İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də öz əksini tapıb. Bu məsələnin növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafına dair beş milli prioritetdən biri olaraq müəyyən edilməsi Azərbaycan dövlətinin bu işə verdiyi önəmin nümunəsidir. Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında çıxışı zamanı Azərbaycan Qarabağın yenidənqurma və bərpa prosesinə yerli mütəxəssislərin cəlb olunması ilə yanaşı, xarici investorlarla - Türkiyə, Pakistan, İsrail, Macarıstan, İran, İtaliya, Böyük Britaniya, ABŞ və s. ölkələrlə əməkdaşlıq etmək niyyətini bildirib. Bu gün bu istiqamətdə xarici dövlətlərə edilən səfərlər çərçivəsində qarşılıqlı əlaqələrin inkişafı ilə bağlı atılan addımlar prosesin tərkib hissəsi kimi yüksək qiymətləndirilir. İtaliya Azərbaycanın Avropada ən qədim dövrlərdən diplomatik əlaqələr saxladığı ölkələrdən biridir. Bir qədər tarixə getsək, bu əlaqələrin qədimliyinin şahidi olarıq. Qədim Roma legionlarının Azərbaycana gəlməsi Qobustan kitabəsində öz əksini tapıb. Eyni zamanda bu əlaqələr orta əsrlər dövründə Səfəvilər sarayında Venesiya və Genuya respublikalarının daimi elçilərinin olmasından başlayaraq diplomatik, iqtisadi-ticarət və mədəni əməkdaşlığadək uzun bir tarixi bir yol keçib. Yaşı bir əsrdən çox olan Azərbaycan – İtaliya əlaqələri Azərbaycan Xalq Cümhuriyyəti dövründə bir sıra sahələr üzrə məqsədyönlü şəkildə qurulmuşdur. Torpaqlarımız işğal altında olan zaman İtaliya Azərbaycanın ərazi bütövlüyü ilə bağlı prinsipial mövqe nümayiş etdirən, rəşadətli, müzəffər ordumuzun qələbəsindən sonra ölkəmizi təbrik edən dövlətlərdən biridir və Azərbaycanın strateji tərəfdaşı kimi azad olunmuş ərazilərimizdə həyata keçirilən quruculuq prosesində bu gün çox fəal iştirak edir. Xatırladım ki, İtaliya Azərbaycan Respublikasının müstəqilliyini 1 yanvar 1992-ci ildə tanımış, 8 may 1992-ci ildə iki ölkə arasında diplomatik əlaqələr yaradılmışdır. 1997-ci ilin mart ayında İtaliya höküməti Cənubi Qafqaz ölkələri arasında ilk dəfə Azərbaycanda öz səfirliyini təsis etmişdir. 2003-cü ilin dekabr ayında isə Azərbaycan Respublikasının İtaliyada Səfirliyi təsis edilmişdi. Dünyaya zəngin bir mədəniyyət bəxş edən İtaliya mədəniyyətin demək olar ki, bütün sahələrində sərhədləri aşaraq dünyanın zəngin mədəni inciləri sırasına daxil olmuşdur. Antik mədəniyyətin beşiyi olan qədim Roma mədəniyyəti dünyaya bəxş etdiyi saysız-hesabsız abidələrlə, mədəniyyət nümunələri ilə bu tarixi diyara olan marağın və diqqətin həmişə kənardan cəlb edilməsi ilə nəticələnmişdir. Azərbaycanın böyük yeddiliyin üzvü olan İtaliya ilə əlaqələri bu gün yüksək səviyyədə həyata keçirilir. Bu il iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd edildiyi dövrə təsadüf edən bu görüşlərdə dövlət başçısının sayca olan yeddinci səfəri ölkələr arasında qurulan münasibətlərin dinamik tempindən xəbər verir. Bu vaxta qədər imzalanan bütün tarixi sənədlərdə münasibətlərimizin bünövrəsinin qoyulmasından indiyə qədər olan dönəmdə əlaqələrin yüksələn xətt üzrə necə inkişaf etdiyini, hər dəfə də bu əlaqələrin yeni müstəvilərdə davam etdirilərək yeni mərhələlərinin başlanğıcının qoyulduğunu izləmək mümkündür. İki ölkə tarixində silinməz izlər qoyan bu tarixi səfərlərdə gələcək əlaqələrin inkişafının istiqamətlərinin konturları cızılmış və səfərlər çərçivəsində aparılan danışıqlar zamanı imzalanan tarixi əhəmiyyətli sənədlərdə, müqavilələrdə bu faydalı əməkdaşlığın genişləndirilməsinin yeni istiqamətləri təyin edilmişdir. Gündən-günə inkişaf edən Azərbaycan əlbəttə ki, Avropaya inteqrasiya yolunda bu uğurlu əlaqələrin sıx qurulmasını ölkəmizin xarici siyasətinin başlıca prioritetlərindən biri hesab edir. Azərbaycan müstəqillik əldə etdikdən sonra İtaliya ilə Azərbaycan arasında olan münasibətlər çoxşaxəli xarakter almışdır.Siyasi-iqtisadi və mədəni sahədə olan münasibətlər üzərində yaradılan əlaqələr daha da inkişaf etdirilməklə ikitərəfli əməkdaşlığın genişləndirilməsi fonunda uğurla davam etdirilir. Vətən müharibəsi dövründə ərazi bütövlüyümüzün təmin olunmasının tərəfində duran rəsmi Roma ilə qurulan bu münasibətlər həm də strateji əhəmiyyət daşıyır. Bu münasibətlərdə daha çox önəm verilən məsələ iki ölkə arasında iqtisadi, ticarət sahəsində əməkdaşlığın qurulmasıdır.İtaliya Avropa İttifaqının üzv ölkələri arasında Azərbaycanın bir nömrəli siyasi, iqtisadi və ticarət tərəfdaşıdır. İki ölkə arasında enerji sahəsində əməkdaşlıq çox yüksək səviyyədə əsaslı şəkildə inkişaf etdirilir, bu əməkdaşlığın mərkəzi nöqtəsi isə bir il yarım öncə istifadəyə verilən Trans-Adriatik (TAP) qaz kəməridir ki, bu kəmərlə karbohidrogen ehtiyatları Azərbaycandan İtaliyaya və başqa Avropa İttifaqı ölkələrinə nəql edilir. İki ölkənin əlaqələrinin enerji və ticarət sahələri ilə məhdudlaşmadığını bildirən Azərbaycan prezidenti Cənab İlham Əliyev bu əlaqələri eyni zamanda mədəni və elmi sahələrdə olduqca yüksək səviyyədə qiymətləndirir.Yeni formatda qurulan bütün bu xalqlararasında təmasın inkişafına daim yeni-yeni töhfələr verir.
Vüsal İsmayılov,
Xocalı rayon gənci