Xocalının dilbər guşələrindən biri olan Cəmilli kəndinin işğalından 31 il ötür. Cəmilli 15 dekabr 1991-ci ildə erməni quldurları tərəfindən işğal edilib. Kənd Xankəndi şəhərindən 2,5 km uzaqlıqda yerləşir. Dağlıq ərazidə yerləşən Cəmilli kəndi bir tərəfdən sıldırım qayalarla, digər tərəflərdən isə meşə zolağı ilə əhatə olunmuşdur. Cəmilli kəndinin əsas yolu ermənilərin yaşadığı Xənəzək kəndindən keçməklə Xankəndi şəhərinə idi. Bu yol düşmənlərin çəmbərində olduğu üçün Cəmilli sakinlərinin yolu sıldırım qayalardan aşaraq Kosalar kəndinə, oradan isə Şuşaya olmuşdur.
Birinci Qarabağ müharibəsində Cəmilli kəndi 13 nəfər şəhid vermişdir. Onların 9 nəfəri Cəmilli sakini, 3 nəfəri Cəmillinin müdafiəsinə gəlmiş polis əməkdaşları, 1 nəfəri isə 6 yaşlı Kosalar kənd sakini Abdullayeva Maya Sərhad qızıdır. Cəmillinin müdafiəsində şəhid olmuş polis əməkdaşlarından 1 nəfəri Ağcabədi, 2 nəfəri isə Şəki rayon sakinidir. Şəhid polis əməkdaşı, Mikayıl Cəbrayılov 27 aprel 1950-ci ildə Şəki rayonunun Oxud kəndində, ikinci dünya müharibəsində əfsanəvi partizan olan Fransa milli qəhrəmanı Əhmədiyyə Cəbrayılovun ("Armed Mişel") ailəsində doğulmuşdur. 1990-cı ildə Mikayıl dörd nəfər polislə Qarabağa ezam olunur. Onlar Cəmilli kəndini müdafiə etməli idilər. