Qarabağın qəhrəman Kosalar kəndi

           Müəllifi olduğum bu məqaləni yazmaqda məqsədim 1988-1992-ci illərdə ölkəmizdə gedən ictimai-siyasi proseslərdən, Qarabağ və ətraf regionda baş verən hadisələrdən, münaqışənin yaranma səbəblərindən, eyni zamanda əsrarəngiz Qarabağın qəhrəman kəndi olan dogma Kosalardan ayrılığın 30-cu ililə əlaqədar, şücaəti və cəsarəti dastanlara dönmüş kənd sakinlərimizin qan yaddaşına çevrilmiş, döyüş salnaməsindən oxuculara müəyyən məlumatlar verməkdir. 

        Şimal və cənub qonşularımızın “qayğıkeş”liyi sayəsində etnik ermənilərin Qarabağa gətirilməsi və bu yerlərdə kök salması, müsəlman və xristian əhali arasında dini fenomendən istifadə etməklə hər an milli-münaqişə yaratmaq və bu ədavətin güya qarşısının alınmasına xidmət göstərməklə cənubu Qafqazda hökmranlığını qoruyub saxlamaq, öz ölkə maraqlarına xidmət göstərmək rus-fars siyasətinin başlıca baza prinsipləri olmuşdur və hələ də davam etməkdədir. Beləliklə, yeraltı və yerüstü sərvətlərlə zəngin, səfalı təbiətə malik Qarabağa tamah salan ermənilərin illərlə bu məqsədlə gizli hazırlaşaraq, Ermənistanda və Sovetlər İttifaqında rəhbər vəzifələrdə təmsil olunan ermənilərın xaricdəki havadarları ilə birgə SSRİ hakimiyyətinin zəifliyindən istifadə edərək 1988-ci ildə DQMV-nin Azərbaycanın tərkibindən qoparılıb Ermənistana verilməsi tələbi o vaxtkı dövlət rəhbərləri tərəfindən elə də sərt qarşılanmadı, çünki məqsəd-əməl bəlli idi, dağılmaqda olan ölkənin, rus hakimiyyətinin Qafqazı itirməsi babalarının vəsiətinə uyğun deyildi. İlkin olaraq Bakı mitinqlərinin birində xəbər verildiyi kimi Qarbaçovun İqtisadi məsələlər üzrə müşaviri, akademik Aqambekyanın hələ 1987-ci ildə Fransada “Human” qəzetinə verdiyi müsahibədə DQMV-nin Azərbaycandan qoparılıb Ermənistana  verilməsini ilk dəfə çəkinmədən, açıq-aşkar dilə gətirməsi və fransız jurnalistin buna Qarbaçovun qəzəbi tutar kəlməsinə Aqambekyanın onu mən razı salaram cavabı ərkəsöyünlüyün hansı həddə olmasından, Qarbaçovun sağ əli,MK üzvü Şahnazarovun təsirilə Qarabağdan olan nümayəndə heyətini-Balayanı, balabançıları tez-tez qəbul etməsi ermənilərin Rusiyaya arxalanaraq əlavə torpaqlar qazanmaq sevdası nikbinliklə qarşılanırdı, bu Rusiyanın da işinə yarıyırdı. SSRİ rəhbərliyindən Qarabağın Ermənistana razılıqla verilməsinə nail ola bilməyən erməni ideoloqları, ermənilərlə azərbaycanlı əhalinin birgə yaşamının güya artıq mümkün olmadığının sübutu kimi əvvəlcə deportasiya siyasəti həyata keçirdilər, Ermənistandan azərbaycanlıları qovmağa başladılar, azərbaycanlıları ğunahkar göstərməklə, davakar, vəhşi, qaniçən obrazını yaratmaqla, dünya ictimaiyyətini tez-tez çaşdıraraq, öz çirkin məqsədlərinə çatmaq üçün 26-28 fevral 1988-ci ildə rus planına uyğun olaraq Sumqayıt hadisələrini törətdilər və əfsuslar olsun ki, o vaxtkı respublika rəhbərliyi qabaqlayıcı tədbirlər görə bilmədi, gözləmə mövqeyində dayandılar. Daşnakların fırıldaqcasına nail olduğu Sumqayıt hadisələri erməni cəmiyyətində Zori Balayanın zorla milli təfəkkürün milli ədavətə keçid strategiyası olan “Ocaq” əsərindən daha kəskin şəkildə alovlandı və ətrafa yayıldı, Sumqayıt kartından hər cürə eninə-geninə istifadə olundu, Ermənistandan başlanmış köç prosesini sürətləndirildi, dünya ölkələri azərbaycanlılara qarşı çevirdi, bir sözlə ermənilərin əl-qolu açıldı, birliyi yarandı, əvvəllər qorxaraq zorla mitinqə çıxarılan ermənilər geniş miqyasda mitinqlərə axışdılar, daha da radikal addımlar ataraq Xankəndi şəhərindəki sakinlərimizə məxsus evləri yandırıb özlərini də şəhərdən