Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

Xocalı Soyqırımı: Beynəlxalq Humanitar Hüquq Kontekstində

        1988-ci ildən başlamış Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi tarixində ən dəhşətli hadisələrdən biri Xocalıda baş vermiş soyqırım oldu. Bu hadisə öz qurbanlarının məruz qaldığı açıq vəhşilik və qeyri-insani hərəkətlərin, pozulmuş insan hüquqlarının miqyasına görə bizə məlum olan dünya tarixində baş vermiş digər soyqrımlarla bərabər səviyyədə durur.

        İki yüz ilə yaxın bir müddətdə erməni millətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı olan Xocalı soyqrımı mənfur düşmənin iç üzünün olduğu kimi açıldığı bir faciə oldu. Xocalı soyqırımı zamanı 106 qadın, 63 uşaq, 70 qoca olmaqla 613 şəxs məhz azərbaycanlı olduqlarına görə ağlasığmaz vəhşiliklə qətlə yetirildi, 487 dinc sakin ağır yaralandı, 1275 nəfər isə girov götürüldü. Soyqrımın qurbanları diri-diri yandırılmış, başları kəsilmiş, üzlərinin dərisi soyulmuş, körpə uşaqların gözləri çıxarılmış, süngü ilə hamilə qadınların qarınları yarılmışdır. Ermənilər hətta meyitləri də təhqir etmişlər.

         Ermənistan tərəfindən insanlıq əleyhinə törədilmiş bu dəhşətli cinayətlər nəticəsində insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində mövcud olan beynəlxalq sənədlərin, o cümlədən 1949-cu il Cenevrə Konvensiyalarının, Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiyanın, İşgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və cəza növlərinə qarşı Konvensiyanın, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın, İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Paktın, İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiyanın, Uşaq hüquqları haqqında Konvensiyanın və İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının tələbləri kobud şəkildə pozulub.

        Xocalıda insanların məhz etnik mənsubiyyətinə görə və məqsədli şəkildə kütləvi məhvi BMT Baş Məclisinin 1946-cı il 11 dekabr tarixli qətnaməsinə və 1948-ci il 9 dekabr tarixli qətnaməsi ilə qəbul olunmuş Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiyaya əsasən soyqırımı cinayəti kimi tövsif edilməlidir. Həmçinin Xocalı soyqrımı Ermənistanın təcavüzü nəticəsində başlanmış silahlı münaqişənin gedişatında baş verdiyindən həmin faciə zamanı törədilmiş cinayətlər bütün dövlətlər tərəfindən yerinə yetirilməli öhdəlik-lər olan, beynəlxalq adət hüququ kimi formalaşmış beynəlxalq  hümanitar hüquq normalarına əsasən də tövsif edilməlidir. Məlumdur ki,  beynəlxalq hümanitar hüquq – silahlı münaqişələr zamaın tətbiq olunan, döyüş aparılmasının müəyyən üsul və metodlarının tətbiqini qadağan edən və ya məhdudlaşdıran və silahlı münaqişə dövründə fərdin hüquqlarının qorunmasına yönəlmiş beynəlxalq-hüquq normalarıdır. Bu zaman əsas beynəlxalq sənəd qismində 1949-cu il 12 avqust tarixli Cenevrə Konvensiyaları, xüsusilə də həmin konvensiyalara əlavə edilmiş Beynəlxalq Silahlı Münaqişələrə dair I Protokol dəyərli məmbə rolunda çıxış edir. 

        Cenevrə Konvensiyalarında təsbit edilmiş beynəlxalq hümanitar hüququn prinsiplərinə daxildir:   a) Silahli münaqişələrin humanistləşdirilməsi; 

b) Döyüş aparılmasının metod və vasitələrinin seçilməsində vuruşan tərəflərə məhdudiyyətlərin qoyulması; 

c) Müharibə qurbanlarının beynəlxalq hüquqi müdafiəsi; 

d) Mülki şəxslərə qarşı silah işlədilməsinə yol verilməməsi; 

e) İnsanlara qarşı işgəncələrin, kölə vəziyyətinə salmanın qadağan olunması, genosid, girov götürmənin qadağan olunması; 

ə) Sanitar müəssiələr, hospitallar və mədəni yerlərə hücum edilməməsi və s. 

