XOCALILAR ÜÇÜN İZTİRABLARLA KEÇƏN MƏŞUM FEVRAL AYI

Fevral ayı xocalılar üçün illər ötsə də, ən ağrılı günlərin yaşandığı ay kimi öz mənfi ab-havası ilə daxil olur. Bu qısa ay əslində Xocalı sakinləri üçün mənəvi iztirabları ilə ən uzun ay kimi ötüşür. Qaysaq bağlamayan yaralar fevral ayında yenidən şiddətlənir. Görünür, hər fevral ayı Xocalı soyqırımının ağrı-acılarını ağır çəkic kimi yaddaşımıza daha dərindən möhürləyəcək. Nə qəribə qismətdir ki, Xocalı soyqırımının hər ildönümündə göylərdən asılı qalan qar dənə-dənə də olsa özünü yetirərək o müdhiş, qarlı-şaxtalı gecənin təəssüratlarını yaşadır. Sanki dəhşətli bir filmin bütün səhnəsi yenidən canlanır, baş verən hadisələrin təbii olması üçün təbiət də öz məharətini göstərir. 

 Xocalıdan olan gənc şair Şəhriyar Allahyaroğlu öz feysbuk səhifəsində yazır:

Hər il fevral ayı gələndə biz xocalıların qaysaq tutmayan yarası yenidən qanayır. Bu ay xocalılar üçün matəm ayıdır. Fevral ayı şəhid şəhərin əhalisi heç bir xeyir iş tutmur. Yenə hamı qəmgindir. Övlad itirmiş analar, qardaş itirmiş bacılar, valideyinlərini itirmiş övladların göz yaşları yenidən yanaqlardan süzülərək üzlərdə açdığı çuxurlarla üzü aşağa süzülür. Xocalıda qalan doğmalarının ölüb qalmağından xəbəri olmayan insanlar hələ də ümidlə yol gözləyirlər. Bu dərd ilə dünyasını dəyişənlər az deyil...

Səkkiz gün erməni zindanında amansız işgəncələr çəkmiş Dürdanə Ağayeva da fevral ayında 31 əvvəl Xocalıda çəkdiyi müsibətləri daha da dərin təəssüratlarla xatırlayır:

Mənim fikrimcə fevral ayını bütün xocalılar sevmir. Qar görəndə məni həyəcan boğur, özümü qəribə hiss edirəm. Bu qarlı-şaxtalı Xocalı soyqırımı gününün təhtəlşüurumda qoyduğu acı izlərin təsirindəndir. Təqvim fevralın 1-ni göstərəndə yenə dərin fikrə getdim. Fikrim, xəyalım Xocalıya qayıtdı. 31 il bundan əvvəl fevral ayı girəndə gecə qaranlıqda oturmuşduq. Mühasirə şəraitində idik. Müharibə gedirdi, çətin günlər yaşayırdıq. Fevral ayının 1-i, 2-si,....25-i hansı işləri görürdük fikirləri ilə yaşayıram. Şəxsən mənim keçirdiyim hisslər belədir. İstəyərdim ki, fevral ayı təqvimlərdən yığışsın. Fevralın 24-ü mən Xocalıda poçtda növbədə qalmışdım. Anam da yanımda idi. Çağırış mübarizəsi aparırdıq. Telefonçuları yığırdıq, rabitə ilə kömək çağırırdıq. Sonra da əsirlik həyatımın dəhşətləri gəlir gözlərimin önünə. Bizə düşmənin ən alçağı, ən murdarı qismət oldu...

Fevral ayı xocalılar üçün nə qədər uzun və iztirablı olsa da, onları bu kədər içində xoş gələcəyə ümidləndirən səbəblər də çoxdur. Vətən müharibəsində Xocalı cəlladları məhv edilməklə alışıb yanan qisas hisslərimiz bir az səngimiş oldu. Artıq xocalılar Ağdamın Şəhidlər Xiyabanında dəfn edilmiş doğmalarının qəbirlərini ziyarət edə bilirlər. Düzdür, qəbirlər viran olunub, tanınmaz haldadır. Amma iyirmi səkkiz ildən sonra ilk dəfədir ki, şəhidlərimizin dəfn olduqları torpaqlarda onların ruhları ilə görüşdük. Bu, “heç olmasa şəhidimin məzarını ziyarət edərdim” deyən, Xocalı soyqırımı abidəsi önündə göz yaşları axıdaraq həsrət alovunu səngidən şəhid ailələri üçün böyük təsəllidir.

Ağdamın Şəhidlər Xiyabanından Xocalı torpaqları da görünür. Xocalıya gedən yollar çox qısalıb. Xocalının meşələrində, düzlərində şəhid olub qurda-quşa yem olan həmyerlilərimizin ruhlarının dolaşdığı bütün torpaqlara da qayıdacağıq. Zənnimcə, fevral ayının acı təəssüratları isə Xocalı soyqırımını yaşayan insanların yaddaşından heç vaxt silinməyəcək.

 Qalib BƏYMƏMMƏDOĞLU,

“Xocalının səsi” qəzetinin redaktoru

 


Yorum Gönder

Daha yeni Daha eski