qovdular, ətraf yaşayış məntəqələrinə təxribatçı hücumlar təşkil etdilər və kəndlərin işğalına nail oldular. Erməni quldur dəstələri Rusiyanın 366-cı alayı vasitəsilə Sumqayıt hadisələrindən düz 4 il sonra, 26 fevral 1992-ci ildə əsrin görünməmiş faciəsi- Xocalı qətliamını törətməsi, Sumqayıtın qisasının alınması deyildi, fürsətdən istifadə edib qisas adı altında azərbaycanlılarda qorxu, xof, vahimə yaratmaq,digər ediləcək hücumlar zamanı yaşayış məntəqələrimizin özü-özlüyündə qismən tez ve rahat boşalmasına nail olmaqdan ibarət idi. Hətta neytral mövqe sərgiləyən araraşdırmaçı, ingilis yazar-Tomas de Vaalın “Qarabağ, Ermənistan və Azərbaycan sülh və savaş yolunda” kitabında Xocalı qətliamının Sumqayıtdan qovulmuş,azğınlaşmış ermənilərin iştirakı ilə törədilmişdir ifadəsi qisasin əvəzçıxma simvolu kimi anılır, ancaq bu heç də belə olmamışdır...Hələ Xocalı faciəsindən öncə Qaradağlı hadisələrilə əlaqədar 1991-ci il 20 noyabrda Qarakənd üzərində Azərbaycan nümayəndə heyyətinin olduğu helikopterin vurularaq ən layiqli, ən bacarıqlı dövlət xadimlərinin qəddarcasına öldürülməsi, terrorçuların tapılıb cəzalandırılmaması, dövlət səviyyəsində hadisələrə qiymət verilməməsi özbaşınalığın pik həddə gəlib çatmasına səbəb oldu.Təəccüblüsü odur ki, bütün bunlar Qarabağda o dönəmdə fəaliyyət göstərən Rusiyanın Xüsusi İdarəetmə komitəsi-Volskiçilərin, ardınca onu əvəzləyən Təşkilat komitəsi-Palyaniçqoçuların gözü qabağında onların böyük “xidmətlər”i hesabına baş verirdi. Nəhayət, azğınlaşan düşmən ətrafı sıldırım qayalıqlarla əhatə olunmuş, 1300-1500 metr yüksəklikdə yerləşən Şuşa kimi bir qala şəhərin işğalı barədə düşünərək, bunun yolunu Şuşanın solunda Kirs dağı istiqamətindən hücuma keçməklə və ya sağında Kosalar kəndini işğal edib dağ yüksəkliklərilə irəliləyərək hər iki variantda arxadan Laçın şəhəri ilə olan yeganə əlaqə yolunu bağlayıb, köməyə gələn qüvvələrin qarşısını alıb şəhəri mühasirədə saxlamaqla işğalına nail olmaq niyyətində idilər. Coğrafi mövqeyinə görə hətta Bala Kirs dağı da çox sərt relyefə malik olduğundan və nəzərə alsaq qışın qarlı-tarlı vaxtı ağır texnikanın və qoşun hissələrinin buraya qaldırılması xeyli çətinlik yaratdığından ermənilər hücum əməliyyatlarını əsasən Kosalar istiqamətindən saldılar. Kosalar kəndi bir nümayəndəlikdə 6 kəndlə təmsil olunmaqla inzibati ərazisi Xankəndi şəhərinin qərbindən üzü şimal-qərbə doğru Qarabağ sıra dağları boyunca Qırxqız dağlarına kimi, 45-50 km-lik uzununa bir zolaqda, Laçın rayonu ilə Qarabağ ermənilərinin yaşadığı ərazi  arasında izolyasiya rolunu oynayırdı. Kosalar və onunla qonşuluqda yerləşən Cəmilli, Meşəli kəndlərinin rayon mərkəzi Əsgəranla əlaqəsinin kəsildiyindən, həmin 3 sovetliyin maddi-texniki təminatının mərkəzləşmiş idarə olunması, yığılıb qalmış problemlərin aradan qaldırılması üçün 12 aprel 1991-ci ildə Nazirlər Kabinetinin 46 saylı qərarına əsasən Kosalar Ərazi İcraiyyə Komitəsi yaradıldı və sədri kənd sakinimiz, Təşkilat komitesinin keçmiş üzvü Ağayev Vaqif İsa oğlu təyin edildi. Belə idarəetmə üsülu Qarabağın digər əraziləri üzrə də yaradılmışdır. Kosalar ƏİK qanlı Qarabağ münaqişəsinin ağır və gərgin bir dövründə  fəaliyyətə başlamasına baxmayaraq müəyyən müddət ərzində sosial-iqtisadi problemlərin aradan qaldırılmasına nail oldu, sonrakı fəaliyyətində bütün güc və imkanlarını kəndlərimizin müdafiəsinin gücləndirilməsinə, yerli batalionunun yaradılması və kazarma şəraitində fəaliyyət göstərməsinə, bu məqsədlə döyüşçülərin ərzaq, geyim, yataq və silah-sursatla təminatına sərf etdi.