        Beynəlxalq humanitar hüququn tələblərinə əsasən silahlı münaqişə tərəfləri rəqiblərinin statusunu dəqiqliklə müəyyən etməli və hərbi əməliyyatları bu kriteriyalara riayət edərək, həyata keçirməlidir. Sırf bütün bunlara görə beynəlxalq hümanitar hüquqda “kombatant” anlayışı yer alır ki, bu da döyüşdə bilavasitə iştirak edən silahlı şəxslərdir. Yəni silahlı münaqişə zamanı hədəf kimi yalnız kombatantlar seçilə bilər. Bunun əksinə olaraq mülki şəxslər silahlı qüvvələrin heyətinə daxil olmayan şəxslərdir (I Protokol, 50-ci maddə, 1-ci bənd). Beynəlxalq humanitar hüququn əsas vəzifəsi də bu mülki şəxsləri, yaralıları və hərbi əsirləri qorumaqdır. Buna əsasən əminliklə qeyd edə bilərik ki, Xocalı faciəsi baş verən zaman erməni silahlıları aşkar surətdə hərbçilərdən, yəni kombatantlardan seçilən, müqavimət göstərməyən və yaranmış vəziyyətdə sağ qalmaq üçün ərazini tərk etməyə çalışan mülki əhaliyə, qadınlara, qocalara, uşaqlara atəş açmaqla hümanitar hüquq normalarına əsasən hərbi hədəf olmayan və hücum obyekti olması qadağan edilən şəxslərə hətta ən ağır silahlarla belə həmlə etmiş, beynəlxalq hüququn ən ciddi hesab edilən pozuntularına qəsdən yol vermişlər. 

        Cenevrə Konvensiyalarına əlavə Beynəlxalq Silahlı Münaqişələrə dair  I Protokolun  35-ci maddəsində deyilir: “Hər hansı silahlı münaqişə zamanı münaqişə tərəflərinin müharibə aparma üsullarını və vasitələrini seçmək hüququ qeyri-məhdud deyildir”. Burada döyüş apararkən münasib müharibə aparma üsul və vasitələrinin seçilməsinə diqqət yönəldilir. Yəni, hər hansı bir hücum zamanı həddən artıq ziyan vura bilən silah, mərmi və maddələrdən, habelə müharibə aparma üsullarından istiadə edilməsi qadağandır (35-ci maddəyə əlavələr). Lakin, Xocalı faciəsi zamanı ermənilər tərəfindən mülki əhaliyə qarşı  tanklar, piyadaların döyüş maşınları, toplar, D-30 qaubitsası və digər müasir hərbi texnikalardan istifadə olunmuşdur ki, bu da soyqrım cinayətkarlarının mülki əhaliyə divan tutmaq, beynəlxalq hümanitar hüququn əksinə olaraq lüzumsuz və həddən artıq zərər vurmaq istəyinin əyani sübutudur. 

        Cenevrə Konvensiyalarına əlavə Beynəlxalq Silahlı Münaqişələrə dair I Protokolun  51-ci maddəsində göstərilir: “Başlıca məqsədi mülki əhali arasında qorxu yaymaq olan zorakılıq hərəkətləri və zorakılıqla hədələmə qadağandır”. Xocalıda ermənilərin konkret hər hansı bir obyekti deyil, qarşılarına çıxan hər kəsə atəş açması, onlara qarşı zorakılıq işlətməsi, digər tərəfdən, mülki obyektlərin dağıdılması qeyd olunan normanın kobud şəkildə pozulduğunun sübutdur.  

        Beynəlxalq humanitar hüquqa əsasən mülki obyektlər dedikdə hərbi obyekt sayılmayan bütün obyektlər nəzərdə tutulur (I Protokol, 52-ci maddə, 1-ci bənd). Hərbi obyekt isə öz xarekterinə, yerinə, təyinatına və istifadə olunmasına görə döyüş əməliyyatlarına səmərəli təsir göstərən və tam və ya qismən dağıdılması, ələ keçirilməsi  və ya neytrallaşdırılması həmin vaxt mümkün olan vəziyyətdə aşkar edilən və hərbi xarakter kəsb edən obyektlərdir (I Protokol, 52-ci maddə, 2-ci bənd). Mübahisəli hallarda, yəni mülki obyektlə hərbi obyekti ayırmaq mümkün olmadıqda ibadət yeri, ev və ya başqa yaşayış binası, yaxud məktəb kimi obyektlər mülki obyektlər sayılır. Ermənilərin Xocalı soyqırımı zamanı yaşayış binalarını da atəşə tutması mülki şəxslərin əvvəlcədən hədəf seçildiyindən xəbər verir. Halbuki I Protokolda bildirlir: “Hər hansı bir hərbi obyektin vurulması anında mülki obyektlərə zərər dəymə təhlükəsi varsa, bu hücumdan imtina edilməlidir” (I Protokol, 51-ci maddə, 5-ci b bəndi).

