Ümummilli Liderin hakimiyyətə qayıdışı ilə müstəqilliyimiz qorunub möhkəmləndi, demokratik hüquqi dövlət quruldu

1991-ci ilin oktyabrında Azərbaycan müstəqillik əldə etsə də, Ermənistanın işğalçılıq niyyəti güdən təcavüzü Respublikada vəziyyəti gərginləşdirmişdir. 1993-cü il iyunun 4-də Gəncədə polkovnik Surət Hüseynovun nəzarəti altında olan hərbi hissənin hakimiyyətə itaətsizliyi ölkəni tamamilə xaosa sürükləmişdi. Situasiyanı nəzarətə almaq üçün hakimiyyətin atdığı tələsik addımlar vəziyyəti düzəltməmiş, əksinə, Gəncəyə yola düşən dövlət nümayəndələri girov götürülmüşdür. Qiyamçı hərbi hissənin rəhbərliyi  Baş nazir və Milli Məclis Sədrinin, sonra isə Prezidentin istefasını tələb etmişdir. Vəziyyət nəzarətdən çıxmış, ətraf rayonların icra başçıları zorla dəyişdirilmiş, Surət Hüseynovun qiyamı məhdud Gəncə civarlarından çıxaraq, üzü Bakıya doğru geniş miqyas almışdır. Belə böhranlı və ağır vəziyyətdə ölkə vətəndaşları yeganə çıxış yolunu yenə də müdrik rəhbərinin hakimiyyət sükanı arxasına keçməsində görmüşdür. Hələ 1992-ci ilin mart ayında Xocalı şəhidlərinin Ağdam məscidi qarşısından yola salınması zamanı atam Şükür Bəşirov yaxın qohumlarını və həmyerlilərini toplayaraq Ağdam Xalq Cəbhəsinin önündə mitinq keçirərərək Ümummilli lider Heydər Əliyevi Naxçıvandan Azərbaycana dəvət etmələrini o vaxtki hökümətdən tələb etmişdir. Həmin mitinq hərbi operator Seyidağa Mirmövsümlü tərəfindən çəkilərək efirə verilmişdir. Bu taleyüklü sınaq anında xalqın çağırışına səs verən, dövlətin gələcək taleyinə biganə qalmayan böyük strateq Heydər Əliyev Bakıya dönərək Respublikada yaranmış hakimiyyət böhranının aradan qaldırılması istiqamətində əməli fəaliyyətə başlamışdır. Ümummilli liderin bir qrup ziyalı ilə Gəncəyə səfər etməsi və heç bir riskdən çəkinməyərək silahlanmış qüvvələrlə danışıqlar aparması vətəndaş müharibəsi təhlükəsinin qarşısının alınmasında mühüm addım olmuşdur. Bundan bir neçə gün sonra -iyun ayının 15-də isə Ulu öndər parlamentdə səslənən təkidli xahişləri, ən əsası xalqın istəyini nəzərə alaraq o zamankı Azərbaycan Respublikası Ali Sovetinin Sədri vəzifəsinə seçilməsinə razılıq vermişdir. Bu tarixi hadisə respublika həyatında xaos və anarxiyadan qurtuluşa doğru yeni mərhələnin başlanğıcına çevrilmişdir. Bundan sonra Respublikamızda mərkəzi hakimiyyətin gücləndirilməsi, hüquq mühafizə, məhkəmə islahatları və ordu quruculuğu istiqamətində mühüm işlər görülmüşdür. Nəticədə Ümummilli lider Heydər Əliyevin layiqli davamçısı, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Qarabağ işğaldan azad olunmuşdur.

Beləliklə də, 15 iyun Azərbaycanın tarixinə Milli Qurtuluş Günü kimi daxil edilmişdir.

Sonralar millət vəkilləri 15 iyun tarixinin təqvimə Azərbaycanın Qurtuluş günü kimi salınması təklifi ilə çıxış etmişlər və Milli Məclis bu təklifi bəyənmişdir. O vaxtdan Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı Milli Qurtuluş günü kimi qeyd edilir.

Rac BƏŞİROV,

                              Xocalı rayon icra və probasiya şöbəsinin rəisi, ədliyyə müşaviri

 

Yorum Gönder

Daha yeni Daha eski