Xocalı rayon İcra
Hakimiyyətinin və Xocalı Rayon Polis Şöbəsinin birgə təşkilatçılığı ilə
"Doğmalara yaxın, narkomaniyaya uzaq olaq" başlığı altında 26 iyun BMT-nin "Ümumdünya Narkotiklər Əleyhinə Mübarizə Günü" ilə əlaqədar, narkomaniya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində növbəti maarifləndirici tədbir keçirildi.
Xocalı RPŞ-nin Akt zalında keçirilən tədbirdə Xocalı rayon İcra Hakimiyyəti
başçısının müavini, rayon icra hakimiyyəti yanında Yetkinlik yaşına
çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın sədri Lamiyə
Qarayeva, Komissiyanın üzvləri, Xocalı rayon Polis Şöbəsinin əməkdaşları,
Xocalı rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın üzvləri, təhsil işçiləri,
məktəb psixoloqları, valideynlər və məktəblilər iştirak etdilər.
Tədbiri giriş sözü ilə açan Lamiyə Qarayeva bildirdi ki, rayonumuzda narkomaniya xəstəliyindən əziyyət çəkən və müalicə olunan qeydiyyata götürülmüş şəxs yoxdur. Buna görə də rayonumuzda keçirilən tədbirlər maarifləndirici və profiloaktik mövzuları əhatə edir. Narkotikanın zərərlərindən danışan Lamiyə Qarayeva narkotik istifadəçilərinin təkcə özlərinə zərər yox, eyni zamanda ətrafdakı insanlara da zərər yetirdiklərini, cinayət əməlləri törətdiklərini dedi.
Ailənin insanın həyatında və
inkişafında çox vacib rol oynadığını vurğulayan Lamiyə Qarayeva narkotik maddələrdən
istifadə edən gənclərin böyük əksəriyyətinin ailəsində də bu maddələrdən
istifadə edən şəxslərin olduğu müəyyən edildiyini bildirdi.
Lamiyə Qarayeva fikirlərinə
əlavə etdi ki, narkomaniyanın qarşısını almağın ən əlverişli yolu onun məktəblərdə
mütəmadi olaraq maarifləndirici tədbirlər aparmaqdır. Məhz ən çox yeniyetmələr
təhlükəli işlərə meyillidirlər və buna görə də şəxsiyyətin formalaşdığı dövrdə
bir sıra xəbərdarlıq yönlü fəaliyyətlərin aparılması vacibdir. Lazımi tərzdə
yanaşma və təsirli informasiyalar verdikdə uşaqlar narkomaniya barədə öz fikirlərini
formalaşdıra və ondan istifadənin nə kimi fəsadlar verə biləcəyi barədə düzgün
biliyə malik olurlar. Məktəblə valideynlər arasında əlaqə möhkəm olmalıdır.
Sonra Xocalı Rayon Gənclər və
İdman İdarəsinin rəisi Elməddin Bağırov rayon gənclərinin vətənpərvərlik
ruhunda tərbiyə olunması istiqamətində görülən tədbirlərdən danışdı. Qeyd etdi
ki, rayon gəncləri və yeniyetmələr arasında narkomaniya ilə mübarizə tədbirləri
məqsədilə, həmçinin onların asudə vaxtın səmərəli təşkili və zərərli vərdişlərdən
kənar olmaq məqsədilə mütəmadi olaraq idman yarışları və intellektual oyunlar
keçirilir, müxtəlif ekskursiyalar təşkil edilir.
"Xocalı Rayon Mərkəzi
Xəstəxanası" publik hüquqi şəxsin direktoru Aqil Məmmədov çıxışında
narkomaniya bəlasının fəsadları barədə söz açdı. Təəssüf hissi ilə qeyd etdi
ki, yuxarı siniflərdə oxuyan bəzi qızlar da narkotik vasitələrin aludəçisinə
çevriliblər. Narkomaniyanın cəmiyyətə, ailələrə vurduğu ziyan artmaqdadır. Elə məhz boşanmaların, ailədaxili şiddətin, qətllərin çoxu da
narkomaniya ilə bağlıdır.
Bu bəla ilə mübarizədə hər
birimiz fəal olmalıyıq. Hər kəs cəmiyyətin bir üzvü kimi narkomaniyaya ilə
mübarizəyə qoşulmalıdır. Qarşılaşdığımız mənfi hallara öz münasibətimizi bildirməli
və bu barədə hüquq-mühafizə orqanlarına məlumat verməliyik. Övladlarımızla, gələcəyimizlə
laqeyd münasibət göstərmək əvəzinə, onlarla dostluq münasibəti qurmalıyıq.
Valideynlər və övladları arasındakı yaxşı münasibət narkotiklərə qarşı mübarizədə
böyük rol oynayır.
Daha sonra Qarabağ Regional Təhsil İdarəsinin Xocalı və Xocavənd rayonları üzrə təhsil sektorunun əməkdaşı Xəyyam Cəfərov bildirdi
ki, Xocalı rayonun ümumtəhsil məktəblərində "Nakomaniya əsrin bəlasıdır",
"Ağ ölümlə mübarizə", "Sağlam gələcək naminə!" və digər
mövzularda müxtəlif tədbirlər keçirilir. Tədbirlərdə şagirdlərə zərərli vərdişlərdən
qorunması yolları barədə söhbətlər aparılır, asudə vaxtın səmərəli təşkil
olunması, dərsdən yayınmasına və pis vərdişlərə yiyələnməsinə qarşı mövzularda
çıxışlar edilir, fərdi söhbətlər və fikir mübadiləsi aparılır.
Narkomaniya bəlası
mövzusunda şagirdlər arasında inşa və rəsm müsabiqələri təşkil edilir. Fəal
şagirdlər tərəfindən divar qəzetləri və bukletlər tərtib olunaraq şagirdlərə
paylanılır.
Xocalı RPŞ-nin Yetkinlik
yaşına çatmayanların işləri üzrə inspektoru Tural Xəlilov məruzə ilə çıxışında
bildirdi ki, Respublikamızda narkomaniyaya qarşı mübarizə məqsədilə müxtəlif
qanun, fərman və sərəncamlar qəbul olunmuşdur. Azərbaycan Respublikasının
Prezidentinin "Narkotik vasitələrin, psixotrop maddələrin və onların
prekurslarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair Dövlət
Proqramı"nın təsdiq edilməsi barədə imzaladığı Sərəncamı insanları
sağalmaz xəstəliklərə düşar edən bu bəlaya qarşı mübarizə sahəsində atılmış ən
xeyirxah addım kimi dəyərləndirmək lazımdır.
Tural Xəlilov qeyd etdi
ki, bir neçə il bundan əvvəl narkotik qəbul edənlərin tam əksəriyyəti 25-59 yaş
arasında idisə, indi bu hədd çox sürətlə aşağı düşməyə başlayıb və artıq 14-50
yaş qeyd olunur. Narkomaniya ilə mübarizədə maarifləndirmə, təbliğat, təşviqat
və s. üsullarla yanaşı, inzibati metodlar da istifadə olunmalıdır.
Tədbirin sonunda
"Doğmalara yaxın, narkomaniyaya uzaq olaq" adlı film nümayiş edildi.