
Azərbaycan
Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə
yardımı ilə Ekoloji İnformasiya İctimai Birliyi tərəfindən həyata keçirilən
“Qarabağ İqtisadi Rayonunun fermerləri arasında ekoloji təmiz məhsul
istehsalının təşviqi” layihəsinin icra planına uyğun olaraq Ağdam rayonunda 25
nəfər fermer üçün seminar təşkil edilib.
“Rupor” xəbər verir
ki, Ağdam Dövlət Aqrar İnkişaf Mərkəzində keçirilən seminarda əvvəlcə
respublikamızın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi
bir dəqiqəlik sükutla yad olunub.
Seminarda çıxış edən
layihə rəhbəri Musa Muradlı layihənin məqsəd və vəzifələri barədə məlumat
verib. Bildirib ki, layihə çərçivəsində Qarabağ İqtisadi Rayonunun 4 rayonunda
– Ağcabədi, Ağdam, Bərdə, Tərtər rayonlarının hər birində 25 fermerə
seminarların təşkili, fermerlər üçün ekoloji cəhətdən daha faydalı məhsulların
təşviqi nəzərdə tutulub. Qeyd edib ki, indi ekoloji məhsul istehsalının təşviqinə
ehtiyac böyükdür.
Layihənin eksperti
ekoloq, aqrar elmlər üzrə fəlsəfə doktoru Xosrov Musayev dünyada ekoloji təmiz
məhsul istehsalına bir çox ölkələrin üstünlük verdiyini deyib. Ekoloji təmiz məhsul
yetişdirilməsinin aktuallığından danışan ekoloq Xosrov Musayev bildirib ki,
kimyəvi tərkibli üzvi maddələrdən istifadə insan sağlamlığına zərər vurmaqla
yanaşı torpağın da mikroorqanizmlərini məhv edir. Torpağın məhsuldarlığı tədricən
azalır. Ekoloji təmiz kənd təsərrüfatında isə ətraf mühitin təbii
ehtiyatlarından istifadə etməklə, həm torpağın mineral ehtiyatlarını artırmaq
olar, həm də sağlamlığı möhkəmləndirən məhsulların yetişdirilməsinə nail olmaq
mümkündür.
Ağdam Dövlət Aqrar
İnkişaf Mərkəzinin direktor müavini, aqrar elmlər üzrə fəlsəfə doktoru Bəhruz Nəzərov
çıxışında ekoloji təmiz məhsul istehsalının aktuallığından danışıb, layihənin əhəmiyyətini
yüksək qiymətləndirib. O, bölgə fermerlərini ekoloji təmiz məhsul istehsalı
istiqamətində daha böyük aktivlik göstərməyə səsləyib, seminar iştirakçılarına
mövzu ilə bağlı tövsiyələrini verib.
Ağdamlı fermerlər
ekoloji təmiz kənd təsərrüfatı məhsulların istehsalı barədə müzakirələrdə fəallıq
nümayiş etdiriblər. Onlar həyata keçirilən layihədə qarşıya qoyulan vəzifəni
yüksək qiymətləndiriblər.
Çıxışlardan sonra
çay süfrəsi arxasında müzakirələr aparılıb, iştirakçılara dəftərxana ləvazimatları,
bloknot, qələm, qovluqlar, habelə təşviqat materialları, bukletlər paylanıb.