Yeri gəlmişkən, əhalinin işlə təminatında, yeni iş yerlərinin-sexlərin fəaliyət göstərməsində, mudafiəmizin düzgün təşkilində kənd sovet sədri Kərəm Əsgərovun, döyüşçülərdən məsuliyyət və mübarizə əzminin tələb olunmasında, hər əzaba qatlaşan Əzizbəyov rayon PŞ-nin rəis müavini mayor Natiq Məşədiyevin, silah-sursatla təminatda Şirvan şəhər prokroru Eldar Sultanovun, DİN-nin müavini Talıbovun, ilk artileriya top qurğusunun Kosalara gətirilməsində Şuşa İH-nin başçısı Mikayıl Gözəlovun adını xüsusi olaraq qeyd edərdim. Şuşa-Laçın yolunun üzərindəki 4 erməni kəndinin təxribatçılardan azad edilməsi əməliyyatına rəhbərlik etmiş Şuşa və ətraf kəndlərin müdafiəsində qorxmadan hər əzaba qatlaşan, özündə mürəkkəb bir borc, tarixi vəzifə duyan Mikayıl Gözəlovun öz kabinetində xüsusi amansızlıqla güllələnərək qətlə yetirilməsi artıq Qarabağın itirilməsi demək idi. Belə hadisələrdən ruhlanan düşmən 5-6 gün ara verməklə 16 dekabrda Cəmilli, 22 dekabrda Meşəli kəndlərini, 15 yanvar 1992-ci ildə Kərkicahan qəsəbəsinin işğalına nail oldular. Cəmilli və Meşəli kənd sakinləri düşməndən müdafiə olunsalar da Kosalar batalionunun döyüşçüləri də onların köməyinə tez-tez çatırdılar, sonuncu ağır döyüş də daxil olmaqla hər iki kəndin geri alınmasında, əhalinin az itki verərək mühasirədən çıxarılmasında Kosalar və Kosaların Qaragav kənd döyüşçülərinin böyük fədəkarlığı olmuşdur, həmin kəndlər 2-3 həftə döyüşçülərimizin nəzarətində qalsa da talehimizlə maraqlanan olmadığından bu kəndləri də ardıcıl olaraq itirdik. Abşeron rayon İH-nin  başçısı İsrafil İsrafilovun, bacarıqlı mühəndis İstək Misirovun Meşəli kəndinin tikintisi və müdafiəsində əməyi böyük olmuşdur. Ətraf kəndlər artıq işgal olunduğundan Kosalar istiqamətində  hücumlar əməliyyatları daha da intensivləşdi, 7-8 yanvar 1992-ci ildə Kosalarla Şuşa arasında Çobandaşaşıran yüksəkliyinə Xankəndindən hücuma keçən düşmən xeyli itki verərək geri çəkildi, kənd sakinimiz Məmmədov Sərvər Yelmar oğlunu, Yevlaxdan köməyə gəlmiş polis əməkdaşı-Poladı həmin döyüşdə itirdik, 1989-cu ilin fevralında Quliyev Şahbazın qatlə yetirilməsi nəinki Kosaların, Qarabağın ilkin itkilərindən idi. Sakit və firavan yaşamı atıb dar gündə kəndimizə üz tutan Əşrəf Fəzlinin və Zeynal Əliyevin öz döyüş yoldaşları ilə birgə bu və əvvəlki ölüm-dirim mübarizələrində bizimlə bir cəbhədə vurulmaları müqəddəs Vətənə olan dərin məhəbbət və istəkdən irəli gəlirdi.

