Xocalının qədim tarixini, mədəniyyətini özündə əks etdirən maddi-mənəvi xəzinə

Hər il mayın 18-i dünya ölkələrində Beynəlxalq Muzeylər Günü kimi geniş qeyd edilir. Beynəlxalq Muzeylər Şurası (ICOM) tərəfindən xalqlar arasında mədəni mübadilə və əməkdaşlığın inkişafına kömək məqsədilə təsis olunmuş bu bayram hər il müxtəlif deviz altında keçirilir. Bu il Beynəlxalq Muzeylər Günü “Muzeylərin gücü” mövzusuna həsr olunub.

Azərbaycan torpaqlarının müasir sivilizasiyanın inkişafa başladığı ən qədim yaşayış məskənlərindən biri Xocalıdır. Xocalı başdan-başa tarixi memarlıq abdiələri diyarıdır. Buna misal olaraq miladdan əvvəl XIII-VII əsrlərə aid Xocalı-Gədəbəy mədəniyyət abidələrini, son Tunc və ilk Dəmir dövrlərinə aid Nekropolu, Kurqan çölünü, eramızın IV-VII əsrlərinə aid kilsələri, XIV əsrə aid Xocalıda Hacı Əli günbəzini, 1356-cı ildə inşa olunmuş dairəvi türbəni, XVIII əsrdə tikilmiş Əsgəran qalasını və onlarca başqalarını göstərmək olar.

Azərbaycanda Kiçik Qafqaz dağ və dağətəyi rayonlarında, Kür-Araz çayları arasında son Tunc və ilk Dəmir dövrlərinə aid arxeoloji mədəniyyət Xocalı-Gədəbəy mədəniyyəti abidələri adlandırılır. Xocalı-Gədəbəy mədəniyyət abidələri emalatxanalar, qəbirlər və ibadətgahlardan ibarətdir. Mədəniyyətin yayıldığı ərazidə misəritmə kürələri, mis və tunc məmulatları hazırlayan emalatxanaların qalıqları, çaxmaq daşından alət və silahların istehsal tullantıları aşkar edilmişdir. Buradan Neolit dövründə yaşayan insanlara aid əmək alətləri də tapılmışdır. Torpaq, daş qutu qəbirlər və kurqanlarda ölülər bükülü, uzadılmış, oturdulmuş vəziyyətdə dəfn olunmuşdur. Qəbirlərin keramikası demək olar ki, eynidir. Qəbirlərdən tunc, qılınc, təbərzin, toppuz, ox, yaba, xəncər, nizə ucluğu, bardak, qazan, cilov, bilərzik, üzük, sümükdən hazırlanmış bəzək əşyaları, gildən və daşdan hazırlanmış müxtəlif məmulatlar aşkar edilmişdir.

Mənfur qonşularımızın işğalçılıq siyasəti nəticəsində Xocalıdakı tarixi abidələrimiz də təcavüzə məruz qalaraq dağıdılmışdır. Qədim tarixlərdən yadigar qalan eksponatların bəziləri Xocalı rayon Yaloba kənd Tarix-diyarşünaslıq muzeyində saxlanılır. Təəssüf ki, didərginlik həyatı yaşayan muzeyin əksər dəyərli eksponatları da düşmən tapdağı altında qalmışdır.

Muzeyin direktoru Tofiq Məmmədov "Xocalının səsi" qəzetinə açıqlamasında bildirir ki, muzey 1988-ci il tarixdən başlayaraq 1991-ci ilə kimi ictimai əsaslarla fəaliyyət göstərmiş, Azərbaycan Respublikası Mədəniyyət Nazirinin 1991-ci il 19 aprel 144 saylı əmrinə əsasən, Şuşa rayon mədəniyyət şöbəsinin 5 may tarixli əmri ilə fəaliyyə başlamışdır. O zaman muzeydə 800 adda eksponat var idi. Bunlardan maddi, məişət, toxuculuq, kənd təsərrüfatı, tikmələr, bəzək əşyaları, rəssamlıq, qrafika və sair qiymətli əşyalar toplanmışdır. Barbar qonşularımızın hücumu zamanı muzeyin əksər eksponatları işğal altında qalmışdır. 1992-ci ildə muzeyimizdə 2500 ədəd tarixi əhəmiyyət kəsb edən qiymətli eksponat vardı ki, onların hamısı işğal altında qalmışdır. Hal-hazırda vətənpərvərlik mövzusunda stendlər və Qarabağın qədim tarixini əks etdirən eksponatlar toplanaraq muzeyin fonduna daxil edilmişdir. 

Hal-hazırda Gəncə şəhəri ərazisində fəaliyyət göstərən Xocalı rayon Yaloba kənd Tarix-diyarşünaslıq muzeyi öz eksponatlarının aid olduğu torpaqlara qayıdışını gözləyir. 


Yorum Gönder

Daha yeni Daha eski