Prezident İlham Əliyevin idmanın inkişafına yüksək qayğısı


Ölkəmizdə idmanın inkişafı ildən-ilə daha da güclənir. Beynəlxalq yarışlarda kifayət qədər medal qazanılır. İdmançılar müxtəlif beynəlxalq turnirlərdə nəticələr əldə edirlər. Bu isə onu göstərir ki, təmsilçilərimizin uğurları təsadüfi deyil.
Dövlət rəhbərliyi xalqın, böyüməkdə olan nəslin fiziki-mənəvi sağlamlığının təmin olunması naminə idmanın inkişafını diqqətdə saxlamaqla yanaşı, ölkənin idman imicinin daha da yüksəldilməsinə çalışır. Hazırda paytaxtda və bölgələrdə müasir standartlara cavab verən olimpiya idman komplekslərinin fəaliyyət göstərməsi gənclərə, yeniyetmələrə, eyni zamanda, idmançılara yaradılan şəraitin parlaq nümunəsidir. Qazanılan bu uğurlarda güləşçilərimizin payı daha çoxdur. Belə ki, Azərbaycan güləş məktəbinin yetirmələri olan gənc olimpiya, dünya, Avropa çempionları iştirak etdikləri bütün yarışlarda rəqibləri üçün ən ciddi idmançılar sayılırlar.
Belə yarışlardan birində - Bolqarıstanın Plovdiv şəhərində 23 yaşadək güləşçilərin Avropa çempionatında idmançılarımız möhtəşəm uğura imza atıblar. Ümumilikdə 16 medal qazanıblar. Bu nəticə medalların sayına görə Avropa çempionatları tarixində Azərbaycan güləşində rekord göstəricidir.
Bu günlərdə Prezidentimiz İlham Əliyev 23 yaşadək idmançıların Bolqarıstanda keçirilmiş güləş üzrə 7-ci Avropa Çempionatının iştirakçılarını qəbul edib. Dövlət başçısı qeyd edib ki, Avropa Çempionatında gənc güləşçilərimiz ölkəmizi ləyaqətlə təmsil edərək böyük uğura imza atdılar. Azərbaycan idman dövlətidir və həm böyüklər, həm gənclər arasında keçirilmiş beynəlxalq yarışlarda bizim idmançılarımız öz gücünü, dövlətimizin qüdrətini nümayiş etdirirlər: “İdmanın bütün növlərində, o cümlədən güləş idman növündə ildən-ilə rəqabət artır, müxtəlif ölkələrdə güclü idmançılar üzə çıxır və artan rəqabət şəraitində Avropada birinci olmaq, əlbəttə, böyük nailiyyətdir. Dövlət Himnimiz yeddi dəfə səsləndirildi. Əlbəttə ki, həm idmançılar, həm idman mütəxəssisləri, bütün Azərbaycan vətəndaşları bu qələbəni böyük qürur hissi ilə qarşılayıblar…Əlbəttə, güləşin ənənələri Azərbaycanda kifayət qədər güclüdür və şadam ki, indi gənc nəsil bu ənənələri davam etdirir”.
Bu günün idmançıları beynəlxalq yarışlarda qalib gəlmiş müzəffər xalqı təmsil edirlər. Beynəlxalq yarışlarda iştirak edən bütün idmançıların ürəyində bu duyğular mütləq olmalıdır. Təkcə Azərbaycan vətəndaşları yox, bütün dünya azərbaycanlıları bu gün özlərini əmin hiss edirlər, yaşadıqları ölkələrdə Azərbaycan həqiqətlərini çatdıraraq İkinci Qarabağ müharibəsi haqqında qürur hissi ilə danışırlar.
İndi yeni olimpiya idman komplekslərinin, digər idman müəssisələrinin inşa olunacağı əsas məkanlardan biri məhz işğaldan azad edilən ərazilər olacaq.Prezident İlham Əliyevin birbaşa diqqəti nəticəsində bu ərazilərdə idmanın inkişafına yeni təkan verən maddi-texniki bazasının yaradılması və möhkəmləndirilməsi, idmançıların peşəkar səviyyədə hazırlanmasına imkan verən infrastrukturun qurulması bu sahənin inkişafına mühüm töhfə verəcək. Güləşdən cüdoya, şahmatdan tutmuş müxtəlif digər intellektual və komanda oyunlarına qədər, eləcə də bir çox digər idman növlərində Azərbaycanı layiqincə təmsil edəcək idmançılar nəsli artıq azad olunmuş ərazilərdə də yetişəcək.Dövlət başçısı bildirib ki, biz Qarabağı düşməndən azad edən, o torpaqlarda həyat yaradan, quran xalqıq: “Əlbəttə ki, azad edilmiş torpaqlarda idman inkişaf etməlidir. Biz indidən bu işlərlə məşğul oluruq. Stadionlar, idman kompleksləri və digər idman qurğuları şəhərlərin, azad edilmiş bütün şəhərlərin Baş planlarında da öz əksini tapır. İndidən federasiyalar, Gənclər və İdman Nazirliyi artıq layihələri təqdim etməlidir. Çünki şəhərlərin Baş planlarında idman qurğularının yerləşməsi nəzərdə tutulur”.
Beləliklə, Bolqarıstandan böyük qələbə ilə qayıdan gənc güləşçilərimiz ölkənin idman tarixinə növbəti şanlı səhifə yazdılar. Şübhəniz ki, bu uğurlar Prezidentimizin idman siyasətinin uğurlu göstəricisidir. Ölkəmizdə idmanın inkişafında da yüksək diqqət və qayğısı üçün ilk növbədə Prezidentimiz cənab İlham Əliyevə dərin təşəkkürümüzü bildirik. Əminəm ki, rəhbərimizin bu sahədə də uğurlu siyasəti ölkəmiz üçün nailiyyətlər qazandıracaq.
Reyhanə İsgəndərova, Xocalı rayon Yaloba kənd tam məktəbin müəllim

Yorum Gönder

Daha yeni Daha eski