Azərbaycanla Qazaxıstan arasında əməkdaşlıq genişləndiriləcək

    24 avqust 2022-ci il tarixdə Qazaxıstan Respublikasının Prezidenti Kasım - Jomart Tokayev Azərbaycana səfər etmiş, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə görüşmüşdü. Dövlət başçıları hər iki ölkənin qırılmaz tellərlə bağlı olduğunu vurğulamış, Azərbaycan və Qazax xalqını tarixən mövcud olmuş dostluq və qardaşlıq əlaqələrinin daim  möhkəm olduğunu qeyd etmişlər. Bu görüşün ölkələrimiz arasında həm siyasiz həm də iqtisadi səmərəsinin böyük olduğu aydındır. Görüş zamanı Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında strateji münasibətlərin möhkəmləndirilməsi və qarşılıqlı fəaliyyətin dərinləşdirilməsi haqqında bəyannamə imzalanıb. Eyni zamanda, prezidentlər Azərbaycanla Qazaxıstan arasında 2022 - 2026-cı illər üzrə əməkdaşlığın inkişaf etdirilməsi haqqında kompleks proqram da imzalayıblar. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə Qazaxıstanın Mədəniyyət və İdman Nazirliyi arasında 2022 - 2025-ci illər üçün mədəniyyət sahəsində əməkdaşlığa dair proqram imzalanıb. Eləcə də bir çox sahələr üzrə Azərbaycan hökuməti ilə Qazaxıstan höküməti arasında bir sıra sazişlər imzalanmışdır. Həmçinin Azərbaycan Respublikasının mədəniyyət beşiyi sayılan Şuşa şəhəri və Qazaxıstanın Türküstan şəhəri arasında qardaşlaşmış əlaqələrin qurulması haqqında protokol da imzalanıb. Azərbaycan və Qazaxıstan prezidentləri işğaldan azad edilmiş Füzuli rayonunda uşaqlar üçün inşa ediləcək Kurmanqazı adına Yaradıcılığının İnkişafı Mərkəzinin layihəsi ilə tanış olublar. Layihənin rəhbəri bildirmişdir ki, layihə Qazaxıstan Prezidentinin şəxsi tapşırığı əsasında qısa müddət ərzində hazırlanıb. Layihə dörd böyük istiqamətdən ibarətdir: musiqi - vokal və xor oxuma, müasir texnologiyalar, yəni uşaqların daha çox xoşuna gələn, uşaq potensialını üzə çıxaran sənəd və yaradıcılıq - dulusçuluq sənəti, heykəltaraşlıq və idman - oyun zalları, xoreoqrafiya. Şübhəsiz ki, layihəsi təqdim olunan bu yaradıcılıq mərkəzi illərlə çətin və ağır şəraitdə yaşamağa məhkum edilmiş məcburi köçkün övladlarının həyatında baş verən önəmli hadisələrdən biridir. Düşünürəm ki, öz doğma yurd-yuvalarına qayıdan zaman gənc nəslin yeni - yeni sənət və peşə öyrənməsində bu mərkəzin xüsusi əhəmiyyəti olacaq. Eyni zamanda, məlumat verildi ki, iki hektar ərazidə müasir memarlığa uyğun binalar, amfiteatr inşa ediləcək. Burada uşaqların yaradıcılığını üzə çıxarmaq və inkişaf etdirmək üçün hər cür şərait olacaq. 

    Bütün bunlar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının apardığı uğurlu xarici siyasətin nəticəsidir. Təkcə qonşu dövlətlərlə deyil, eyni zamanda, dünya ölkələri ilə yeni münasibətlərin qurulması və inkişaf etdirilməsi ölkə başçısının əsas məqamlarındandır. İlham Əliyevin apardığı balanslaşdırılmış siyasət həm qonşu dövlətlərdə, həm də digər dünya dövlətləri ilə Azərbaycan arasındakı siyasi və iqtisadi əlaqələri gündən-günə genişləndirir. 

     Ölkə başçısı İlham Əliyevin bu istiqamətdə apardığı siyasəti hər zaman dəstəkləyir və onun yeni-yeni uğurlara imza atmasını arzulayırıq.

Fərhad Gülməmmədov,

Xocalı şəhər 2 saylı tam orta məktəbin müəllimi

Yorum Gönder

Daha yeni Daha eski