İki il bundan öncə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə, Şanlı Azərbaycan Ordusunun rəşadəti, şəhidlərimizin qanı və canı bahasına xalqımızın çoxəsrlik tarixinin ən şanlı səhifəsi yazıldı.
Bu qəhrəmanlıq salnaməsi - Zəfər Günü Respublikamızın bütün bölgələrində olduğu kimi, xocalıların kompakt şəkildə müvəqqəti məskunlaşdıqları Goranboy rayonunun Aşağ Ağcakənd qəsəbəsində də təntənəli şəkildə qeyd edildi.
Zəfər Bayramı şənliyində Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov, rayonun icra hakimiyyəti aparatının məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisələrin rəhbər işçiləri, Vətən müharibəsi iştirakçıları, qazilər, şəhid aiələri və məktəb şagirdləri iştirak etdilər.
Tədbir iştirakçıları əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin qəsəbədə ucaldılmış abidəsini ziyarət edərək önünə dərin ehtiram əlaməti olaraq gül dəstələri düzdülər.
Xocalı rayon Mədəniyyət Evində davam edən tədbirdə Zəfər salnaməsinə həsr edilmiş kitab sərgisinə və şagirdlərimizin düşmən üzərində şanlı Zəfərə və qəhrəman şəhidlərimizə həsr etdikləri rəsm əsərlərindən ibarət sərgiyə baxış oldu.
Tədbir iştirakçıları torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizi ruhunu bir dəqiqəlik sükutla yad etdilər. Dövlət Himnimiz səsləndirildi.
Sonra söz Vətən müharibəsi şəhidi Məmmədov Elnur Xurşud oğlunun həyat yoldaşı Kəmalə Məmmədovaya verildi. Kəmalə Məmmədova igid döyüşçümüzün 2016-cı il Aprel döyüşlərində və Vətən müharibəsində şücaətindən danışdı. Şəhidlərimizə Allahdan rəhmət diləyərək xalqımızın Zəfər Gününü təbrik etdi.
Vətən müharibəsində qələmini silahla əvəzləyərək döyüşlərə atılan Xocalı şəhər 5 saylı tam orta məktəbin riyaziyyat və informatika müəllimi, "Vətən uğrunda" medalı ilə təltif edilmiş Kərimov Vüqar Əzim oğlu çıxışında Müzəffər Ordumuzun hünərindən danışaraq qalib ordunun qalib əsgəri kimi həmişə qürur hissi keçirdiyi bildirdi. Şagirdlərinə yüksək vətənpərvərlik ruhu aşılayan Vüqar Kərimov Vətən Müharibəsində əldə etdiyimiz qələbə ilə xalqımızın torpaqlarımızın azadlığı və qələbə arzusunun gerçəkləşdiyini bildirdi.