Möhtərəm Prezidentimiz İlham Əliyevin prezidentlik fəaliyyətinə başladığı gündən yüksək idarəetmə qabiliyyətinə malik, xalqına və vətəninə qəlbən bağlı lider olduğu təsdiqini tapdı


       Azərbaycan dövlətinin qurucusu ümummilli liderimiz Heydər Əliyevin misilsiz xidmətlərindən biri də özündən sonra layiqli varis yetişdirməsi idi. “Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”, - deyən Heydər Əliyevin özünün layiqli davamçısı kimi xalqımıza təqdim etdiyi İlham Əliyevin prezidentlik fəaliyyəti bu fikirin təxmini deyil, qəti qənaət olduğunu sübut edir.

        Möhtərəm Prezidentimiz İlham Əliyevin prezidentlik fəaliyyətinə başladığı gündən yüksək idarəetmə qabiliyyətinə malik, xalqına və vətəninə qəlbən bağlı lider olduğu təsdiqini tapdı. Düşünülmüş islahatları və müdrik siyasəti ilə Azərbaycanı dünyanın inkişaf etmiş dövlətləri sırasına çıxardı. Onun siyasətinin mərkəzində insan faktoru dayanır, xalqının rifah halının yaxşılaşdırılması durur.

        Yaxşı xatırlayırıq ki, İlham Əliyev ilk dəfə prezident seçiləndə ölkədə 600 min yeni iş yerinin yaradılacağını vəd etmişdi. Bəziləri bunun xəyal olduğunu düşünürdü. İllər keçdi, bu xəyal gerçəyə çevirildi. Bu işlər bu gün də uğurla davam etdirilir. Əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması üçün sosial siyasət sahəsində də uğurlar əldə olunub. Əhalinin məşğulluq səviyyəsi artırılır, yoxsulluq minimuma endirilir.

         Pandemiya dövründə dünyanı lərzəyə salan koronavirusa qarşı mübarizə tədbirlərinin mütəşəkkil formada aparılması Dövlət  Başçımızın növbəti uğurlu siyasəti idi. Modul tipli xəstəxanaların açılması, lazımi qədər vaksinin ölkəyə gətirilməsi və təmənnasız olaraq əhalinin peyvənd olunması-bütün bunlar insan faktorunun dövlət siyasətinin diqqət mərkəzində olduğununun təzahürü idi.

        Qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün yeni müasir tipli qəsəbələrin salınması, hər bir məcburi köçkünə aylıq müavinətin verilməsi və digər güzəştlərin tətbiq edilməsi bir daha sübut edir ki, Prezidentimiz xalqının,hər bir sakininin yanındadır.

        Prezidentin təşəbbüsü ilə "ASAN xidmət" mərkəzləri yaradıldı ki, bu da dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması, vətəndaşların rahat xidmətlərlə təminatı yönümündə aparılan islahatların bir hissəsidir.Təsadüfi deyil ki, Azərbaycan brendi olan "ASAN xidmət" dünyada böyük maraq doğurub və bu təcrübə bir sıra ölkələr tərəfindən öyrənilir.

         Digər sahələri inkişaf etdirmək üçün atılan addımlardan ən önəmlisi, əlbəttə ki, iqtisadiyyatın inkişaf etdirilməsi idi. Cənab Prezidentimizin  mühüm qərarları və siyasəti nəticəsində iqtisadiyyatımız bir neçə dəfə artmağa başladı. Qeyri-neft sektorunun inkişaf etdirilməsi də iqtisadiyyatımızın inkişafının dayanıqlı olması üçün vacib addımlardan biri idi. Ölkəyə investisiyaların cəlb olunması, sahibkarlığın inkişaf etdirilməsi üçün münbit şəraitin yaradılması, Azərbaycan neft və qazının dünya bazarlarına çıxarılması iqtisadiyyatımızın inkişafına böyük təkan verən islahatların əsasını təşkil edir.

        Məhz iqtisadiyyatımızın güclənməsi imkan verdi ki, güclü və qüdrətli ordu yaratmaq mümkün olsun. Müharibə şəraitində yaşayan, torpaqları işğal altında olan ölkə üçün ordu quruculuğu həyati əhəmiyyətə malik olan məsələlərdən biri idi. Bunu nəzərə alan Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyev hakimiyyətin ilk illərindən müasir silahlarla təchiz olunan, yüksək döyüş qabiliyyətinə malik ordu yaradılması istiqamətində əməli işlər apardı. Bunun nəticəsidir ki, Azərbaycan ordusu dünyada ən güclü 50 ordu sırasında yer tutur.

        Rəşadətli ordumuz Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi altında öz gücünü və döyüş qabiliyyətini 2016-cı ilin aprelində həm düşmənə, həm də dünyaya nümayiş etdirdi. Bunun davamı olaraq olaraq 2020-ci ilin sentyabrın 27-dən başlayan və noyabrın 10-da Ordumuzun Zəfəri ilə nəticələnən 44 günlük Vətən müharibəsi tariximizə qızıl hərflərlə həkk olundu. 30 il ərzində beynəlxalq təşkilatların bacarmadığını Rəşadətli Ordumuz Ali Baş Komandanımızın rəhbərliyi altında xalqımızın dəstəyi və birliyi sayəsində həyata keçirdi və işğal altında olan torpaqlarımızın böyük bir hissəsini düşmən tapdağından azad etdi. Bu gün də ordu quruculuğu uğurla davam etdirilir. Erməni separatçılarının təxribatlarına layiqli cavab vermək, hələ də sülhməramlıların nəzarəti altında olan torpaqlarımızı işğalçı qüvvələrdən təmizləmək üçün Silahlı Qüvvələrimiz lazımi tədbirlər həyata keçirir.

        Əminik ki, yaxın vaxtlarda Xocalıda da, Xankəndində də üçrəngli bayrağımızı dalğalandıracağıq!

        Zəfər Gününü bizə bəxş etmiş Şəhidlərimizin Ruhları qarşısında baş əyirik! Qazilərimizə şəfa diləyirik!

        Prezidentlik fəaliyyəti dövründə müdrik siyasəti, gərgin iş fəaliyyəti, qəti addımları ilə ikili standartlar fonunda bütün təzyiqlərə sinə gərən Prezidentimiz İlham Əliyevə Allah can sağlığı versin!

Zülfü Quliyev,

Xocalı rayon ziyalısı 

 

 

 

 

 

 

 

Yorum Gönder

Daha yeni Daha eski