Gəncədə Kərkicahan şəhidlərinin xatirəsinə hazırlanmış xatirə lövhəsinin açılış mərasimi oldu

İyul ayının 12-də Xankəndi və Kərkicahan sakinlərinin müvəqqəti məskunlaşdıqları Gəncə şəhəri ərazisində şəhidlərimizin xatirəsinə hazırlanmış xatirə lövhəsinin açılış mərasimi oldu. I Qarabağ müharibəsinin ilk şəhidlərindən olan Səfərov Orduxan Aydın oğlunun dəfn edildiyi günün otuzüçüncü ildönümündə keçirilən tədbirdə Xocalı rayon İcra Hakimiyyəti Aparatının məsul işçiləri, rayon ziyalıları, rayon icra hakimiyyəti yanında ictimai şuranın üzvləri, QHT nümayəndələri, şəhid ailələri, qazilər, Vətən müharibəsi iştirakçıları, sakinlər və məktəblilər iştirak etdilər.

Tədbir iştirakçıları əvvəlcə şəhidlərimizin xatirəsinə ucaldılmış abidəni ziyarət edərək önünə dərin ehtiram əlaməti olaraq gül dəstələri düzdülər.

Sonra Dövlət Himnimiz səsləndirildi. Torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi, şəhidlərimizin ruhuna fatihə surəsi oxundu.

Tədbirdə Xocalı rayon İcra Hakimiyyəti başçısının müavini Lamiyə Qarayeva, Xocalı rayon İHB-nın Kərkicahan qəsəbə İƏD-si üzrə nümayəndəsi Dərgah Haqverdiyev, “Xankəndi” Məcburi Köçkünlərə Dəstək İctimai Birliyinin sədri Xatirə Vəliyeva, Qarabağ müharibəsi veteranları, şəhid ailələri və ictimai fəallar çıxış edərək Xankəndi və Kərkicahan camaatının torpağa bağlılığından, döyüş və mübarizə əzmindən, şəhid Orduxan Səfərovun döyüş yolundan, şüacətindən, həmçinin Vətən müharibəsində əldə etdiyimiz Şanlı qələbədən danışdılar.

Kərkicahanın müdafiəsi uğrunda ilk döyüşlərə atılan və ilk şəhidlik zirvəsinə ucalan Orduxan Səfərovun döyüş yoldaşı, I Qarabağ müharibəsi veteranı Nazim Hüseynov şəhidimizin döyüş yolundan danışaraq xatirələrini dilə gətirdi. O, Ulu öndər Heydər Əliyevin “Vaxt gələcək Azərbaycan dünyaya günəş kimi parlayacaq” kəlamından ilhamlanaraq, vaxt gələcək Kərkicahan öz gözəlliyi, zəhmətkeş və vətənpərvər insanları ilə dünyaya günəş kimi parlayacaq fikrini ifadə etdi. Orduxanla məktəbin, bağçanın tikintisində, həm də Xocalıda şəhərsalma prosesində birlikdə çalışdığını bildirən döyüş yoldaşı, onun dəfələrlə ermənilərə qarşı mübarizə apardığını, əziyyətinin çox olduğunu dedi. Nazim Hüseynov hər şeyin yaxşı olacağına inanaraq elimizə-obamıza qayıdacağımıza olan əminliyini bildirdi.

Çıxışlarda bildirildi ki, nankor qonuşularımız ermənilərin istəyi ilə SSR-i dövründən Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayın zirehli texnikası Kərkicahana tuşlanmışdı. Düşmən hər cür təzyiqdən istifadə edərək kərkicahanlıları öz doğma yurd-yuvasından didərgin salmağa çalışırdı. Qaz kəmərləri partladılır, evlər atılan mərmirlərlə yandırılırdı. 1988-ci ilin sentyabrında ermənilər Xocalıya və Kərkicahana hücum etməyə başladılar. Qorxmaz kərkicahanlılar daş-kəsəklə hücuma keçən kütlənin qarşısını igidliklə ala bildilər. Kərkicahan camaatı heç bir zaman düşməndən qorxmayıb. 1991-ci ilin dekabr ayı kərkicahanlılar üçün ən ağır və həlledici ay oldu. Dekabr ayının 2-dən ermənilər aramsız hücuma keçdilər. Silahsız və sahibsiz qalan camaat 366-cı motoatıcı alayın hərbi texnikası qarşısında tab gətirə bilmədi. 

Kərkicahan camaatı işğala qədər 34 nəfər şəhid verdi. İşğal günündən sonra da kərkicahanlılar düşmənlərə qarşı igidliklə döyüşdülər. Xocalıda erməni qəsbkarları tərəfindən hər iki valideyni qətlə yetirilən 25 nəfər uşaqdan 5-i Xankəndindən Xocalıya köçən sakinlərdəndir.

Xankəndi və Kərkicahan sakinləri respublikanın 38-dən artıq şəhər və rayonlarında doğma el-obalarımıza qayıdacağı günün ümidi və arzusu ilə müvəqqəti məskunlaşıblar.

Vətən müharibəsində Kərkicahanın gəncləri könüllü olaraq döyüşlərə qatıldılar. Torpaqlarımızın azadlığı uğrunda igidliklə döyüşərək adlarını Şanlı Zəfər tariximizə yazdılar. Xalqımızın qələbə ruhunu, döyüş əzmini artıran, Qarabağa qayıdışı təmin edən Zəfər yolu Xankəndindən, Xocalıdan da keçəcək.  

Tədbirdə Xocalı rayon Xankəndi şəhər Natiq Şahmuradov adına 6 saylı Kərkicahan qəsəbə tam orta məktəbin şagirdləri vətənpərvərlik ruhunda yazılmış şeirlər səsləndirdilər.

Tədbirin sonunda şəhidlərimizin xatirəsinə ehsan süfrəsi açıldı. 

 








































Yorum Gönder

Daha yeni Daha eski