Daşaltı əməliyyatından şadlanan düşmən 2 gün sonra-28 yanvarda böyük qüvvə və 3 zirehli texnika ilə qar yağdığından ağ maska xalat geyimdə Kosalara Canhəsən istiqamətindən hücuma keçməsi, 30 nəfərdən artıq canlı qüvvə itirərək geri çəkilməsi Xankəndində matəmlə qarşılandı, bu döyüşdə bir nəfər belə əsgər və zabitimizin yaralanmaması döyüşçülərimizin necə yüksək bacarıq və nizam-intizama malik olmasından xəbər verirdi. Bu məğlubiyyətdən qəzəblənmiş düşmən həmin günün qisasını elə axşam Ağdamdan Şuşaya uçan helikopteri vurmaqla çıxdılar, 40 nəfərdən çox vətəndaşımız həlak oldu, bununla da Şuşa və ətraf kəndlərinin hava əlaqəsi tamamən kəsildi. Xankəndindən Çobandaşaşıran yüksəkliyi istiqamətində gecələr yol açıb texnika qaldırmalarını, həmin meşəlik ərazidə erməni hərbi birləşmələrinin böyük qüvvə və bazasının yerləşdiyini müşahidə edən kəşfiyyat qrupumuzun planına uyğun olaraq martın 29-da səhər tezdən, gecikmədən həmin əraziyə 3 tərəfdən hücuma keçən igidlərimiz düşmənin 50-dən çox canlı qüvvəsini məhv etdi, silah-sürsatlarını ələ keçirdi, hərbi çadırdan qurulmuş 8 düşərgəsinin hamısını od vurub yandırdı. Bu döyüş Kosalar batalionun ilk hücum əməliyyatı idi və uğurla başa çatdı, Ermənistanda 3 günlük matəmə səbəb oldu. Kəndimizin igid, qəhrəman oğlu-Tabil Həsənovu, Rasim Ağayevi və digər bölgələrdən köməyimizə gəlmiş Şəmkir İbrahimlini, Xəqanini və adlarını bilmədiyim 5 nəfər igidimizi itirdik. Fərman 30 nəfərlik dəstəsilə birgə Şuşadan gəlib köməyimizə çatsa da Miraqaz adlanan bu ərazi Xankəndinin 3 km-də yerləşdiyindən buraları qoruyub saxlamaq güc imkanlarımızın xaricində olduğundan geri çəkilməyə məcbur olduq. Bir ay sonra aprelin 29-da yenə Çobandaşaşıran istiqamətində ağır döyüşdə düşməni məhv edib geri oturtsaq da öz dəstəsilə köməyimizə çatmış AXC-nin Şuşa şöbəsinin sədri Ramiz Qəmbərovun bu döyüşdə igidcəsinə həlakı hamımızı sarsıtdı. Kosalara hücum əməliyyatından imtina etdiyinə görə ermənilərin ümumilikdə 100 nəfərə yaxın döyüşçü özləri tərəfindən öldürülmüşdür. Oxşarlıq təşkil etdiyindən digər döyüşlərin təhlilini aparmadan 7 may gecədən düşmən gözlənilməz arxa mövqedən irəliləyərək Kosalar kəndlərinin aralıq, strateji əhəmiyyət daşıyan yüksəkliklərini tutaraq bir neçə tərəfdən güclü hücuma keçmələrinə baxmayaraq, döyüşçülərimizin özlərini itirmədən ölüm-dirim savaşına qalxaraq düşmənin 300 nəfərə yaxın canlı qüvvəsini məhv etməsi,ağır döyüşdən qalib çıxması Kosaların əsil qəhrəmanlıq səlnaməsi olmuşdur, baxmayaraq Mahir Abdullayevi, Eldar Rüstəmovu, İldırım Rzayevi, Şükür Quliyevi digər bölgələrdən gəlmiş 8 nəfər igidimizi itirdik. Həmin gecə Şuşa şəhərinə də hücum əməliyyatı baslanmışdır, top mərmilərinin səsi Kosalara gəlib çatırdı, Şuşada da qızğın döyüşlər gedirdi. Belə bir vaxtda briqada komandri Elbrus Orucovun Şuşanı atib mayın 8-də səhər saat 5 radələrində Kosalara gəlməsi vaxt itirməklə guya öndə döyüşürük anlamı yaratmaq, sonda neyləyək döyüşdük şəhəri qoruya bilmədik kimi qurama bir oyunla özünü duruya çıxarmaq və gələcəkdə ona qarşı yönələcək ittihamlardan yüngül ötüşmək niyyəti məqsədli düşünülmüşdür. Şuşa şəhərinin işğal olunduğu barədə gələn xəbərlərə biz inana bilmirdik, mayın 9-da kənd ərazilərini erməni meyitlərindən təmizləyərkən Şuşa yolu ilə gəlib aşrıma çıxıb kəndi atəşə tutan ağır texnikaları gördükdə tam