Xocalı rayonu ərazisində yerləşən Kətikdağ



      Kətikdağ Xocalı rayonu ərazisində dağdır. Mütəq hündürlüyü 1375 m-dir. Bəzi tədqiqat­çıların fikrincə, kətikdağ toponimi qədim türk dillərindəki “kətik” (Azər­baycan dilində “gədik”) və “dağ” sözlərinin birləş­məsi nəticəsində yaran­mışdır. Toponim “iki dağ arası gədik” mənasındadır. Topo­nimin adında olan kətik komponentini Qafqaz Albaniyasındakı Ketik məbədinin adı ilə əlaqələndirən tədqiqatçılar da vardır. Orta Asiyada (Qaza­xıs­tanda və başqa yerlərdə) da Ketik toponiminə rast gəlmək olar. Xocalıda Kətük (Kətik) adlı kənd də var. Kətikdağ oronimi çox güman ki, türk dillərindəki kat sözündən əmələ gəlib. Kat – “dagın meşəsiz, gündüşən tərəfi”, “pilləvari sıra” mənalarında işlənir. Bir çox dillərdə kat/kət komponenti həm də “qala”, “pəyə”, bina”, “ev” və s. (Hind-Avropa, türk-monqol, fin-uqor) mənalarını verir. Kətik­­dağ sözü ilə bağlı əfsanə də var. Xalq etimologiyasına görə, iki qardaş olan Keti və Mehdi burada ov edərkən Mehdi maral dərisinə bürünmüş Ketini səhvən maral bilib tüfənglə vurub öldürür. Yaxınlaşıb baxanda qardaşını vurduğunu görən Mehdi özünü də öldürür. Guya hər iki qardaşın qəbri Kətik­dağdadır. Kəlbəcər rayo­nundakı Ketidağ oroqrafik obyekti də bu qəbildəndir.

       Kətikdağ 1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 Noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Kətikdağ dağı Rusiya Sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir.

Mənbə: "Müqəddəs yurd: Xocalı" kitabına və wikipedia səhifəsinə istinad edilmişdir.





Yorum Gönder

Daha yeni Daha eski