“Böyük Qayıdış” Cəbrayıldan başlanmışdır

            Azərbaycanın ayrılmaz tərkib hissəsi olan keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində 13 fevral 1988-ci ildən başlanan erməni separatizmi zamanında qətiyyət göstərilərək qarşısı alınmadığından  müxtəlif mərhələlər keçərək 1991-ci ilin ikinci yarısından etibarən açıq müharibə mərhələsinə qədəm qoydu. Həmin dövrlərdə Azərbaycana rəhbərlik etmiş şəxslərin yarıtmaz fəaliyyəti ucbatından, baş verən hadisələri düzgün qiymətləndirərək lazımı qabaqlayıcı tədbirlər görməmələri səbəbindən keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin və ətraf yeddi rayonun, o cümlədən Cəbrayıl rayonunun ərazisi 1993-cü ilin avqust ayının 23-də ermənilər tərəfindən işğala məruz qaldı.

   İşğala məruz qalan digər rayonların əhalisi kimi Cəbrayıl rayonunun əhalisi də ata-baba yurdlarını tərk etmək məcburiyyətində qalaraq, respublikanın ayrı – ayrı rayonlarına səpələndi və ağır məşəqqətli həyat tərzi yaşamlı oldular.

   Ulu Öndər Heydər Əliyevin Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıdışından sonra digər sahələrlə yanaşı Ordu quruculuğu diqqət mərkəzinə götürülərək,  mövcud imkanlar səfərbər olundu  və düşmənə tutarlı zərbə vurularaq geri oturduruldu və Ermənistan atəşkəsə razlıq verməyə məcbur edildi.

   Ulu Öndər Heydər Əliyev tərəfindən başlanmış siyasi kurs, cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildi.  Azərbaycanda ictimai-siyasi sabitlik yaradılaraq,  hər bir sahədə,  o cümlədən Ordu quruculuğu sahəsində davamlı,  planlı iş aparıldı.

   Cənab Prezident İlham Əliyev düzgün olaraq müəyyənləşdirəndə ki, ermənilər məsələnin sülh yolu ilə həllinə heç vaxt razı olmayacaq,  bu işə məsul olan ATƏT-in Minsq Qrupu problemin həllini uzatmaqla Azərbaycan xalqını mövcud məğlubiyyətlə barışdırmaq niyyətini güdür, onda cənab Prezident Qarabağ problemini həll etmək üçün yeni bir strategiya müəyyənləşdirdi və bu strategiyanın adı hərbi-siyasi yolla problemin həlli variantıdır. Aparıcı dövlətlərin, dünyanın əsas güc mərkəzlərinin təqib və təzyiqlərinə məhəl qoymadan özünün müəyyənləşdirdiyi həll variantını tədbiq edərək, məsələnin Azərbaycanın xeyrinə bitirilməsi istiqamətində qətiyyətli addımlar atdı və iqtisadiyyatı gücləndirərək,  güclü iqtisadiyyat hesabına regionun ən qüdrətli Ordusunu yaratdı.  Maddi-texniki təminatla yanaşı, mənəvi-psixoloji və fiziki hazırlığı yüksək, mütəmadi təlimlərdən keçmiş müasir Ordu formalaşdırmağa nail oldu.

 Azərbaycan Ordusu cənab Prezident,  Silahlı  Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin komandanlığı altında  2016-cı ilin aprel ayında qısamüddətli döyüşdə iştrak etməklə, nəyə qadir olduğunu döyüş meydanında təsdiq etdi.

Cəmi üç gün yarım davam edən Aprel döyüşlərində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbələr endirərək bir neçə istiqamətdən ermənilərin əfsanələşdirdiyi, Ohanyan xətti adlandırdıqları  müdafiə xəttini yararaq,  bir neçə kilometr irəliləməyi bacardı, düşmənin çoxsaylı texnikasını və canlı qüvvəsini məhv etdi.  Məşhur “Lələtəpə” yüksəkliyini və ətraf əraziləri nəzarət altına alaraq Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndini erməni işğalından azad etdi.

Qısamüddətli döyüş əməliyyatlarının bitməsindən dərhal sonra Cocuq Mərcanlı kəndi yenidən inşa edilərək “Böyük Qayıdışın”  əsası  qoyuldu. 2020- ci ilin sentyabrın 27-də başlanan Vətən müharibəsini 2016-cı ilin Aprel döyüşlərinin davamı adlandırsaq heç də yanılmarıq. Müzəffər Ali Baş Komandan, Cənab Prezident İlham Əliyevin qətiyyəti, onun yaratdığı  Silahlı Qüvvələrimizin qüdrəti və xalqımızın cənab Prezident İlham Əliyevin ətrafında sıx birliyi hesabına işğal altında olan ərazilərimizin böyük hissəsi azad edildi, Ermənistan ordusu aldığı zərbələrdən damadağın oldu, Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur oldu.  10 nayabr 2020-ci il tarixli üç tərəfli bəyanatın şərtinə əsasən Ağdam, Kəlbəcər və Laçın rayonları erməni silahlı qüvvələrindən təmizlənərək Azərbaycan Ordusunun nəzarətinə keçdi. Bununla da Azərbaycanın ərazi bütövlüyü təmin edildi.

Cəbrayıl rayonu işğal altında olan rayonlardan ən öncə azad edilmişdir. Hələ oktyabr ayının 4-də Cəbrayılın işğaldan azad olunması müjdəsini cənab Prezident İlham Əliyev şəxsən özü təqdim etmişdir.

Müharibə bitdikdən dərhal sonra cənab Prezident İlham Əliyev müvafiq dövlət qurumlarına işğaldan azad olunmuş ərazilərdə tikinti və yenidənqurma işlərini vaxt itirmədən aparmaq üçün lazımi tədbirlər görülməsini tapşırmışdır. Cənab Prezident İlham Əliyevin nəzarəti altında tikinti və yenidənqurma işləri yüksək sürətlə icra olunmaqdadır.  Şuşada və işğaldan azad olunmuş digər rayonlarda tikinti və yenidənqurma işləri, irimiqyaslı infrastruktur layihələri icra olunmaqdadır.


Zəngilan rayonunun Ağalı qəsəbəsində “Ağıllı kənd” layihəsinin tezliklə icra olunaraq, əhalinin həmin qəsəbəyə köçürülməsi xalqımız üçün mühüm hadisədir. Biz artıq əbədi olaraq Qarabağa qayıtmışıq. Çox keçməz işğaldan azad olunmuş bütün yaşayış məntəqələrimizdə tikilib, abadlaşar və  həyat əvvəlki ahənginə qayıdar.

  Qarabağda, Zəngəzurda Azərbaycandır!

  Vahid Əliyev,

 YAP Xocalı rayon təşkilatının sədri  

Yorum Gönder

Daha yeni Daha eski