Laçınlılar doğma yurdlarına qayıdacaqlar, orada həyat yenidən qaynayacaq

         Respublikanın cənub-qərbində Qarabağ silsiləsində Laçın rayonu yerləşir. Bu rayonun hündür dağları, gözəl meşələri, müalicəvi əhəmiyyətli çiçəkləri, suları var. Ən hündür dağ Qızılboğaz dağıdır ki, bitki örtüyü, kolluq və seyrək çəmənliklərdən ibarətdir. Laçının ərazisindən Həkəri çayı keçir ki, bu da qolları ilə rayona xüsusi gözəllik verir.

       Rayonun meşələrində qədim abidələr kimi qorunub saxlanılan Şərq çinarı Malxələf kəndindədir. “Ardıc meşələri”, Qaragöl Dövlət Təbiət Qoruğu ilə tanınan Laçının 7369 ha meşə sahəsi, 4257 ha otlağı, 4 faiz qayalar, ucqunlar, xüsusi torpaqlar işğala məruz qalmışdır. Rayonun ərazisində yerləşən Zalxagöl, Canlıgöl, Qaragöl, İşıqlı Qaragöl işğal altında idi.

        Laçın rayonunda 73 tarix mədəniyyət abidəsi, memarlıq, xatirə abidələri, dekorativ tətbiqi sənət nümunələri, Ağoğlan məbədi, Məlikəfdər türbəsi, Sarı aşığın xatirə muzeyi, Həmzə Soltan sarayı, Dəmirovlu Pir məbədi, hamısı ermənilər tərəfindən dağıdılmış və yandırılmışdır.

        Gözəl dağlarının havası ilə, saf suları ilə tanınan Laçının insanları öz zəhmətilə heyvandarlıqla, təsərrüfatı ilə dolanırdılar. Bir sözlə, Laçın- aşıqların, istedadlı müğənnilərin vətənidir. 

        1992-ci ildə mayın 18-də Laçın rayonu işğalçı dövlət Ermənistan tərəfindən işğal olundu. İnsanların illərlə qurub-yaratdığı ev-eşikləri qarət olundu. Yandırılan yandırılıdı, insanları güllələyib öldürdülər, girov götürdüklərinə min bir işgəncə verdilər. 120-ə yaxın kəndi olan Laçının insanlarını çöllərə saldılar. 

       Məhəbbət Kazımovun vətəni Laçın 28 il işğalda qaldı.”Laçınım” mahnısını dünyasını dəyişənə kimi dərdli oxudu:

     Ay aman, çəkirik torpaq həsrəti,

     Uca dağlar, sərin su, yaylaq həsrəti,

     Ağlayan, çağlayan əcəl həsrəti,

     Laçınım, Laçınım, Laçınım mənim.

  

      Beləcə insanlar, vətən-torpaq həsrəti ilə ağbirçəklərimiz, ağsaqqallarımız dünyasını dəyişdi. Laçın hakimiyyət uğrunda mübarizələrin qurbanı oldu. Pərakəndə halda apardıqları mübarizənin nəticəsi olmadı. Nəhayət zaman gəlib çatdı. Vətən müharibəsi başladı.

       Noyabrın 10-da imzalanmış birgə bəyanata əsasən , Laçın heç bir itki vermədən azad olundu. Bəyanata əsasən, boşalmalar qrafikə əsasən aparılıb. Şuşa şəhəri azad olunandan sonra Laçının Güləbird, Səfiyan, Türklər kəndləri işğalçılardan azad olundu. Onu da qeyd edək ki, Laçını itirən zaman biz çox torpaqlar itirdik. Çünki Ermənistanı Qarabağa birləşdirən yol məhz burdan keçir. Laçının işğalı Ermənistana yol açdı. 

     44 günlük müharibə nəticəsində Laçın işğaldan azad edildi. 

      Ermənilər gedəndə də pis əməllərini təkrarlayıblar. Onlar evləri yandırır, sökür, dağıdır, daşı-daş üstə qoymurdular. Bunlara rəğmən cavablarını aldılar. Azad olunan rayonlarımız öz övladlarına qovuşdular. 

      Bugün bizləri bu sevincə qovuşduran, Ali Baş Komandanımıza, şəhidlərimizə, sağlamlığını itirən qazilərimizə, igid oğullarımıza borcluyuq.

      Bir gözü ağlayan, bir gözü gülən analarımıza Allahdan səbir diləyirik. Yağışda, boranda, qarda, sırsıra kollarda, çətin yerlərdə azad olunan vətən torpaqlarının keşiyində duran əsgərlərimizə əhsən deyirik! Allah Ali Baş Komandanımızı və sizləri qorusun!

Ülkər Quliyeva, 

Xocalı rayon ziyalısı

Yorum Gönder

Daha yeni Daha eski