Mən Azərbaycanın
xoşbəxt vətəndaşı, qürurlu gənciyəm. Bu hisləri özümə aşılamaq üçün məndə milli
əsaslar və milli ruh var. Ağlım kəsən vaxtdan mənə valideynlərim, müəllimlərim
milli ruhda tərbiyə veriblər. Buna görə də həmişə düşmənə nifrət, xalqımıza,
dövlətimizə məhəbbət hisləri ilə böyüyüb gənclik çağıma qədəm qoymuşam. Ancaq
bu illərdə ən böyük arzum Qarabağ torpağının tezliklə düşmən tapdağından azad
etməyimiz, qisasımızın alınması arzusu olub. Çox şükür olsun ki, bu arzuya,
amala xalq olaraq yetə bildik. Məhz buna görə də özümü Vətənin xoşbəxt, qürurlu
gənclərindən biri sayıram.
Şuşa
şəhərindən baxarkən Xocalı rayonunun Kosalar kəndinə aid “Ya Əli” adlanan dağ
görsənir. Dağın o üzündə viran edilmiş doğma Kosalar kəndidir. Şuşada
yandırılan Zəfər tonqalının alovu Kosalar kəndi üçün ümid işığıdır. Biz yaxın
zamanda bütün torpaqlarımıza qədəm qoyacağıq...
Bu dağın o üzü
bizim kəndimiz,
Boylanır
uzaqdan hələ gözümüz.
Düşəcək
yoluna yenə izimiz,
İstərəm havanı udum, Kosalar!
Şəfalı suyundan dadım,
Kosalar!
Qoynunda doğulduğum, iməklədiyim Xocalı rayonunun Kosalar kəndindən
didərgin düşəndə 6 yaşım var idi. Düşmənə matəm saldıran Kosalar kəndinin qəhrəmanlıq
dastanını dinləməklə böyüyüb boya-başa çatmışam. Həmişə fəxr edirəm ki, belə qəhrəman
kəndin övladıyam. Cismim doğulduğum torpaqdan bir əmanətdir, ruhum isə doğma
yurdun havası, suyu ilə həmahəngdir. Doğma kəndimdən yadımda az da olsa xatirələr
qalıb. Amma ağlı-qaralı, köhnə film kadrları kimi. Uşaqlıq yaddaşımda bir neçə
saniyəlik təəssüratlarla Şuşa şəhəri də qalıb...
Şuşa milli birliyimizin rəmzi kimi bizi
qoynuna çağırır, bir mayak kimi xalqımızı ətrafında cəmləşdirir. Ali Baş
Komandanımız İlham Əliyevin Cıdır düzündə alovlandırdığı Novruz bayramı tonqalı
Oğuz elini həmrəyliyə səsləyən tonqala bənzəyir. Milli birliyimiz, həmrəyliyimiz
Şanlı Zəfərimizlə daha da möhkəmlənibdir, daha da güclü formalaşıbdır. Zəfər
sevincini dadan, Ordumuzun arxasında dağ kimi dayanan xalqımız yaxşı bilir ki,
milli birliyimiz olan təqdirdə hər döyüş sınağından qalib çıxa bilərik. Azərbaycan
əsgəri də məhz kürəyində hiss etdiyi xalqımızın nəfəsi, dəstəyi nəticəsində
döyüş əzmi və ruh yüksəkliyi ilə irəli atıldı.
Bir vaxt dağlarının başı duman olan
Şuşa, indi azad səmasında üçrəngli bayrağımızın ahəngi ilə dolaşan şəhid
ruhlarının cənnət guşəsidir. Cıdır düzü Zəfər şənliklərinin qeyd olunduğu gözəl
məkandır. Düşmən tapdağında ümidlə, intizarla nakam açmış boynubükük xarıbülbüllər
artıq sevinclə, həvəslə torpağın altından baş qaldırırlar. Şuşa qayaları övladlarına
qovuşan, ağuşuna alan, onlarla qürur hissi keçirən məğrur bir Ananın fərəhlə döyünən sinəsinə bənzəyir. Şuşa mədəniyyətin
incilərindən biri olan Yuxarı və Aşağı Gövhərağa məscidləri xalqımızın müqəddəs
ziyarət yerlərindən biridir. Kirs dağı başını məğrur tutaraq xoş günlərimizi
seyr edir. Şuşa qalası Vətən müharibəsində döyüşlərdə əsgərlərimizə səngər oldu,
Pənahəli xanın ruhu ilə oyanıb mənəvi gücə çevrildi, bir neçə əsr əvvəlki
müdafiə missiyasını canlandıraraq əsgərlərimizi düşməndən qorudu. Bu gün Şuşa
qalasının hər daşı xalqımızın döyüşkənlik ruhundan ilhamlanaraq bir-birinə bərkiyib,
sarsılmaz olubdur. İsa bulağı qəzəbindən, kədərindən, həsrətindən daha qanlı
göz yaşı axıtmır. Sevinclə, fərəhlə zümzümə edir. Onun da Şanlı Zəfərimizə
qoşduğu nəğmələr var. Ümumiyyətlə, azad Qarabağın hər qarış torpağı sanki dilə
gəlib danışır.
Əziz oxucu, çalışdığım qədər fikrimi
yazı ilə ifadə edirəm. Amma məni riqqətə gətirən mövzu, ruhumu qanadlandıran
sevgi, döyüşşülərimizə, şəhidlərimizə, qazilərimizə olan minnətdarlıq hissi
düşüncələrimi şeirlərimlə bildirməyə sövq edir.
“Əziz
Şuşa, sən azadsan”!
Zirvələrdə qartal
kimi.
Sən
ruhuma qol-qanadsan
Gerçəkləşmiş vüsal kimi.
Qisas
üçün savaşaraq,
Neçə
sədlər, dağ aşaraq,
Qayaları
dırmaşaraq
Gəldi ordum hilal kimi.
Dastan oldu Böyük Zəfər,
Qalib ordu, xalq müzəffər.
Sərkərdəmiz etdi səfər
Bir müqəddəs amal kimi.
Gəlib
indi xoş dövranın,
Abadlaşır
hər bir yanın.
Artacaqdır
sənin şanın
Gözəl şəhər, mahal kimi.
Ruhumuz fərəhdən dönüb qartala,
Yetişdik vüsala,
çatdıq amala.
Son
qoyduq qarətə, bunca işğala,
Azaddır
yurdumun torpağı, daşı,
Tarixə yazıldı
Vətən savaşı!
Bir
vaxt Xətainin güclüydü qolu,
İndisə İlham var hünərlə
dolu.
“Dəmir
Yumruğ”udur haqqın simvolu,
Düşmənin bir yolluq əzildi başı,
Tarixə yazıldı Vətən savaşı!
İndi Şuşada Zəfər şənlikləri
qeyd olunur. Həmvətlərimiz Şuşanı ziyarət edir, Vətən müharibəsində əldə
etdiyimiz qələbənin sevincini doya-doya, əsl mahiyyətini dərindən dərk edərək
yaşayır. Ən əsası odur ki, xalqımız qələbəmizə həmrəyliklə nail olduğu kimi,
zəfər sevincini həmrəy yaşadığı kimi, hər kəs ziyarət etdiyi torpaqlardan
aldığı təəssüratları bir-biri ilə paylaşaraq həmrəylik duyğusunu canlı
saxlayırlar. Azad Şuşada Dünya Azərbaycanlılarının Qurultayının keçirilməsi bir
daha onu göstərir ki, Şuşa xalqımız üçün əzizdir və milli birliyimizin zəfər
təntənəsidir. Şuşa səfərinə çıxarkən duyğularımı ifadə etmək üçün yenə şeirə
yer verəcəyəm.
Şəhid
Xudayarın həzin səsilə,
Xanın havalanan
şikəstəsilə,
Telli
durnaların şən nəğməsilə
Əziz Şuşam, qucağına gəlirəm,
Doğma yurdum, ocağına gəlirəm.
Səndə keçib ömrün
ilki, əzəli,
Dilimdə
Vaqifin sevgi qəzəli.
Qoy
qısqansın məni Şuşa gözəli,
Əziz Şuşam, qucağına gəlirəm,
Doğma yurdum, ocağına gəlirəm.
Ordumuz
dərs keçdi xain düşmənə,
Dönür
övladların qoynuna yenə.
Mən də
bir oğlunam, qucaq aç mənə,
Əziz Şuşam, qucağına gəlirəm,
Doğma yurdum, ocağına gəlirəm.
Şuşa nə qədər bizə əzizdirsə, Şuşaya aparan yollar da bizim üçün o qədər əzizdir. Çünki Şuşaya gedən Zəfər yolu igid oğullarımızın hünəri ilə düşmən tapdağından təmizlənib, neçə-neçə şəhidlərimizin qanları hesabına mənfur izlərdən arınıbdır. Şuşa Qarabağın ürəyidirsə, Zəfər yolu da onun şah damarıdır. Cənab Prezidentimizin təbiri ilə desək, Zəfər sözü xalqımıza çox yaraşır. Bütöv Azərbaycan amalı, milli ideologiyamız uğrunda bundan sonra da böyük zəfərlərə imza atacağıq. Bunun üçün həmişəki kimi həmrəy olmalı, Cənab Prezidentimizin ətrafında sıx birləşməliyik. Zəfər yoluna həsr etdiyim “Mübarəkdir Zəfər Yolu” şeirlə təəssüratlarıma poetik ifadə əlavə edirəm:
Bu yol
gedir bizim elə,
Şən şeirlər
gəlir dilə.
Qoy
bürünsün hər yan gülə,
İşıqlansın
sağı-solu,
Mübarəkdir Zəfər Yolu!
Şüşə
kimi yolun hamar,
Şuşamıza bizi apar.
Sən
qəlbimdən keçən damar
Qürur dolu, fərəh
dolu,
Mübarəkdir Zəfər
Yolu!
Məclis
qurub Cıdır düzü,
Xarıbülbül gözlər
bizi.
Salaq
yenə izimizi,
Ana torpaq açıb qolu,
Mübarəkdir Zəfər Yolu!
İlham aldım bu
xoş çağdan,
Azad
olmuş Qarabağdan,
Qalib
Ordu aşan dağdan
Çəkdik
mərdlik, haqq simvolu,
Mübarəkdir Zəfər Yolu!
Fikrimi Şuşada keçirilən Zəfər
Qurultayında Müzəffər Ali Baş Komandan İlham Əliyevin sözləri ilə
yekunlaşdırmaq istəyirəm: “Bu gün alnımız açıqdır, bu gün üzümüz gülür, bu gün
başımız dikdir və həmişə belə olacaq. Mən tam əminəm ki, bundan sonra Azərbaycan
xalqı müzəffər xalq kimi əbədi yaşayacaq, Azərbaycan dövləti qalib dövlət kimi əbədi
yaşayacaq. Biz öz torpağımızdayıq, bu torpaqda möhkəm dayanmışıq və heç kim heç
vaxt bu torpaqlardan bizi tərpədə bilməz”.
Qalib Bəyməmmədoğlu,
“Xocalının
səsi” qəzetinin redaktoru