Ulu Öndər Heydər Əliyev Azərbaycanı tənəzzüldən, böhrandan çıxarıb inkişaf yoluna qoymuşdur

         SSRİ-nin mövcud olduğu bir dövrdə Naxçıvan MR-nın Ali Sovetin Sədri  seçilməsi qərarının qəbul və icra edilməsi olduqca yüksək siyasi səriştə və cəsarət tələb edirdi ki, Ulu öndər Heydər Əliyev bunu nümayiş etdirdi. Eyni zamanda, Naxçıvanda Kommunist Partiyasının fəaliyyəti dayandırıldı və Sovet ordusu, əsgəri birlikləri Naxçıvan MR ərazisindən çıxarıldı.

Ulu öndər Heydər Əliyev həmçinin milli ideoloji məsələləri önə çəkərək bir sıra təxirəsalınmaz tədbirlər gördü və tarixi qərarlar qəbul etdi. İlk növbədə, 1990-cı il 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verilməsi haqqında Qərar qəbul edildi. Qərarda 20 Yanvar hadisələrinin mahiyyəti, siyasi və hüquqi əsasları əks olunmuşdu. Bununla yanaşı, 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan edilməsi barədə də tarixi qərar qəbul olundu.

Bütün bunlarla yanaşı, Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvan MR-də sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılması və tərəqqinin əldə olunması üçün əhəmiyyətli tədbirlər görüldü, eyni zamanda, aqrar islahatlar reallaşdırıldı, infrastrukturun inkişafı yönündə xüsusi işlər həyata keçirildi.

Digər tərəfdən, blokada şəraitində olan Muxtar Respublikanın inkişafı və sabitliyinin davamlılığını təmin etmək üçün regional və beynəlxalq əlaqələrin formalaşdırılması, eləcə də inkişafı yönündə mühüm addımlar atıldı. Xüsusilə də Türkiyə və İranla qarşılıqlı əməkdaşlığa və tərəfdaşlığa əsaslanan rəsmi təmaslar sıxlaşdırıldı. 24 mart 1992-ci il tarixində Ankarada Naxçıvan MR-lə Türkiyə Cümhuriyyəti arasında işbirliyi protokolunun imzalanması bu baxımdan müstəsna əhəmiyyətə malikdir.

Beləliklə, Ulu öndər Heydər Əliyevin 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilməsi müasir müstəqil Azərbaycanın dövlətçilik tarixinin ən mühüm səhifələrindən birini təşkil edir. Siyasi fəaliyyətinin Naxçıvan dövründə Ulu öndər Heydər Əliyev gördüyü işlər, atdığı tarixi əhəmiyyətli addımlarla Muxtar Respublikanın qurtuluşunu, dirçəlişini və həmrəyliyini təmin etmiş oldu.

Həmin dövrün xarakteristikasından - ölkədə ozamankı ictimai-siyasi vəziyyətdən bəhs edərkən mühüm bir məqama da nəzər salmaq məqsədəmüvafiqdir. Belə ki, ölkəmizdə hökm sürən mürəkkəb situasiyanın fonunda 1992-ci il oktyabr ayının 16-da 91 nəfər ziyalı Heydər Əliyevə müraciət etdi. Ümummilli lider Heydər Əliyev ziyalılara göndərdiyi 24 oktyabr 1992-ci il tarixli cavab məktubunda Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasına və ona rəhbərlik etməyə razılıq verdi. Beləliklə, 1992-ci il noyabrın 21-də Naxçıvanda keçirilən təsis konfransında Yeni Azərbaycan Partiyası təsis edildi və Ulu öndər Heydər Əliyev partiyanın Sədri seçildi. YAP-ın yaranması tarixi zərurət idi. Xalqın Ümummilli lider Heydər Əliyevə olan inamı isə tez bir zamanda siyasi səhnədə parlayan Yeni Azərbaycan Partiyasının tarixi məsuliyyəti öz üzərinə götürməsinə imkan verdi. Ümummilli liderimizin nüfuzu, Azərbaycan dövlətinin və xalqının gələcəyi üçün böyük töhfələrini verir. Bu gün də Ulu öndərin siyasətini Prezident İlham Əliyev uğurlu davam etdirir.

Seymur İsgəndərov,

Xocalı rayon gənci


Yorum Gönder

Daha yeni Daha eski