Ulu öndər Heydər Əliyev Azərbaycanı parçalanıb yox olmaq təhlükəsindən qurtardı

      1993-cü ilin iyununda — Heydər Əliyevin hakimiyyətə qayıdışı ərəfəsində Azərbaycan öz tarixinin ən keşməkeşli dövrünü yaşayırdı. Cəbhədə ağır məğlubiyyətlər, xəyanətlər, satqınlıq baş alıb gedirdi. Ölkədə, sözün əsl mənasında, hakimiyyətsizlik idi. Siyasi hərc-mərclik hökm sürürdü. Bölgələrimizdə, rayonlarda, paytaxtın ayrı-ayrı məhəllələrində faktiki olaraq silahlı quldur dəstələri at oynadırdı. Xalq vahimə və təşviş içərisində idi. Atışma səslərindən camaat evində rahat yata bilmirdi. Girovgötürmə kimi çirkin qazanc vasitəsi adi hala çevrilmişdi. Camatın əlində olan malı, mülkü avtomobil və başqa vasitələri cəbhə adı altında müsadirə edilirdi. Talançılıq baş alıb gedirdi. Faktiki olaraq dövlət yox idi. Ölkəni xalq adından idarə edən, əslində isə heç bir səriştəsi olmayan, ən adi idarəçilik qaydalarının belə nə olduğunu bilməyən məhdud bir qrup məmləkəti milli fəlakət həddinə çatdırmışdı. Ölkə vətəndaş müharibəsi və etnik toqquşmalar meydanına çevrilməkdə idi. Cəbhədə isə erməni işğalçıları qarşısında müdafiəsiz qalmışdıq. Vətən torpaqları hərraca qoyulmuşdu. Xalq ümidsizlik və təlaş içərisində idi. Sabaha inam qalmamışdı. Azərbaycanın xaricdəki yağı düşmənləri daxildəki satqınlarla birləşmişdilər. Azərbaycan torpaqları  parçalanıb yox olmaq təhlükəsi qarşısında qalmışdı. Bakı yaxınlığında — Navahı kəndində vətəndaş müharibəsinin ilk güllələri atılmış, qardaş qanı axıdılmışdı...

        Nə etməli sualı Vətənimizin qeydinə qalan hər kəsi düşündürürdü. bu fəlakət anında Azərbaycan xalqının yeganə ümid yeri Heydər Əliyev idi. Müdrik xalqımız, o zaman qəti hərəkət edərək dünyanın bu böyük siyasət adamını hakimiyyətə gətirdi. Bununla da Azərbaycanın xarici və daxili düşmənlərinin qubağa gölünə daş atılmış oldu, bədxahlarımızın arzuları gözlərində qaldı. Ölkədə vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandıqda Heydər Əliyevin hakimiyyətə gətirilməsi şüarı ilə ayağa qalxdı, bu, əsl mənada, milli hərəkata çevrildi, Azərbaycanın o zamankı dövlət başçıları onu rəsmən Bakıya dəvət etməyə məcbur oldular. Məhz o zaman — 1993-cü ilin iyun günlərində Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycanın qurtuluşunda həlledici dönüş baş verdi. Müdrik dövlət xadimi bir neçə siyasi gedişdən sonra vətəndaş müharibəsi təhlükəsini aradan qaldırdı. Xarici və daxili düşmənlərin Azərbaycanı parçalayıb yox etmək, müstəqil dövlətimizi aradan qaldırmaq planı puça çıxdı. Dövlətimizin, xalqımızın tarixi müqəddəratının idarəçilik sükanı dahi dövlət adamının əlinə keçdi. Bununlada Xalqımızın  və Dövlətimizin qurtuluşu baş verdi.

       Heydər Əliyev iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi, iyunun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı.

       Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra öz xalqı üçün, doğma Vətən üçün nələr etmədi? O, canını belə təhlükəyə ataraq bu böhranlı vəziyyətdən xalqımızı xilas etdi. 1993-cü ilin 15 İyun gününü Qurtuluş günü adlandırmaq olarmı? Əslində belə deyilmi? Çox sadə dillə desək bədnamlar bizi geriyə xanlıqlar dövrünə qaytarırdı. Azadlıq, müstəqillik həm hər bir ayrıca vətəndaş üçün, həm də bütöv xalqlar, millətlər üçün ən müqəddəs, ən şirin nemətdir. Biz azadlığımızın, müstəqilliyimizin yolunu illərlə gözləmişik, mübarizə aparmışıq, minlərlə şəhid vermişik. Azadlığı, müstəqilliyi əldə etmək nə qədər çətindirsə, onu qoruyub saxlamaq bir o qədər mürəkkəb və ağır məsələ idi o zamanlar. Qüdrətli və möhkəm dövlət olmayan yerdə azadlıq və müstəqillik də yoxdur. Belə bir dövləti bizə Heydər Əliyev dühası bəxş etmişdir. Prezident Heydər Əliyevin qədirbilən xalqımız qarşısında, tariximiz qarşısında ən böyük xidməti budur ki, bu böyük düha torpaqlarımıza yiyələnmək üstündə ən kəskin geosiyasi ziddiyyətlərin mövcud olduğu bir şəraitdə Azərbaycan dövlətçiliyini xilas etdi, Azərbaycan varlığını parçalanıb yox olmaq təhlükəsindən qurtardı. Dövlətimizin qorunub saxlanması isə azadlığımızın, müstəqilliyimizin qorunub saxlanması deməkdir. Qurtuluş deməkdir! Dövlət başçısının qətiyyəti xalqa ruh yüksəkliyi gətirdi, inamımızı özümüzə qaytardı. Azərbaycan qanlı burulğandan çıxdı. Sabitlik və əmin-amanlıq yarandı. Böyük dövlət xadimi kimi Heydər Əliyevin digər tarixi qələbəsi məhz budur — sabitlikdir. Ölkədə sabitlik yaratmaqla Heydər Əliyev öz gücünə, təcrübəsinə güvənən dahi siyasətçi kimi dəfələrlə söylədiyi məşhur kəlamına sadiq qaldığını sübut etdi: Azərbaycanın dövlət müstəqilliyi əbədi olacaqdır, sarsılmaz olacaqdır, dönməz olacaqdır...Prezident Heydər Əliyev xalqı, yurdu milli-mənəvi parçalanmadan, iflasa uğramaqdan xilas etdi. Torpağımızın, xalqımızın, dilimizin üzərindəki əzəli və əbədi "Azərbaycan" möhürü özümüzə qaytarıldı. Bununla Vətənçilik, xalqımızın adı və dili, qüdrətimizin və vahidliyimizin əsası olan islam-türk birliyi bərpa olundu, reallaşmaqda olan etnik toqquşmalar ehtimalı aradan qaldırıldı. Düşmənlərimizin oxu bu məsələdə də daşa dəydi. Bu gün müstəqil Azərbaycanın beynəlxalq aləmdə nüfuzu və şöhrəti durmadan artmaqdadır. Azərbaycan Respublikası bütün dünyada demokratik, hüquqi, dünyəvi dövlət nüfuzu qazanmışdır. Heydər Əliyev zəkasının məhsulu olan təməl qanunumuz dünyanın ən demokratik, ən mükəmməl konstitusiyalarından biridir və beynəlxalq aləmdə Vətənimizə böyük rəğbət qazandırır. Özünün xarici siyasətini bərabərlik və qarşılıqlı mənafe prinsipləri əsasında quran Azərbaycan Respublikası dünyanın bütün dövlətləri üçün açıq ölkəyə çevrilmişdir.

         1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. Onun Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində dönüş yarandı, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlandı. Azərbaycan dövlətçiliyinin mövcudluğuna böyük təhlükə olan 1994-cü il oktyabr və 1995-ci il mart dövlət çevrilişi cəhdlərinin  qarşısı alındı, dövlət müstəqilliyi qorunub saxlandı, silahlı yolla hakimiyyətə gəlmək cəhdlərinə son qoyuldu.Heydər Əliyev Azərbaycanın zəngin neft və qaz resurslarından səmərəli şəkildə istifadə edərək çox güclü siyasi hakimiyyət qura bilmişdi və ölkədəki digər siyasi güclər onunla rəqabət apara bilmirdi. Prezident Heydər Əliyevin xarici siyasət sahəsində ən mühüm uğurlarından biri də budur ki, o, Azərbaycanı türk dünyasından təcrid olunmuş vəziyyətdən çıxartdı. Bizimlə birlikdə azadlığa çıxmış qardaş Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Türkmənistanla ənənəvi dostluq münasibətlərimiz bərpa olundu. Hazırda Azərbaycan Respublikası qardaş türk dövlətləri ailəsinin bərabərhüquqlu üzvüdür.

        Bu gün ermənistan və onun havadarları qarşısında qalib Azərbaycanımız Heydər Əliyev siyasətinin davamçısı və inkişafetdiricisi olan ali Baş Komandanımız İlham Əliyev Cənablarının möhtəşəm rəhbərliyi ilə parlaq gələcəyə doğru irəliləyir. Bu gələcək bütöv Azərbaycanla olacaqdır!

 Mirzəyeva Sevda,

Xocalı rayonundan məcburi köçkün, rayon ziyalısı

Yorum Gönder

Daha yeni Daha eski