Bayramlar içində bir bayram var: ən əziz, ən doğma, ən sevimli bir bayram - Novruz bayramı! Uzun illər taleyinə ağrı-acı düşən, lakin unudulmayan bu bayram bizim milli bayramımızdır. Yurdumuza allı-güllü Novruz gəlir, nə xoş gəlir! Xalqımız qərinələr boyu yaşatdığı, hər il bahar gəlib təbiət oyananda sevinclə pişvazına çıxdığı əziz bayramını bu sözlərlə qarşılayır. Novruzun gəlişi yurdumuzda əsl toy-düyünə çevrilir, el şənlikləri bir-birinin ardınca sıraya düzülür, hər evdə mer-meyvəli, göy səmənli xonçalar bəzənilir.
Xalqımızın uca tutduğu Novruz bayramının çox qədim tarixi var. O bizə ulu keçmişimizdən - Zərdüştlük dövründən yadigar qalıb. Məlumdur ki, xalqımız keçmişdə Zərdüştlük dininə sitayiş etmiş, odu müqəddəs sanmışdı. Novruz bayramının bir çox adət-ənənələrində də atəşpərəstliyin izləri aydın görünür. Novruz ərəfəsində ilaxır çərşənbələrində qalanan bayram tonqalları buna misaldır.
Novruz təzə il deməkdir, baharın ilk günüdür. Bütün müsəlmanların həyatında əsl yeni ilə həmən gündən başlanır. Novruz gəlişi ilə evlərə, ailələrə yeni büsat, şadlıq və sevinc gətirir. Hamı çalışır ki, bu bayramı yüksək təntənə ilə ürək sevinci, qəlb fərəhi ilə qarşılasın. Hər evdə, hər ailədə Novruz bayramına əvvəlcədən hazırlıq gedir. Analar, bacılar şəkərbura, paxlava, şorqoğal və başqa nemətlər bişirir, bolluq və bərəkət rəmzi olan səməni qoyurlar.
El tonqal başına yığışır, küsülülər barışır, qohumlar, dostlar bir-birinin evinə təbrikə gedirlər. Gənc qızlar, oğlanlar məşəl yandırır tonqal üstündən tullanır, evlərə papaq atır, qulaq falına çıxırlar. Küçədə də, qatarda da, məktəbdə də, idarə və müəssisələrdə də hamının dilində eyni sözlər səslənir: "Bayramınız mübarək!". Novruz sözünün mənası "bolluq" deməkdir. Novruz bayramı halallıq, təmizlik bayramıdır. Novruza bir ay qalmış adamlar dörd çərşənbə axşamını qeyd edirlər. Bu çərşənbələrin hər biri insanların yaşaması, bütün həyatın varlığı üçün vacib olan dörd ünsürdən birinə - od, torpaq, su və yelə həsr olunur. Bu da Novruzun dünyanın ən qədim, ən müdrik bayramlarından biri olduğunu göstərir. İllər uzunu yurdumuzda Novruzla bağlı bir-birindən gözəl adət-ənənələr formalaşıb və bu ənənələr nəsildən-nəslə ötürülüb. Novruz bayramı zamanı məhəllələrdə, xüsusən də kənd yerlərində uşaqlar və gənclər qapı-qapı gəzib bayram payı toplayır, müxtəlif oyunlar keçirirlər. Novruz adətlərindən biri də bayram ərəfəsində ev-eşikdə, həyət-bacada təmizlik işləri görülməsi, abadlıq yaradılmasıdır. Elə ki baharın müjdəçisi haçaquyruq qaranquşlar göründü, deməli, qar, soyuq arxada qalıb, üzü yazadır, evdə, həyətdə yır-yığış etmek vaxtı çatıb. Xalq inanclarına görə, Novruz bayramının süfrəsi də bol olmalıdır. Ən kasıb ailədə belə bayram süfrəsi açılmalıdır. Ləziz yeməklər bişirilməli, yumurta boyanılmali, süfrəyə yeddi növ çərəz, mer-meyvə düzülməli, ailədəki adamların sayına uyğun şamlar yandırılmalıdır.
Novruz tədbirləri bir qayda olaraq el şənliklərinə çevrilib. Bu şənliklər çox rəngarəng, yaddaqalan keçirilir. Novruzun bir bəzəyi də Kosa və Keçəldir. Onlar şənliklərdə min cür məzhəkə çıxarırlar.
Novruz bayramı zamanı olub - keçənlər də yad edilir. Vətən uğrunda canını fəda edənlərin uyduğu Şəhidlər xiyabanından insan axınının ayağı kəsilmir. Bu əziz günlərdə heç kəs onları yad etməyi unutmur. Novruz bayramı xalqımızın həyata nikbin baxışının, təbiətin və insanlığın qələbəsinə inamının bayramıdır. İndiyə qədər öz qüvvətli təsirini saxlayan bu ənənəvi bayram məişətlə ən kütləvi xalq bayramıdır.
Bahar gəlir
bizim azad ellərə,
Mahnı qonur
dodaqlara, dillərə
Parlaq günəş
meydan açır güllərə,
Qaranquşu müjdəsidir Novruzum.
Novruz bayramı YUNESKO- nun qeyri-maddi irs üzrə Reprezentativ siyahısına daxil edilib. Azerbaycan Respublikasının dövlət quruculuğundakı məqamını, bir xalq, millət və dövlət kimi milli dirçəlişimizdəki rolunu məhz etnik özünütəşkil mexanizmi kimi dəyərləndirən ulu öndər Heydər Əliyev bu bayramı milli ideologiyamızın ana sütunu kimi əbədiləşdirmişdir. Ümumilli lider Heydər Əliyev Novruz bayramını xalqımızı tarixən bütövləşdirən, onun varlığını birlik, böyüklük və yaşam gücü ilə qidalandıran fenomen kimi qiymətləndirmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və vitse-prezident Mehriban Əliyeva Novruz bayramını yüksək qiymətləndirir və bu bayramın təntənəli şəkildə keçirilməsinə öz tövsiyələrini verirlər.
Bir sözlə Novruzla bağlı söhbətlər bitib-tükənməzdir. Ən əsası isə odur ki, Novruz gözəllik, xeyirxahlıq, ümidlər və arzular bayramıdır.
Xocalı şəhər 2 saylı tam orta məktəbin müəllimi