Azərbaycan Respublikasının təhsil işçilərinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, bir qrup təhsil işçisi Azərbaycan təhsilinin inkişafında xidmətlərinə “Tərəqqi” medalı ilə təltif edilmişdir. Sevindirici haldır ki, təltif edilənlər sırasında Xocalı rayon ziyalısı Quliyev Zülfü Şahbaz oğlunun da adı vardır.
Quliyev Zülfü Şahbaz oğlu 17 iyun 1967-ci ildə Xocalı rayonunun Kosalar kəndində dünyaya göz açmışdır. 1984-cü ildə Kosalar kənd orta məktəbinin məzunu olub. 1985-1987-ci illərdə həqiqi hərbi xidmət keçib. 1990-1995-ci illərdə Mirzə Fətəli Axundov adına Rus dili və ədəbiyyatı institutunda təhsil alıb. Fərqlənmə diplomu ilə ali məktəbi bitirib. 2003-cü ildə Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialının Yenidənhazırlanma fakültəsinin Azərbaycan dili və ədəbiyyat ixtisasını bitirmişdir. Pedaqoji fəaliyyətə 1995-ci ildə Xocalı rayon Əli Kərim adına Başkənd kənd tam orta məktəbində başlayan Zülfü müəllim, 2012-ci ilədək həmin məktəbdə müəllim peşəsini davam etdirmişdir. 2012-ci ildən hal-hazıradək Xocalı rayon Yaloba kənd tam orta məktəbində çalışır.
1999-cu ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. Hal-hazırda YAP Xocalı rayon təşkilatı ərazi partiya təşkilatının sədri vəzifəsini icra edir. 124 saylı Seçki Dairəsinin 25 saylı məntəqə seçki komissiyasının sədridir.
Dəfərlərlə məktəb rəhbərliyi və rayon təhsil şöbəsi tərəfindən Fəxri Fərmanlarla təltif edilib. Zülfü müəllimin dərs dediyi şagirdlər yüksək ballarla ali məktəbə qəbul olaraq onun ixtisası üzrə ali təhsilə yiyələnmişlər.
Zülfü müəllim savadlı, bacarıqlı müəllim olmağı ilə yanaşı, həm də dövlətçiliyə sədaqətlə xidmət edən layiqli vətəndaşdır. Onun “Tərəqqi” medalı ilə təltif edilməsi fədakar əməyinə verilən qiymətdir. Rayon ictimaiyyəti Zülfü Quliyevin Cənab Prezidentimiz tərəfindən “Tərəqqi” medalı ilə təltif edilməsini sevinclə qarşılayır, bunu rayonumuzun təhsilinə göstərilən diqqət və qayğı kimi dəyərləndirirlər.
Təbrik edir: Xocalı rayon təhsil işçiləri