Vətən müharibəsi şəhidimiz Xəqani Nəsirovun doğum günündə ailəsi ziyarət edildi

       İyun ayının 29-u Vətən müharibəsi şəhidi Nəsirov Xəqani Kamran oğlunun cənnətdə ikinci mövlud günüdür. Şəhidimizin doğum günündə Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov, Xocalı rayon prokuroru Əvəz Əliyev, "Xocalı Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsin direktoru Aqil Məmmədov, Xocalı rayon İcra Hakimiyyətinin məsul şəxsləri, Xocalı rayon İcra hakimiyyəti yanında İctimai Şuranın üzvləri şəhidimizin ailəsini ziyarət edərək, ailənin qayğıları ilə maraqlandılar. Ehsan süfrəsində dua oxundu. 

      Şəhidimizin valideynləri və yaxınları ilə söhbət zamanı Böyük Zəfərimizə öz töhfəsini verən qəhrəmanlarımızdan olan Xəqani Nəsirovun həyat yolundan, hərbi əməliyyatlar zamanı göstərdiyi şücaətlərdən bəhs olundu. Onun xatirəsinin daim ürəklərdə yaşayacağı vurğulandı.

      Qeyd edək ki, Xəqani Nəsirov 1982-ci il iyun ayının 29-da Azərbaycanın dilbər guşələrindən biri olan Xankəndi şəhərində dünyaya göz açıb. Uşaq vaxtlarından doğma yurdundan didərgin düşən Xəqani daim düşmənə nifrət və qisas hissi ilə yaşayıb. Müddətdən artıq həqiqi hərbi xidmətə yazılaraq gözlənilən savaş gününə hazırlaşıb. Vətən müharibəsində özünün və xalqımızın arzusunun, amalının həyata keçməsi üçün əlindən gələni etmək üçün igidliklə döyüşlərə atılıb. 27 sentyabrda Xəqani Nəsirov Talış və Suvoquşan kəndlərinin alınmasında, düşmənin qurduğu istehkamların yarılmasında öz canını Vətənə sipər etdi. O, mərmi yarası alsa da, düşməni torpaqlarımızdan çıxartmaq üçün son damla qanına qədər vuruşmağı qarşısına məqsəd qoymuşdu. Lakin pusquda dayanan xain düşmənin atdığı güllə onu boyun hissəsindən dəyərək döyüşlərinə son qoydu. Şanlı tariximizə öz imzasını yazan Xəqani Nəsirovun döyüş yoldaşları, əsgər qardaşları torpaqlarımızın ərazi bütövlüyü uğrunda, şəhidlərimizin qisaslarının alınması və onların istəklərinin gerçəkləşməsi üçün vuruşaraq Qarabağı düşmən tapdağından azad etdi. 

      Allah bütün şəhidlərimizə rəhmət eləsin!






Yorum Gönder

Daha yeni Daha eski