Azərbaycanın artan gücünün növbəti nəticəsi - IX Qlobal Bakı Forumu

      Qlobal Bakı Forumu bütün qlobal məsələlərin müzakirə edildiyi beynəlxalq tədbir kimi dünyanın diqqət mərkəzindədir. Qeyd etmək lazımdır ki, Azərbaycanda təşkil edilən IX Qlobal Bakı Forumu digər beynəlxalq forumlardan miqyas və məzmun genişliyinə görə fərqlənir. Daha dəqiq desək, Davos forumu sırf iqtisadi və siyasi, Münhen forumu sırf təhlükəsizlik məsələlərini özündə ehtiva edirsə, Bakı Qlobal Forumu bu mənada daha universal və daha əhatəlidir. Yəni bu forum beynəlxalq gündəmdə olan bütün siyasi, iqtisadi, humanitar və digər mövzulara açıqdır. Belə bir beynəlxalq tədbirə ev sahibliyi etmək isə Azərbaycanın artan gücünün, uğurlu diplomatiyası ilə yanaşı, hərbi və siyasi qələbələrinin nəticəsidir. Ölkəmizdə belə mötəbər Forumun keçirilməsi hər şeydən əvvəl dövlətimizin beynəlxalq aləmdəki nüfuzunu göstərir.

      Tədbirdə dünyanın 50-dən çox ölkəsindən ali və yüksək səviyyəli nümayəndələr, sabiq dövlət başçıları, beynəlxalq və qeyri-hökumət təşkilatlarının rəsmiləri, eləcə də digər nüfuzlu qonaqlar iştirak etdilər.

      Forumda beynəlxalq gündəlikdə duran əsas məsələlərdən biri kimi təhlükəsizlik

mövzusunun xüsusi önəm kəsb etdiyi vurğulandı. Avropadakı cari vəziyyət barədə açıq müzakirələrin aparılması baxımından Qlobal Bakı Forumunun mükəmməl platforma olaraq çıxış etdiyi qeyd olundu.

      Forumun açılış mərasimində çıxış edən Prezident İlham Əliyev bildirdi ki, Qlobal Bakı Forumunda aparılan müzakirələr və fikir mübadilələri dünya gündəmində yer alan ən mühüm problemlərin araşdırılmasına və həllinə töhfə verəcək. Cənab Prezident eyni zamanda Azərbaycan - Ermənistan münasibətlərinin bu günü və gələcəyi, həm də Zəngəzur dəhlizi və onun açılmasının önəmi ilə bağlı konkret fikirlər səsləndirdi. Ölkə başçısı bir daha qeyd etdi ki, regionda sülhün və sabitliyin bərqərar olması üçün Ermənistan tərəfi Azərbaycanın sülh səylərini dəstəkləməli, təxribat xarakterli addımlardan imtina etməlidir.

      Azərbaycanın dövlət başçısı Forumdakı çıxışında dünyadakı münaqişələrin sülh yolu ilə həlli, ərzaq təhlükəsizliyinin təmin edilməsi, ədalətli dünya nizamının formalaşdırılmasının vacibliyini qeyd etdi.

      Qalib ölkə kimi dünyanın diqqət mərkəzində olan Azərbaycan ədalətli müharibəni Zəfərlə yekunlaşdırdı və öz torpaqlarını işğaldan azad etdi. Bu məqam da ölkə başçısı tərəfindən Forum iştirakçılarının bir daha diqqətinə çatdırıldı. Müzəffər Ali Baş Komandanımız müharibənin ədalətin, beynəlxalq hüququn və Azərbaycan xalqının milli ləyaqətinin bərqərar olunması ilə nəticələndiyini söylədi.

      Ümumiyyətlə, Cənab Prezident İlham Əliyevin Forumda səsləndirdiyi fikirlər, sadəcə ölkəmiz üçün deyil, bütün region və onun gələcək inkişafı üçün yol xəritəsi hesab edilə bilər. Hesab edirəm ki, regionumuzun inkişafı və tərəqqisi üçün bütün region dövlətləri Azərbaycan Prezidentinin çağırışlarını dəstəkləməli, bu çağırışların daha geniş miqyasda reallaşmasına töhfələrini verməlidir.

Sevda Məmmədova,

Xocalı rayon gənci


Yorum Gönder

Daha yeni Daha eski