Qalib ölkənin qalib gəncləri

        2 Fevral Azərbaycan Gəncləri Günüdür. Azərbaycan gəncləri Ulu öndərimiz Heydər Əliyevin onlara ən böyük hədiyyəsi olan Azərbaycan Gəncləri Gününün təsis edilməsinin 25 illiyini qalib ölkənin qalib gəncləri kimi sonsuz ruh yüksəkliyi ilə qeyd edirlər.

Ümummilli liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulan dövlət gənclər siyasəti ölkə gəncliyinin inkişafında dərin izlər buraxıb.

Ulu öndərin 1997- ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, hər il fevralın 2 - si Azərbaycan Gəncləri Günü elan edilib.

Daim Azərbaycan gənclərinin yanında olan Prezident İlham Əliyev həmişə olduğu kimi bu il də Gənclər Günündə gənclərlə görüşüb. Azərbaycan Gənclərini təbrik edən Prezident gənclərlə bağlı bir sıra məsələlərə toxunub. O qeyd edib ki, gənclər siyasəti daim dövlətin prioriteti sırasındadır. Gənclər Günü təsis ediləndən bu günə qədər bir nəsil dəyişdi və Azərbaycan dəyişdi. O vaxtkı Azərbaycan reallıqlarına nəzər salsaq, görərik ki, o vaxt vəziyyət çox ağır idi,müstəqilliyin cəmi altı yaşı var idi. Ölkə qarşısında çox ciddi fundamental problemlər dayanmışdı. Amma ümidlər var idi ki, tezliklə hər şey həllini tapacaq. 25 il bundan əvvəlki gənclərin arzularını bu günki gənc nəsil həyata keçirdi. Cəmiyyətin böyük hissəsini təşkil edən gənclər ölkəmizin həyatında çox önəmli rol oynayır. Gənclərin təşəbbüsləri, əməyi bu gün hər yerdə, hər sahədə görünür.

Cənab Prezidentimiz öz çıxışında bildirib ki, bu gün ölkə qarşısında əsas vəzifə - Qarabağ məsələsi öz həllini tapmışdır. Vətən müharibəsində gənclərin rolu həlledici olmuşdur və biz haqlı olaraq gənclərimizlə fəxr edə bilərik.Bu qələbənin səbəbkarlarından olan gənclərimiz hər bir sahədə inamla addımlayırlar.

Biz azad, özünəgüvənən bir ölkədə yaşayırıq. Belə bir ölkənin gəncləri də öz gələcək həyatını müəyyən etmək üçün və dövlətə maksimum xeyir vermək üçün fəal olmalıdırlar.

İnamla deyə bilərik ki, ölkəmizdə gənc nəslin problemlərinin həlli, onların cəmiyyət həyatında layiqli təbəqə kimi iştirakının təmin olunması üçün həyata keçirilən bütün zəruri tədbirlər Azərbaycan gəncliyini daha da işıqlı gələcəyə aparacaq. Bu yolda gənclərimizin ən böyük dəstəkçisi məhz Azərbaycan Prezidenti İlham Əliyevdir.

Bəli, Azərbaycan gəncləri çox xoşbəxt gənclərdir ki, onların ən böyük himayəçisi Cənab Prezidentimiz İlham Əliyevdir.

Məqaləni hazırladı: Sevda Məmmədova,

Xocalı Rayon Əli Kərim adına Başkənd kənd tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəlliməsi

 

Yorum Gönder

Daha yeni Daha eski