Ulu Öndər ölkəmizdə gənclərlə bağlı məsələlərə də xüsusi önəm verir və bu sahəyə xüsusi diqqətlə, qayğıyla yanaşırdı

       Azərbaycan mənim keçmişim, bu günüm və gələcəyim. Tarixi keçmişlərə söykənmiş yurd-yuva. Düşmən gözü çıxardan, hər zaman istilaya məruz qalan lakin sonunda qalibiyyət qazanan böyük ölkə. Bir dövlətin uğuru, nailiyyəti onun idarəçiliyindən çox asılıdır, düzgün başçı, düzgün lider hər şeyi həll edir...Azərbaycanın tarixi dedikdə və ən əsası uğuru dedikdə ilk ağla məhz ümummilli lider Heydər Əlirza oğlu Əliyev gəlir. Böyük siyasətçi, gözəl ailə başçısı, mərhəmətli insan. Balacadan tutmuş böyüyə qədər hər kəsin ağlında, qəlbində dərin izlər buraxıb. Yaşasaydı 99 yaşı tamam olacaqdı. Təəssüf hissi ilə anıram, üzülürəm. Niyə yaxşı insanlar hər zaman az ömür sürür. Mən körpə uşaq olanda dəfələrlə məcburi köçkünlərlə görüşü olurdu, qayğı ilə sevgi ilə onlarla görüşə gəlirdi. İlk dəfə Mingəçevir şəhərində onu görəndə çox ağladım, o qədər televiziyadan görmüşdüm ki, həm də atam onun insan pərvərliyindən çox danışıb məni ona aşiq etmişdi. Yaxınlaşdım, bağça yoldaşlarımla bizi başımızdan öpüb, sinəsinə basdı. Mən bu gün artıq gənclik yaşımı ötürüb ahıllığa doğru gedirəm, amma hələ də Heydər Əliyev adı gələndə o yaşıma qayıdıram. Bizim uşaqlığımız daha məsum, daha çətin idi. Müharibə dövrü, hamı ağır-itki yaşayıb, el-obasını itirib. Həm psixoloji sarsıntı, həm maddi sıxıntı.

       Bilirsiz maraqlısı nədir, biz 30 il məcburi köçkün kimi yaşadıq. Amma onu heç vaxt hiss etmədik. Nə aclıq, nə səfalət, əksinə rahatlıq, toxluq. Təhsil bir millətin gələcəyidir. Heyder Əliyevin əsas amalı, düzgün təhsil, düzgün təlim idi. Hər zaman çıxışında vurğulayırdı ki, düşmənə qarşı ən gözəl silah məhz təhsildir. Çünki o bilirdi bizim qarşımızdakı erməni vandalları cahildir. Onların yalnız silaha çatırdı gücü, bir də köməksiz, biçarə insanlara.

         Əvvəlki dövrlərlə müqayisədə indi artıq internet dövrüdür nə qədər pərdələnməyə  çalışsalar da, hər şey göz önünə qoyulur. Dünya dövlətləri onların xislətinə artıq bələddir.

         Heydər Əliyev əslində çox xoşbəxt bir ata olub, çünki, onun İlham Əliyev kimi davamçısı var. Çox şükür ki, Cənab Prezident atasının qoyduğu izlə getdi. 30 il canla-başla, Ata yolu ilə gedərək Qarabağı azad etdi. Həm də nə 5 ay, nə 5 ilə, cəmi 44 günə. Bu dünya tarixinə yazılası bir zamandır. Cənab Prezident ilk dəfə Xarıbülbül festivalında çıxış edərkən bizim Şuşamızda ağladı, gözləri yaşla doldu. Çünki ata vəsiyyətini yerinə yetirmişdi. Artıq özü də bilirdi ki, atası Heydər Əliyevin ruhu rahatçılığa qovuşdu.

         Mən fəxr edirəm ki, Azərbaycanlıyam. Həm də fəxr edirəm ki, uşaqlığımda, böyüklüyümdə Azərbaycanın tarixinə şahid oldu. Qaçqın düşəndə 4 yaşı olan balaca qızcığaz böyüyüb Vətəninin azadlığına şahid oldu. Təkcə mən deyiləm, mənim ailəm ilə eyni yaşıdlarım bunu yaşadı. Heydər Əliyev siyasəti, Heydər Əliyev amalı hər zaman bizi yaşadıb. Bu gün də onun layiqli davamçısı Cənab İlham Əliyev tərəfindən o siyasət davam edir və daha da irəlilərə aparacaq.

        Allah ordumuzu qorusun. Onların Ali Baş Komandanın əmrini olduğu kimi, xalqına,millətinə sadiq çıxaraq yerinə yetirməsi bu gün bizi yaşatdı.

        Heydər Əliyev haqqında danışmaq kitablara sığmaz, cümlələr bitməz. O qədər danışılası, ifadə olunası fikirlər var ki, amma mən istədim daha səmimi, içimdən gələni ifadə edim.

        Bizdən sonra gələn gənclər bizim yaşadığımız, o sevgini ,o mərhəməti duymalıdır. İnşallah, onların da başlıca amalı Heydər Əliyev siyasətini dəstəkləyib, İlham Əliyev xətti ilə getmək olacaq. Mən Vətəninə, yurduna bağlı gənclərin yetişəcəyinə çox əminəm. Yaxşı ki, Azərbaycan var və mən də Azərbaycanlıyam..

 Ülviyyə  Əhmədova,

 Xocalı rayon gənci

                

Yorum Gönder

Daha yeni Daha eski