Azad edilmiş zonalara xüsusi nümayəndələrin təyin edilməsində əsas məqsəd görüləcək quruculuq işlərinin mütəşəkkil həyata keçirilməsindən ibarətdir

        Düşmən üzərində əldə edilmiş möhtəşəm qələbədən sonra həm ölkə başçısı Cənab İlham Əliyevi, həm də bütövlükdə Azərbaycan xalqını birinci növbədə işğaldan azad edilmiş ərazilərin bərpası məsələsi düşündürür. Bu baxımdan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin gördüyü planlı, məqsədyönlü və çevik formada həyata keçirdiyi işlər ölkə daxilində, eləcə də ölkədən uzaqlarda böyük maraqla qarşılanır. Torpaqların erməni faşistlərinin basdırdığı minalardan təmizlənməsi, infrastrukturun bərpası, şəhər və kəndlərin müasir üslubda salınması görülən işlərin əsas tərkib hissəsidir. Əlbəttə, bu işlər hal-hazırda paralel şəkildə və sürətlə davam etdirilir. Eyni zamanda işğaldan azad edilmiş ərazilərdə ölkənin əsas atributlarından olan ordunun dislokasiyası, sərhədlərin möhkəmləndirilməsi, düşmənlə sərhədlərin delimitasiyası və demarkasiyası işlərinə də böyük diqqət yetirilir.                                                                       

      Azərbaycan Prezidenti bütün bu işlərin sürətlə həyata keçirilməsində maraqlıdır və bunun üçün əlindən gələni əsirgəmir. May ayının 4-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Şərqi Zəngəzur bölgəsinə daxil olan Zəngilan rayonuna özünün xüsusi nümayəndəsini təyin etmiş və onunla videoformatda görüşmüşdür. O görüş zamanı yenə də diqqəti azad edilmiş ərazilərin bərpası məsələlərinə yönəltmişdir. Prezident azad edilmiş zonalara xüsusi nümayəndələrin təyin edilməsində əsas məqsədin görüləcək quruculuq işlərinin şəffaf, keyfiyyətli və çevik şəkildə həyata keçirilməsindən ibarət olduğunu vurğuladı.                                       

      Görüş zamanı Azərbaycan Prezidenti hal- hazırda erməni vəhşiliklərinin fəsadlarının aradan qaldırılması ilə bərabər, bu vəhşiliklərə görə onlardan hesab soruşmağın vaxtının da gəldiyini qeyd etdi. Məlumdur ki, işğal altındakı torpaqlarda erməni faşistləri tərəfindən olmazın vəhşiliklər edilmişdir. Həmin ərazilərdə erməni vandalları təkcə yaşayış məntəqələrimizi, abidələrimizi, məscidlərimizi,  infrastrukturu dağıtmaqla kifayətlənməyib bütün yeraltı və yerüstü təbii sərvətlərimizi talan edilmişlər. Zəngilan rayonu ərazisində yerləşən Veşnəli qızıl yatağını da ermənilər vəhşicəsinə istismar etməklə talayıb xaricə satmışlar. Eyni zamanda Zəngilanın məşhur çinar meşəsini də qırıb aparmışlar. Ermənistanın Oxçu çayına axıtdığı zərərli maddələr bölgədə ekaloji fəlakət yaranması təhlükəsi ilə nəticələnə bilər.                                                                          

      Azərbaycan Prezidenti bəyan etdi ki, erməni faşistlərinin bu əməlləri heç vaxt cəzasız qalmayacaq. Azərbaycanın yaşayış məntəqələrini dağıdan, talan edib oğurlayan ermənilər bunun bədəlini ödəyəcəklər. Bizim təbii sərvətlərimizi qanunsuz şəkildə istismar edib xarici ölkələrə daşıyan şirkətlərin və onlara rəhbərlik edən erməni əsilli iş adamlarınının da adları bizə məlumdur. Onlar bizə yüksək məbləğdə təzminat ödəməli olacaqlar. Bu haqda ciddi hazırlıqlar görülür. Necə ki, biz döyüş meydanında düşməndən qisasımızı aldıq, eləcə də onlardan talanmış sərvətlərimizin haqqını alacağıq və buna heç kəsin şübhəsi olmasın.                                     

        Azərbaycan Respublikasının Prezidenti şəhər və kəndlərin bərpası ilə bərabər oralara qayıdacaq əhalinin məşğulluq məsələlərinə də diqqət yetirdiyini vurğuladı. Prezident qeyd etdi ki, erməni vəhşiləri oralarda yaşamış insanların ömrünün 30 ilini çalmışlar. Onların bir çoxu doğma yurdlarının işğaldan azad edilməsini görmədən dünyasını dəyişmişlər. Doğma yurdlarına qayıdacaq keçmiş məcburi köçkünlər üçün elə bir şərait yaradılmalıdır ki, onlar bundan sonra zərrə qədər də sıxıntı çəkməsinlər.                                                         

        Ümumilikdə görüş zamanı Ölkə Başçısı qarşıda duran bütün prioritet məsələlərin vaxtlı-vaxtında yerinə yetiriləcəyinə əminliyini bildirdi və indiyə qədər görülən işlər bunların real formada həyata keçiriləcəyini bariz şəkildə sübut edir.   

Kamran Şahmuradov,       

Xocalı şəhər 3 saylı tam orta  məktəbin müəllimi

Yorum Gönder

Daha yeni Daha eski