Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

Erməni zindanında bir parça çörək istədiyi üçün dırnaqları çəkilən 15 yaşlı əsir

Müsahibim Musayev Ramil Səlim oğlu 1977-ci il avqustun 30-da Xocalıda dünyaya göz açıb. Atası Səlim kişi qaz idarəsində ekskvatorçu işləyib. Ailədə üç oğlan, bir qız olublar. Axırıncı vertolyotla anası, balaca qardaşı və bacısı Xocalıdan çıxa biliblər. Yeniyetmə yaşlarında müdhiş gecənin şahidi olmuş və erməni zindanında ağlasığmaz işgəncələrə məruz qalmış Ramil Musayev Xocalı soyqırımı və erməni vəhşilikləri haqqında məlumatların daha çox yayılması məqsədilə başına gətirilən müsibətləri “Xocalının səsi” qəzetinə danışdı.

-  Fevral ayının 25-i axşam saat 11 radələri olardı. Atışma səsləri altında mən yuxuya getmişdim. Nənəm məni yuxudan oyadaraq hər tərəfdən atəşə tutulduğumuzu dedi. Həmin günə qədər çoxlu atışmalar olsa da, budəfəki, ən güclüsü idi. Əvvəlcə qonşularla birlikdə həyətdəki sığınacağa girdik. Təxminən 1 saata qədər orada qaldıqdan sonra polis işçisi olan Tahir dayım yanımıza gəlib dedi ki, fin evləri içində adamlarla birlikdə yandırıblar. Məsləhət olundu ki, artıq burada qalmaq olmaz, gərək meşəyə tərəf üz tutaq. Biz sığınacağı tərk edəndə sınaryadın biri qonşumuzun, biri isə bizim evimizə düşdü. Atam yanan evimizi söndürməyə cəhd etsə də, artıq gec idi. Biz həyətdən küçəyə çıxanda körpələrin, qadınların, qocaların fəryad edərək hara gəldi qaçdıqlarını gördük. Ermənilər işıqlandırıcı fişənglər atırdılar ki, insanları görüb qırsınlar. Bir təhər Xocalı poçtunun yanına gələ bildik. Oraya yığışan ağsaqqallar məsləhət bildilər ki, Kətik dağına tərəf qalxmaq lazımdır. Şaxtalı, qarlı gecədə soyuqdan donurduq. Ayağıma ayaqqabı geyinsəm də, corab geyinməmişdim. Qarqarçay gur axırdı. Ayaqqabımı çıxardıb çayı keçməyə çalışanda sürüşüb çaya yıxıldım. Üst-başım islandı. İslanmış vəziyyətdə çayı keçərək camatla birlikdə uçurumlu yoxuşla Kətik dağına qalxdım. Dağın başına çatmağa az qalmışdı ki, erməni quldurları “BTR”-lə bizi atəşə tutdular. Hərə bir tərəfə pərən-pərən olub dağılışdı. Orada düşmən gülləsinə tuş gələrək şəhid olanlar oldu. Bəzilərimiz isə gülləbaran altında Qarqarçayın sahilinə enməyə məcbur oldu. Mən Qarqarçaya çatan zaman sağ ayağımın topuq nahiyəsindən güllə yarası aldım. Aldığım zərbənin gücündən ağaca çırpıldıqdan sonra başımdan da yaralandım. Huşumu qısa müddətdə itirdim. Gözümü açanda ağacdan asılı qalmış bir qadını gördüm. Həmin qadının ağacdan yerə damcılanan qanına baxdıqda məni qorxu bürüdü. Ona toxunub sağ olub-olmadığını soruşsam da, cavab yox idi. Mən yenidən camaatla birləşdim. Bu dəfə Xankəndinə tərəf yol aldıq. Yarım saaatdan sonra duman gəldi. Yanlış yolu seçdiyimizin fərqinə vardıqdan sonra yenidən Kətik dağına tərəf üz tutduq. İki gün meşə ilə yol getdik. Meşədə qarşımıza soyuqdan donmuş, işgəncələrlə öldürülmüş insanların meyitləri çıxırdı. Kətiyin qarşısında bir dağ var idi. Biz elə zənn etdik ki, həmin dağı aşdıqdan sonra Ağdama çatarıq. Lakin həmin dağı aşdıqdan sonra başqa bir dağı da aşmalı olduq. Səhərə yaxın saat 6-7 radələrində meşədən kənara çıxanda bir kəndə rast gəldik. Azərbaycanlıların yaşadığı kənd olduğunu düşünərək sevincək kəndə daha da yaxınlaşdıq. Kəndə yaxınlaşan kimi bizi Azərbaycan dilində çağıraraq “gəlin, qorxmayın” dedilər. Təxminən 60-70 nəfər olardıq. Yaxınlaşanda bizi atəşə tutdular. Bizim tərəfdən də silahı olanlar müqavimət göstərdilər. Amma həm silahımız az idi, həm də ki, ermənilər dinc əhalini hədəfə aldılar. Zəhra arvad yanımda idi, onu güllələdilər. Güllələri qurtaran döyüşçülərimiz təslim olmaq məcburiyyətində qaldılar. Mən orada atamdan, qardaşımdan ayrı düşdüm. Ancaq əsirlərdən kənarda olsam da, mən öz ayağımla atamın, qardaşımın yanına gəldim.