əmin olduq ki, artıq Şuşa əldən getmişdır. Əvvəlki döyüşlərdə olduğu kimi yenə tankçılarımız qəhrəmanlıq göstərdi, düzgün taktiki gediş edərək-geriyə çəkilərək tankı qorumaqla düşmənin üzərimizə gələn ağır texnikalarını vurub sıradan çıxartdı, digərlərini susdurdu, atəş mövqeyinə çıxmasına imkan vermədi və beləliklə, vaxt qazanıldı, əhali itki vermədən təhlükəsiz yerə çıxarıldı, sonda düşmən qənimət əldə etməsin deyə bütün texnikalarımız kimi tank da yandırılaraq məhv edildi və yol bağlı olduğundan kəndi piyada şəkildə tərk etməli olduq. Necə deyərlər bir damla saf su bulanıq çaya düşərək bulandı, yalnız yaddaşlarda igidlərimizin əzaməti, mərdliyi əbədi olaraq qaldı, bir də ki, əlimizin dadına-duzuna ermənilər yaxşı bələd oldu. Şuşa itiriləndən sonra Kosalar uğrunda  döyüzmək artıq mənasız idi. Şuşa kimi dağın başında qorunması mümkün olan strateji mərkəzi bir qala şəhəri başsız qoyub ordu  komandiri E.Orucovun 10-12 nəfərlik qüvvə ilə kömək məqsədilə Kosalara gəlməsi bir sərkərdə üçün düzgün atılmış addım deyildir, Kosalara köməyi tabeliyində olan hər hansı zabitin vasitəsilə də edə bilərdi. Maraqlı odur ki, E.Orucovu Kosalara kim çağırıb,Kosalardan onun sağ-salamat çıxmasına kim öhdəlik verib,bu və digər suallar hələ də  qaranlıq qalmaqdadır. Şuşa qalası sovetlərdən əvvəl ermənilər tərəfindən 3 dəfə ayrı-ayrı vaxtlarda yandırılsa da tarix boyu ermənilərə boyun əyməmişdir. Şuşanın işğalı İranda Azərbaycan, Ermənistan ölkə rəhbərlərinin münaqişənin həlli ilə ələqədar 3 tərəfli görüşü zamanı baş vermişdir. Şuşanın işğalı sonralar anşlaqdan kənar 7 rayonumuzun əldən getməsinə səbəb oldu. Hadisələdən əvvəl ermənilər Qarabağda və digər ərazilərimizdə kefi kök yaşayırdılar, yüksək vəzifələr tuturdular, bir sözlə əla dolanırdılar, indi isə Qarabağda acından ölürlər, itirdiklərin itiriblər, üzləri yoxdur ki, bizlərlə birgə yaşasın, onların ağlı olsa bu hadisələri törədənləri, Aqanbekyanların,Balayanların kitablarını yandırar, onlara qoyulmuş keykəlləri uçurar, sağ olanlarını isə dar ağacından asardılar, bir sözlə torpaq qazanmaq sevdası ilə arxalandıqları ölkələrin maraqlarına xidmət göstərməkdən əl çəkməlidirlər, ağalarının ətəyindən buraxılıb sivil dünyada qonşuluq prinsipləri qorunmaqla müstəqil yaşamaq yolunu seçməlidirlər, heç kimə böyüməti olmamalı, alnı açıq, üzü ağ yaşamalıdırlar, bu ermənilərin özlərinə daha faydalı olardı.

30 il keçməsinə baxmayaraq, axır ki, arzularımız çin oldu, Var olsun Ali baş komandan, onun qətiyyəti, Rəşadətli Azərbaycan ordusunun şanlı qələbəsi sayəsində Qarabağın tacı, başda Şuşa şəhəri olmaqla rayonlarımız işğaldan azad olundu və əminik ki, ölkə başçısının apardığı müdrik siyasət nəticəsində Qarabağin işğalda olan əraziləri də düşmən tapdağından təmizlənəcəkdir, Kosalar kəndi də öz azadlığına qovuşacaqdır. Birinci Qarabağ müharibəsində düşmənlə layiqli mübarizə aparan,sonadək məğlub olmayan Kosalar kənd döyüşçülərinin göstərdikləri igidliklə görə azad olunandan sonra kəndimizə Cənab Prezidentimiz tərəfindən Qəhrəman kənd adının verilməsi sakinlərimizin ən böyük arzu-istəyi olardı.

       Nəcəfov Mənsur Misir oğlu,

Kosalar kənd sakini

                                                                                                             09.05.2022                        

 

Yorum Gönder

Daha yeni Daha eski