Vətən müharibəsi şəhidi Əhmədov Nicat Həsən oğlu bizə qələbə
sevincini, qürurunu yaşadan, adını Şanlı Zəfər tarixinə qızıl hərflərlə yazan
qəhrəman Vətən oğullarından biridir. Bu gün şəhidimizin cənnətdə ikinci
mövlüdudur.
Şəhidimizin
doğum günündə Xocalı rayon İcra Hakimiyyəti Başçısı Aparatının təşkilatçılığı
ilə Xocalı rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Murad Hüseynov, Xocalı şəhər 2 nömrəli uşaq musiqi məktəbinin və Xocalı şəhər 2 saylı
tam orta məktəbinin bir qrup pedaqoji kollektivi və şagirdləri, şədimizin ailə
üzvləri ilə birlikdə Nizami rayonu, Keşlə qəsəbəsində yerləşən Şəhidlər
Xiyabanında dəfn edilmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi
qulluqçusu Əhmədov Nicat Həsən oğlunun məzarını ziyarət ediblər. Şəhidimizin
məzarı üstünə güllər düzülüb, ruhuna dualar oxunub.
Çıxış edən natiqlər Vətən müharibəsində əldə etdiyimiz şanlı qələbədən və şəhidimizin döyüş yolundan danşıblar.
Məktəblilər
şəhidlərimizə həsr edilmiş şeirlər söyləyiblər.
Qeyd edək ki, Əhmədov Nicat
Həsən oğlu 1998-ci il sentyabrın 22-si Bakı şəhəri Xətai rayonunda anadan
olmuşdur. Onun ailəsi 1989-cu ildə Xankəndindən Bakıya köçübdür. Nicat ilk
təhsilini 2005-ci ildə Nizami rayonu 62 nömrəli məktəbdə almış, daha sonra
təhsilini Nizami rayonu Y.Kavalyov adına 229 nömrəli tam orta məktəbdə davam
etdirmişdir. 2016-cı ildə orta məktəbi bitirərək 508 balla Bakı Dövlət
Universitetinin Beynəlxalq Münasibətlər fakültəsinin Dövlət və İctimai
münasibətlər ixtisasına qəbul olmuşdur. İxtisasca diplomat idi.
Nicat Əhmədov universiteti bitirdikdən sonra 2020-ci il iyulun 24-ü Ağcabədi rayonunun Taxta
Körpü qəsəbəsində yerləşən “N” saylı hərbi hissəyə yola düşdü. O, əsgərlikdə
rabitə bölüyündə baş xətlərə nəzarətçi vəzifəsini daşıyırdı.
Oktyabrın 8-i səhər saatlarında Nicat Əhmədov Füzuli, Cəbrayıl istiqamətlərində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmışdır.
22 illik qısa ömür yoluna böyük qəhrəmanlıq səlnaməsini sığdıran Nicatın əziz xatirəsi əbədi olaraq qəlbimizdə və tariximizdə yaşayacaq!
Məkanı cənnət, ruhu şad olsun.