Atamla, qardaşım əsir düşəndə xeyli aralı idim. Qorxsam da, doğmalarımın yanına getməyi seçdim.

Ermənilər bizi əsir tutduqdan sonra dağın ətəyində yerə vedrə qoyaraq kimin üstündə nə varsa - pul, zinət əşyası, sənəd, hamısını yığıb vedrəyə atmağımızı əmr etdilər. Əgər kimin üstündə sonra nəsə görsələr, həmin əsirin başını kəsəcəklərini bildirdilər. Daha sonra bizi aparıb kəndin xeyir-şər evinə yığdılar. Bizi xeyli orada ac-susuz saxladıqdan sonra çiy kartof gətirib verdilər. Acımdan, yorğunluğumdan, aldığım yaradan taqətim qalmamışdı. Beş gün idi ki, ac-susuz idim. Meşədə itburnu, qurumuş yarpaq yemişdim, susuzluğumu qar yeməklə yatırmağa çalışmışdım. Mən ağlaya-ağlaya düşmən zindanında bir parça çörək istədim. Mənfur xislətli, insanlıqdan kənar olan məxluqlardan çörək istəməyim ömrüm boyu unuda bilməyəcəyim işgəncələrə məruz qalmağıma səbəb oldu. Mənə “gəl, gedək, sənə çörək verəcəyik” deyərək əsir tutulan döyüşçülərə xüsusi işgəncələr etdikləri otağa apardılar. Erməni quldurunun biri əlimi arxadan bağladı. Əvvəlcə vintaçan ilə ayaq dırnaqlarımı çəkib çıxardılar. Ah-naləm, qışqırtım göylərə qalxdı. O ağrılara necə dözüm gətirib ölmədim indi inana bilmirəm. Sonra başqa erməni qulduru avtomatın süngüsü ilə məni qarnımdan bıçaqladı. Mən yerə yıxılanda başıma çoxlu təpiklər vurdular. Aldığım zərbələrdən, çəkdiyim ağrı-əzablardan huşumu itirdim. Məni ölümcül vəziyyətdə gətirib əsirlərin yanına tullayıblar. Atam mən görəndə dəhşətə gələrək ürəyi gedib. Atam üçün də əsirlik həyatı dözülməz oldu. Həm özünə verilən işgəncələr, həm də mənim halımı görmək onu sarsıtmışdı. Atam özünə gəldikdən sonra köynəyini cıraraq yaramı bağladı. Çox qan itirmişdim. Bir müddətdən sonra qarnımın bıçaqlanan yeri çirk etməyə başladı. Ağrısına dözə bilmirdim. Tullantı yeməkləri gətirib qabağımıza atırdılar. Əsirlərə hər gün ağlasığımaz işgəncələr verirdilər.

Azrəbaycanın Milli Qəhrəmanı Allahvedi Bağırovun vasitəçiliyi ilə bizi Qarağacı qəbiristanlığı yaxınlığında əsirlikdən azad etdilər. Əsirlikdən azad olunduqdan sonra müalicə olunmaq üçün Bakıya göndərdilər. Həkimlər ayağımın kəsiləcəyi təqdirdə yaşaya biləcəyimi dedilər. Rusiyada yaşayan Sabir dayım məni müalicə olunmağım üçün yanına apardı. Rusiyada 5 ilə yaxın fiziki, psixoloji müalicə aldıqdan sonra səhhətim düzəlməyə başladı. Orada 14 il yaşadıqdan sonra Vətənə qayıtdım.

Xocalı soyqırımında anamın dayısı Zəkara kişinin yoldaşı, anamın dayısı oğlu Taleh, onun oğlu Samir, digər dayısı oğlu Əkbər və qızı Sevinc, atamın bacısının yoldaşı İsmayıl, atamın bibisi oğlu Təvəkkül və onun azyaşlı əkiz oğlanlarından biri şəhid oldular.

Müsahibə əsnasında Ramil qardaş qarşılaşdığı müsibətləri yada saldıqca sanki həmin ağrıları yenidən yaşadı. Ancaq onun gözlərində 44 günlük müharibədə əldə etdiyimiz Şanlı Qələbəmizlə parıldayan qürur hissini də gördüm. Vətən müharibəsində Müzəffər Azərbaycan əsgərlərinin Xocalı cəlladlarını da məhv etməsi Ramil Musayevin qisas arzusunu gerçəkləşdirmiş oldu.

                               

                            


Paylaşın:

Hiç yorum yok:

Yorum Gönder

XOCALI SOYQIRIMINI UNUTMA!

Xocalılar viran qəbirlərin axtarışında

                     Bəşər tarixində ən dəhşətli soyqırıma məruz qalan xocalılar 30 ilə yaxındır torpaq həsrətilə bərabər, həm də işğal altı...

Bizə yazın

Ad

E-posta *

Mesaj *

Ən çox oxunan

Blog Arşivi