        Xocalı soyqırımının dünya ictimaiyyətinin diqqətinə çatrıdılması, erməni vəhşiliyinin ifşası istiqamətində Azərbaycan dövləti tərəfindən ardıcıl tədbirlər davam etdirlir. Ümummilli liderimiz Heydər Əliyev ilk dəfə olaraq Xocalı soyqırımının əsl mahiyyətini açıqlamış, hələ 1994-cü ilin fevralında Azərbaycan Respublikasının Milli Məclisi Xocalı soyqırımına hüquqi-siyasi qiymət vermişdir. 

        Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev hər zaman ən ali platformalarda Xocalı soyqırımına hüquqi qiymət verilməli və bu dəhşətli faciəni törədənlərin öz layiqli cəzalarını almalı olduğunu bəyan etmişdir. Ölkə başçısının 28 yanvar 2022-ci il tarixli Sərəncamı ilə bu il Xocalı soyqırımının otuzuncu ildönümü ilə əlaqədar tədbirlər planının hazırlanıb həyata keçirilməsinin təmin olunması Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına tapşırılmışdır. 

        Xüsusilə qeyd olunmalıdır ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən həyata keçirilən və geniş vüsət almış “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyası Xocalı soyqırımı haqqında həqiqətlərin dünyada təbliğ olunmasında, bu faciənin Azərbaycan xalqıa qarşı soyqırımı aktı kimi tanınmasında mühüm rol oynayır və bunun nəticəsi olaraq dünyanın bir sıra ölkələrində-Meksika, Pakistan, Çexiya, Peru, Kolumbiya, Panama, Honduras, Sudan, Qvatemala və Cibuti parlamentlərinin müvafiq sənədlərində Xocalıda törədilmiş kütləvi qətllərin soyqırımı aktı olduğu təsdiq edilib. Rumıniya, Bosniya və Herseqovina, Serbiya, İordaniya, Sloveniya, Şotlandiya və Paraqvay parlamentləri, eləcə də ABŞ-ın bir çox ştatlarının icra və qanunvericilik orqanları Xocalı faciəsini qətliam kimi qiymətləndirərək qətiyyətlə pisləyib, İslam Əməkdaşlıq Təşkilatı Ermənistanı təcavüzkar, Xocalı faciəsini isə soyqırımı kimi tanıyıb.

        Qeyd edək ki, insan hüquqlarının kobud şəkildə pozulduğu Xocalı soyqrımının beynəlxalq ictimaiyyətin diqqətinə çatırılması istiqamətində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva tərəfindən hər il dünyanın ən nüfuzlu təşkilatlarına ünvanlanmış bəyatatlar verilir, Xocalıya ədalətin təmin olunması barədə çağırışlar edilir, Ombudsman aparatı tərəfindən hər il ictimaiyyət nümayəndələrinin geniş iştirakı ilə Xocalı soyqırımına həsr olunmuş anım tədbirləri həyata keçirilir. 

        Sonda Xocalı soyqırımı zamanı qətlə yetirilmiş həmvətənlərimizin əziz xatirəsini bir daha dərin hüznlə yad edir, bu faciəni törətmiş şəxslərin kimliyindən və vəzifəsindən asılı olmayaraq cənubi Qafqazın lideri olan qalib Azərbaycan dövlətinin səyləri nəticəsində qanun qarşısında cavab verəcəklərinə əminliyimizi ifadə edirik.

Səbuhi ABBASOV,

Ombudsmanın Gəncə Regional Mərkəzinin rəhbəri


Paylaşın:

Hiç yorum yok:

Yorum Gönder

XOCALI SOYQIRIMINI UNUTMA!

Xocalılar viran qəbirlərin axtarışında

                     Bəşər tarixində ən dəhşətli soyqırıma məruz qalan xocalılar 30 ilə yaxındır torpaq həsrətilə bərabər, həm də işğal altı...

Bizə yazın

Ad

E-posta *

Mesaj *

Ən çox oxunan

Blog Arşivi