2020-ci ilin sentyabr ayının 27-də düşmənin təxribatına qarşı başlanan 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan tarixinin ən şanlı səhifələri yazıldı. Bu müharibə Azərbaycan xalqının haqq savaşı idi. Bu savaşda qazanılmış Zəfər Qarabağın həm bu gününə, həm də keçmişinə işıq saldı. Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında şanlı Azərbaycan Ordusu gerçək Qarabağ salnaməsi yazdı. Yüzillər boyu qara niyyətli düşmənin ağ yalanları həqiqətin gur işığında əriyib yox oldu. Vətən Müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Azərbaycan xalqı öz liderinin – müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi. Bu real faktordur ki, bütün müharibələrdə əsas sözü xalq və onun ordusu dediyi kimi uğurlu zəfərlərdə sərkərdənin də çox böyük rolu olur. Bu gün Azərbaycan xalqı hansı səviyyədə uğurlu sərkərdəyə – Ali Baş Komandana sahib olduğunu aşkar gördü. Prezident İlham Əliyev yalnız hərb meydanında müzəffər sərkərdə deyil, diplomatik cəbhədə böyük strateq nümunəsi ortaya qoydu, informasiya müharibəsində Azərbaycanın haqq səsi oldu, cəsarətlə bütün təzyiqlərə sinə gərdi, öz xalqı ilə vəhdətdə olan lider kimi mübarizlik rəmzinə çevrildi. 2020-ci il sentyabrın 27-də başlayan və noyabrın 10-da başa çatan tarixi 44 günlük Vətən müharibəsi ilə arzularımızın ən ülvisinə, ən müqəddəsinə çatdıq, 30 illik qanlı Qarabağ münaqişəsini Zəfərlə başa çatdırdıq. “Dəmir yumruq”la düşmən məhv edildi, onun başı əzildi, diz çökdü. Bu Zəfər əyilmiş başımızı dikəltdi, bizə qürur verdi. Artıq üzümüz ağ, alnımız açıqdır, millət, dövlət, xalq olaraq başımız ucadır. Qələbə günündən bəri zəfərlərimizin ardı-arası kəsilmir. Zəfər paradı, işğaldan azad olunmuş torpaqlarımıza tarixi səfərlər, Qarabağın yenidən dirçəldilməsinə başlanılması, tarixi təməlqoymalar, açılışlar, Şuşa Bəyannaməsi, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaradılması və sair. Sevincimiz sevincimizə, üzümüzdən, çöhrəmizdən illərlə yox olan gülüşümüz gülüşümüzə qarışıb. Müstəqilliyimizin 3-cü dekadasını üzüağ, alnıaçıq, başıuca və əlidolu başa vururuq. Bir sözlə, “Qarabağ Azərbaycandır və nida işarəsi”-söyləyən Prezidentimiz hər zaman olduğu kimi bu dəfə də vədinə əməl etdi. Noyabrın 8-i xalqımızın tarixinə şanlı, qızıl hərflərlə yazıldı! 30 ildən sonra Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə sübuta yetirdik ki, bir qarış torpağımızı belə heç kəsə verən deyilik.
Qarabağ Azərbaycandır! 44 günlük qəhrəmanlıq
savaşımız tarix boyu şanlı qürur mənbəyimiz olaraq qalacaq!
Prezident İlham Əliyev 17 ildə həyata keçirdiyi siyasətin nəticəsində Azərbaycanı 30 ilə yaxın davam edən münaqişədə qalib tərəfə çevirdi. Ərazi bütövlüyümüzün birmənalı olaraq təsdiq edildi.
Vüqar İsmayılov,
YAP
Xocalı rayon təşkilatının əməkdaşı