Ulu öndər Heydər Əliyevin xalqımız, müstəqilliyimiz üçün tarixi əhəmiyyət kəsb edən xidmətləri minlərlədir

Azərbaycan Respublikasında istər ayrı-ayrı elm sahələrinin, istər təhsil, səhiyyə kimi sosial
sferaların, istər kənd təsərrüfatı və sənayenin inkişafı məhz ümummilli liderin adı ilə bağlıdır.

Müstəqillik illərində ümummilli liderin hakimiyyətə dönüşü təlatümlü, xalqımız üçün taleyüklü bir dövrə təsadüf edirdi. Belə ki, 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan Heydər Əliyevin qarşısında müstəqil Azərbaycanı dünya xəritəsindən silinmək təhlükəsindən, ölkədə hər an baş verə biləcək vətəndaş müharibəsindən xilas etmək kimi məsuliyyətli və tarixi vəzifələr dururdu. Xalqımız çox gözəl bilirdi ki, ölkəni bu vəziyyətdən yalnız zəngin siyasi-iqtisadi və idarəçilik təcrübəsinə malik dahi Heydər Əliyev şəxsiyyəti xilas edə bilər. Çünki ümummilli liderin uzun illər ərzində qazandığı siyasi təcrübə, idarəçilik bacarığı və doğma vətəninə olan dərin məhəbbəti onun bu missiyanın öhdəsindən şərəflə gələcəyinə heç kimdə şübhə doğurmurdu.
Ulu öndər Heydər Əliyev bütün bacarığını səfərbər edərək tezliklə ölkədə baş alıb gedən tənəzzülü dayandırdı və tərəqqiyə nail oldu. Ölkədə mövcud olan problemlər tədricən həllini tapdı, iqtisadi və siyasi sabitlik təmin olundu və beləliklə də iqtisadi inkişafın sürətləndirilməsi, ölkəmizin beynəlxalq arenada nüfuzunun artırılması, Azərbaycan həqiqətlərinin bütün dünyaya çatdırılması və s. istiqamətlərdə konkret proqram və layihələrin işlənib hazırlanmasına başlanıldı.
Heydər Əliyev fəaliyyəti boyu bütün sahələrdə olduğu kimi, təhlükəsizlik sahəsində də sözünü demiş əsl peşəkar bir kadr olmuşdur.
1967-ci ildə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsinin sədri vəzifəsinə təyin edilməsi və general -mayor rütbəsi ilə təltif edilməsi dediklərimizə sübutdur. Ümummilli liderimiz bu sahədə general rütbəsi alan ilk azərbaycanlı olmuşdur.
Dövlətin təhlükəsizliyi, xalqın qorunması şərəfli və məsuliyyətli vəzifədir. Və hər kəs də bu məsuliyyəti dərk edə bilmir. Çünki təhlükəsizlik sahəsində işçi olmaq üçün mütləq ki, cinayəti səhvdən, səhvi cinayətdən ayırmaq, ayıq-sayıq olmaq kimi yüksək keyfiyyətli şəxsiyyət olmaq gərəkdir. Belə ki, təhlükəsizlik sistemi hüquqi cəmiyyətin etibarlı sipəri olaraq özlüyündə bir çox sahələrə nüfuz edir.
Sovet dövründə Azərbaycan təhlükəsizlik orqanlarının ölkəmizin milli maraqlarına xidmət edən bir qurum kimi formalaşmasında, kadr potensialının yaxşılaşdırılması və gücləndirilməsində Heydər Əliyevin böyük rolunu və xidmətlərini həmişə xatırlayırıq. Onun rəhbərliyi ilə Azərbaycanın milli təhlükəsizlik siyasəti, qarşıda duran əsas vəzifələri, strategiyası işlənmiş hazırlanmış və əməli olaraq konkret işlər görülmüşdür .
Tarixə nəzər salsaq, 1967-ci ildə Xankəndi şəhərində gənclərdən ibarət qeyri-leqal millətçi qrupun aşkar edilməsi, onların DQMV-nin tezliklə Ermənistana birləşməsi kimi çağırışlarının qarşısının uğurlu əməliyyatla ifşa edilməsinin şahidi oluruq.Bununla belə 3 iyulda kütləvi iğtişaşın baş verməsi və yenə də təhlükəsizlik orqanlarının ayıq-sayıqlığı ilə iğtişaşın 22 fəal iştirakçısının həbs edilməsi də təhlükəsizlik orqanlarının uğuru sayılmalıdır. 5mart 1969-cu ildə DTX-nin əməliyyat müşavirəsində Heydər Əliyevin dediyi kimi “1967-ci il iyulun 3də Xankəndi şəhərində baş vermiş hadisələrin təşkilatçılarının vaxtında müəyyənləşdirilməsi və həbsi digər millətçilərin fəaliyyətinə güclü zərbə vurmuş və onların işini zəiflətmişdir”.
Həmin dövrdə etnik zəmində separatçı aksiyalar, terror aktları müşahidə olunur və buna rəğmən təbliğat və profilaktik tədbirlər istiqamətində addımlar atılırdı. Bu addımlardan biri də məlumat -analitik struktur bölmələrinin yaradılması oldu. 1969-cu il 23 aprel tarixində məhz bu analitik bölmənin yaradılması barədə qərar qəbul edildi. DTX-nin müstəqil bir struktur bölməsi kimi əldə edilən məlumatları təhlil etmək, komitə sədrinə çatdırmaq bu bölmənin əsas vəzifəsi idi. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyulun 14-də keçirilən plenumunda Ümummilli lider Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin birinci katibi seçilmiş və təhlükəsizlik sahəsində tutduğu mövqedən heç zaman kənarlaşmamışdır.
Sevindirici və qürurverici bir haldır ki, Ulu Öndərin layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyevin müdrik və son dərəcə cəsarətli siyasəti nəticəsində ölkəmizdə ictimai-siyasi sabitlik stabil xarakter almış və ölkəmiz bütün sahələrdə sürətlə inkişaf edir, siyasi -iqtisadi cəhətdən dünyada öz sözünü deyir.
Fəxrlə, alın açıqlığı ilə deyə bilərik ki, Azərbaycan Dövlət Təhlükəsizlik xidməti orqanları xalqın milli maraqlarının və təhlükəsizliyinin qorunması istiqamətində həyata keçirdiyi fəaliyyəti ilə yeni tarixinin şanlı səhifələrini yazmaqda davam edir.
Ülviyə Rəhimli,
Xocalı şəhər 4 saylı tam orta məktəbin müəllimi

Yorum Gönder

Daha yeni Daha eski