Dağların döşündə ilmələnibdir.
Qarabağ - qədimdən qalma arxalıq,
Yaxası Şuşada düymələnibdir.
ALLAHYAR XOCALI
Fevral ayının 3-ü Xocalı yadigarı, gözəl söz ustadı Allahyar Xocalını doğum günündə zəng edib təbrik etdim. Arzularımı çatdırdım və ən müqəddəs arzum olan - Xocalıya qayıtmaq arzusunu da dilə gətirdim. Yeni yaradıcılıq fəaliyyətini xəbər aldım. Ürəyi sözlə, yaddaşı xatirələrlə dolu olduğunu bildirdi. Onunla yaxın vaxtlarda görüşəcəyimi, ötüb-keçənləri, Xocalı soyqırımı haqqında təəssüratlarını videoçəkiliş edib yaddaşda saxlayacağımı bildirdim. 75 illik yubileyində ağsaqqalımızın yanında olsam da, bu il müəyyən səbəblərdən görüşə bilmədim.
Allahyar müəllimlə ilk görüşümüzdə - 2018-ci ildə "Gözləri doğma yurd həsrəti çəkən şair - Allahyar Xocalı" adlı məqalə yazmışdım. O zaman gözlərindən əməliyyat olunmuşdu şair. Gözləri bəlkə zəifləmişdi, amma, könül gözü getdikcə daha yaxşı görürdü. Xocalını görməyi arzulayırdı. Son günədək də bu arzu ilə yaşadı. 75 illik yubileyində də Xocalı rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri kimi Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Xocalı rayon komitəsinin sədri İsmayıl Hacıyevlə şairin evində qonaq olduq. “Xocalının səsi” qəzetinin fəaliyyətində fədakar əməyinə görə qəzetin keçmiş əməkdaşı Quliyev Allahyar Allahverdi oğluna Fəxri Fərman və 75 illik yubileyi münasibətilə xatirə hədiyyəsi təqdim etdik.
Xocalı ruhlu bir şairin ruhu doğma torpaqlara qayıtdı, sözü-qələmi kəsərli bir səs yoxa çıxdı. Allahyar müəllim mərd adam, dəyərli ziyalı kimi köçdü dünyadan. Haqqı nahaqqa verməyən şair sözünü vaxtlı-vaxtında üzə deməkdə mahir idi. Gözləri doğma yurd həsrəti çəkən şairin ruhu bədənindən ayrılan kimi Xocalıya pərvaz etdi. Ruhun şad olsun, şair. Sən bizim qəlbimizdə əbədi yaşayacaqsan.
Qalib BƏYMƏMMƏDOĞLU,
"Xocalının səsi" qəzetinin redaktoru