Vətən uğrunda qan, dost uğrunda göz yaşı, ailəsi uğrunda tər tökdü şəhidlər...

    Şəhidlər xalqın kimliyini, mənliyini qoruyan ölməz qəhramanlardır

       Azərbaycanın bütövlüyü uğrunda, canlarından keçmiş şəhidlərimizin ömür yolu gənclərimizə hər zaman örnəkdir. Hər bir Azərbaycan vətəndaşı öz milli qəhrəmanlarını tanımalı, onların keçdiyi həyat yolundan çox şeyləri öyrənməlidir. Barəsində danışacağım şəhid Vüsal Allahverdiyev düşmən üzərində əldə edilən tarixi qələbəmizdə öz qəhrəmanlığı, cəsarəti ilə sözün əsil mənasında qəhramanlıq səlnaməsi yazan igidlərimizdəndir. Hər zaman olduğu kimi bu gün də bir qurup ziyalı qadınlarımızla bizim üçün hər daim dəyərli olan Hicran xanımın oğlu şəhid Vüsal Allahverdiyevin ev muzeyini və abidəsini ziyarət etdik.

 Vüsal Allahverdiyev 16 avqust, 1988-ci ildə Azərbaycan Respublikasının Qubadlı rayonunda anadan olub. 31 avqust 1993-cü ildə məcburi köçkün kimi, ailəsi ilə Sumqayıt şəhərində məskünlaşıb. 1995-ci ildə Sumqayıt şəhər 23 saylı tam orta məktəbin 1-ci sinfinə daxil olub.

 2004-cü ildə həmin məktəbin 9-cu sinifini bitirib. Daha sonra Qubadlı rayon 2 saylı tam orta məktəbdə təhsilini davam etdirib. 2006-cı ildə həmin məktəbin məzunu olub. Kooperasiya universitetinin malliyə və kredit fakultəsinə daxil olub, 4 ildən sonra isə həmin universteti bitirib. 2010-2011-ci illərdə Gəncə şəhərində yerləşən N saylı hərbi hissədə həqiqi hərbi xidmət keçib. Atası Tahir Qafar oğlu Allahverdiyev Birinci Qarabağ müharibəsi veteranıdır. Ailədə bir qardaş, bir bacı idilər.

Vüsal Allahverdiyev 2020-ci ilin iyulun 12-də başlayan Tovuz döyüşləri zamanı General-mayor Polad Həşimov şəhid olduqdan sonra, Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Qubadlı rayon şöbəsinə müraciət edib və könüllü olaraq Orduya yazılıb. Sentyabrın 27-də başlayan Vətən müharibəsində Füzuli rayonunun Seyidəhmədli kəndində, Cəbrayıl və Xocavənd rayonu istiqamətində döyüşlərdə iştrak edib, böyük şücaət göstərib. Ən son oktyabr ayının 30-da Xocavənd rayonunun azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərib, lakin döyüş zamanı düşmən gülləsinə tuş gələrək, şəhidlik zirvəsinə ucalıb. Daha sonra nəşi ailəsinə təhvil verilib və Sumqayıt şəhər Şəhidlər xiyabanında dəfn edilib.

 Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüsal Allahverdiyev ölümündən sonra "Vətən uğrunda",  "Döyüşdə fərqlənməyə görə" "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

     Qərinələr ötür, nəsillər bir-birini əvəz edir. Lakin bizə qələbə sevinci bəxş edən şəhidlərimiz, torpaq uğrunda canından keçən oğul və qızlarımız heç vaxt unudulmayacaqlar. Ən ali, müqəddəs və şərəfli zirvə olan şəhidlik zirvəsinə yüksələnlər aramızda olmasalar da, ürəklərimizdə hər zaman yaşayacaqlar.

