Dekabrın 6-da Qarabağ Regional Təhsil İdarəsi Xocalı rayon Kosalar kənd tam orta məktəbində şagirdlərlə "Uşaqların təhsildən yayınmasına qarşı mübarizə və sosial təhlükəli vəziyyətdə olan uşaqlara dəstək" mövzusunda söhbət aparıldı. Tədbirdə məktəb rəhbərliyi, yuxarı sinif şagirdləri və valideynlər iştirak etdilər.
Tədbirdə məktəbin təşkilati işlər üzrə direktor müavini Rauf Mirzəyev çıxış edərək mövzu ətrafında öz fikirlərini çatdırdı. Məktəbdə bundan sonra da təhsildən yayınma hallarının qarşısının alınması məqsədilə nəzarətin gücləndiriləcəyini bildirdi.
Məktəbin psixoloqu Vəsilə Quliyeva məruzə ilə çıxışında bildirdi ki, dövlətin daim diqqət mərkəzində saxladığı ən mühüm məsələlərdən biri də ölkədə təhsilin inkişafı, onun maddi-texniki bazasının möhkəmləndirilməsidir və son illər Azərbaycanda bu istiqamətdə məqsədyönlü işlər aparılır. Bununla belə bu sahədə məktəb yaşlı uşaqların təhsildən yayınma hallarının olması narahatçılıq doğurur.
Ümumtəhsil məktəblərində oxuyan və valideynlərinin icazə verməməsi və ya pul qazanıb gələcəklərini qurmaq istədikləri səbəbindən məktəbdən yayınanlar əsasən 15-17 yaşlı uşaqlardır.
Yəni uşağın düzgün tərbiyə edilməsi, onun sağlam ruhda böyüməsi üçün bütün mənəvi ağırlıq və məsuliyyət valideynlərin üzərinə düşür. Məsələn, ailədə hər hansı bir münaqişə uşağın psixologiyasına ciddi mənfi təsir göstərə bilər ki, bu da onun intiharı çıxış yolu kimi seçməsinə gətirib-çıxarar. Ona görə də ilk növbədə valideynlər öz valideynlik məsuliyyətlərini yaxşı dərk etməli və övladlarının təlim-tərbiyəsi ilə ciddi məşğul olmalıdırlar“.