçilərlə maraqlanır, təhlükəli yerlərə yaxınlaşmamaq üçün məlumatlandırırdı. Savab bir işə vəsilə olan Seymur müəllimə öz adımdan minnətdarlıq edirəm. Elimizin belə dəyərli, vətənpərvər oğulları həmişə var olsun...

İkinci ziyarətimizdə də eyni təəssüratı, eyni kədəri yaşadıq. Sevinclə kədərin qarışdığı bir məkanda doğma Xocalımıza da sədamız çatacaq qədər yaxın idik. Yenə şəhidlərimizin məzarlarını müəyyənləşdirməkdə çətinlik çəkdik. Yenə də Qaraqayaya, Naxçıvanlı kəndinə tərəf baxaraq dərindən köksümüzü ötürdük. Xocalı soyqırımı, o müsibətli günlər kino lenti kimi gözlərimizin önündə canlandı. Ağdamın Cümə Məscidinin qarşısında ümidlə doğmalarından xəbər gözləyən baxışlar bir daha yollara boylandı. Sözsüz ki, ömrümüzün axırına kimi Xocalı ağrısı bizim qəlbimizi dağlayacaqdır. Viran edilmiş qəbirlərin başında şəhidlərimizin yaxınları göz yaşları axıdaraq qəmli bayatılar söylədilər. Xocalıların bu ah-nalələri qarşıdan gələn fevral ayında daha da yüksək ərşə qalxacaq, ürəkləri parçalayacaqdır.

Yurd həsrəti çəkən, şəhidlərimizin məzarlarını görmək üçün ürəkləri yanan xocalılara bu ziyarətlər təsəllidir. Buna görə də belə ziyarətlərin tez-tez təşkil edilməsini və getmək imkanı olmayan sakinlərimizin də ziyarətlərinin gerçəkləşməsini arzulayırıq. 

Ağdamın Şəhidlər Xiyabanında qəbirlər tanınmaz haldadır. Erməni quldurları bu yerdə nə qədər fitnələr törədib, qəbirləri dağıdıb, şəhidlərimizin ruhlarını narahat ediblər. Şükürlər olsun ki, artıq doğma və əziz ruhların dolaşdığı müqəddəs yerləri ziyarət edirik. Bu görüşlərdə şəhidlərimizin ruhları da sevinir. Bununla belə, bir çox qəbirlərin tanınmaz olması şəhidlərimizin doğmalarını hələ də nigaran saxlayır. Xocalı sakinləri qəbirlərin tanınması və Şəhidlər Xiyabanının bərpası üçün aidiyyəti orqanlardan köməklik istəyirlər.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Qalib BƏYMƏMMƏDOĞLU,

Xocalı rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri 






















Paylaşın:

Hiç yorum yok:

Yorum Gönder

XOCALI SOYQIRIMINI UNUTMA!

Xocalılar viran qəbirlərin axtarışında

                     Bəşər tarixində ən dəhşətli soyqırıma məruz qalan xocalılar 30 ilə yaxındır torpaq həsrətilə bərabər, həm də işğal altı...

Bizə yazın

Ad

E-posta *

Mesaj *

Ən çox oxunan

Blogger tarafından desteklenmektedir.