Azərbaycan dilinin dövlət dili olması Ulu Öndərimiz Heydər Əliyevin uzaqgörən siyasətinin nəticələrindən biridir

          Hər bir xalqın milli-mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən amillərdən biri onun dilidir. Dil hər bir xalqın varlığının ən əsas, bəlkə də yeganə təminatçısıdır. Azərbaycan xalqının da ana dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir. Ana dilimiz xalqın keçdiyi bütün tarixi mərhələdə onunla birgə olmuş, onun taleyini yaşamışdır. Əsrlər, qərinələrdir ki, xalqımızın əbədiyaşarlığına xidmət edən ana dilimiz qədim tarixə malik olan, min illərin müxtəlif burulğanlarından alnıaçıq, üzüağ çixaraq müasir dövrə gəlib çatmış ən böyük sərvətimizdir.

          Bu bir faktdır ki, Azərbaycan dilinin dövlət dili kimi qəbul edilməsi, qorunması və inkişafı Ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Sovet hakimiyyəti dövründə, xüsusən də XX əsrin 20-60-cı illərində əhalisinin əksəriyyətinin azərbaycanlılardan ibarət olmasına baxmayaraq, Respublikamızda Azərbaycan dili hakim bir dil deyildi. Ana dilimizin inkişaf etdirilməsi və zənginləşdirilməsi qeyri-mümkün idi və dövlət tərəfindən bu məqsədlə hər hansı bir tədbir də görülmürdü.

         1970-ci illərin ortalarından başlayaraq SSRİ-ni təşkil edən respublikaların ictimai-siyasi həyatında dil məsələsi yenidən gündəmə gətirildi. SSRİ Konstitusiyası qəbul edildikdən sonra milli dillərin sıxışdırılması prosesi daha da gücləndirildi. Rus dilinin hüquqlarının genişləndirilməsi ilə əlaqədar “vahid dil” siyasəti daha geniş şəkildə təbliğ olunurdu. Belə bir şəraitdə ana dili məsələsinin təbliği ilə məşğul olmaq çox riskli və qorxulu idi. Dil məsələsini yada salıb qabartmaq istəyənlər belə Sibirə sürgün edilir, təzyiqlərə məruz qalırdı. Hətta milli respublikaların rəhbərləri də ana dili məsələsini gündəmə gətirməkdə aciz idilər. Bütün bunlara baxmayaraq, o vaxt Azərbaycan Respublikasının rəhbəri olan Heydər Əliyev dil məsələsində öz mövqeyini çox cəsarətlə, qətiyyətlə bildirmişdir. Böyük tarixi şəxsiyyət SSRİ Konstitusiyası haqqında danışarkən öz nitqındə xüsusi olaraq vurğulamışdır ki, Konstitusiya vətəndaşlara təhsil hüququ vermişdir. Bu hüquq ana dilində oxumaq imkanı ilə təmin olunur. Bu, əslində Ulu Öndərin ana dilimizin dövlət dili statusunu qorumaq üçün çox cəsarətli addımıydı. Ulu Öndər yaranmış ağır vəziyyətdə SSRİ-nin o vaxtkı rəhbəri L.İ.Brejnevlə danışıqdan sonra nəhayət 1978-ci ildə Azərbaycan Respublikasının Konstitusiya layihəsinin 73 maddəsində Heydər Əliyevin şəxsi təşəbbüsü və istəyi ilə belə bir cümlə təklif olundu: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir.” Nəticədə Azərbaycan Respublikasının Konstitusiyası böyük tarixi şəxsiyyət Heydər Əliyevin təklif etdiyi şəkildə qəbul olundu.

         Bəli, bununla da Ümummilli liderimiz Heydər Əliyev xalqımız üçün ən böyük tarixi xidmətlərindən birini həyata keçirmiş oldu. Beləliklə də Heydər Əliyev şəxsiyyəti bugünkü müstəqilliyimizə, dövlətçiliyimizə və xalqımıza müqəddəs Ana dilimizi əbədi əmanət verdi. Biz hər birimiz dilimizi yad təsirlərdən, ünsürlərdən qoruyaraq gələcək nəslə müstəqilliyimizin, suverenliyimizin göstəricisi olan bu əmanəti layiqincə çatdırmağa borcluyuq.

Kamil Məhərrəmov,

Xocalı rayon Yaloba kənd tam orta məktəbinin tarix müəllimi 


 

Yorum Gönder

Daha yeni Daha eski