       Şəhidlər bizim həm nisgilimiz, kədərimiz, ürək ağrımız, həm də qürurumuz, vüqarımız, fəxrimiz, ölməzliyimiz, örnəyimizdir.  Allah, vətən və millət yolunda öz istəyi ilə canından keçməyə razı olan insanların fəth elədiyi ən yüksək, şərəfli zirvədir şəhid olmaq. Qərinələr, əsrlər keçməyinə baxmayaraq əsla unudulmayan insanlardır şəhidlər. Tarix boyu millətləri zəfərdən zəfərə aparan səbəb də vətənə xidmət etmək və şəhid olmaq arzusu olmuşdur. Canlarından keçməklə xalqın qəhrəmanlıq dastanını, azadlığını canı ilə qazanıb qanı ilə yazanlardır şəhidlər. Məhz onların canı və qanı hesabına qazandıqları azadlıq və müstəqillik xalq tərəfindən heç vaxt unudulmur. Ona görə ki, şəhidlər xalqın kimliyini, mənliyini qoruyan insanlardır. Onlar bir xalq qəhrəmanı olaraq zəncirləri qıraraq, zülmətləri yararaq, xalqı işıqlı sabaha aparan, ölümləri ilə ölməzlik qazanan əbədiyyətə qovuşmuş bəxtiyar insanlardır. Ölüm əslində yoxluq və heçlik deyil. Əbədi diyara səfərdir. Əbədi diyara səfərdən sonra çoxları çox az müddətlik də olsa dünyaya yenidən qayıtmaq və xeyirxah, saleh əməllər işləmək istəyəcəklər. Ancaq şəhidlər yenidən dünyaya qayıdaraq bir daha şəhid olmağı arzulayacaqlar. Elə bu məqamda böyük şairimiz Bəxtiyar Vahabzadənin  “Şəhidlər” şeirini şəhidimiz Vüsal Allahverdiyevin timsalında bütün şəhidlərimizin müqəddəs ruhlarına ittihaf etməklə cəmi şəhidlərimizə Allahdan rəhmət, onların valideyinlərinə səbr diləyirəm. Vətən sağ olsun!

               Şəhidlər

Qatil gülləsinə qurban gedirkən,
Gözünü sabaha dikdi Şəhidlər.
Üçrəngli bayrağı öz qanlarıyla,
Vətən torpağına çəkdi Şəhidlər…


Zalım öyünməsin zülümləriylə,
Min bir böhtanıyla, min bir şəriylə.
Həqiqət uğrunda ölümləriylə,
Ölümü kamına çəkdi Şəhidlər…
O şənbə gecəsi, o qətl günü,-


Mümkünə döndərdik çox namümkünü,
Xalqın qəlbindəki qorxu mülkünü,
O gecə dağıdıb sökdü Şəhidlər…
Tarixi yaşadıb diləyimizdə,
Bir yumruğa döndük o gecə bizdə.
Yıxıb köləliyi ürəyimizdə
Cəsarət mülkünü tikdi Şəhidlər…


Onlar susdurulan haqqı dindirər,
Qaraca torpağı qiymətləndirər.
Donan vicdanları qeyrətləndirər,
Axı, el qeyrəti çəkdi Şəhidlər…
Bilirik, bu bəla nə ilkdi, nə son,
Ölürkən uğrunda bu Ana yurdun.
Quzu cildindəki o qoca qurdun,
Doğru, düz cildini çəkdi Şəhidlər…
Dözdü hər zillətə, dözdü hər şeyə,


“Dünyada mənimdə haqqım var”,- deyə
Kütləni xalq edən müqaviləyə,
Qanıyla qolunu çəkdi Şəhidlər…
İnsan insan olur öz hünəriylə.
Millət, millət olur xeyri, şəriylə,
Torpağın bağrına cəsədləriylə,
Azadlıq tumunu əkdi Şəhidlər.

 

Şeyda ƏZİZOVA,

“AranMedia GROUP"-un direktoru, 

"Aran Media" qəzetinin baş redaktoru

 


Yorum Gönder

Daha yeni Daha eski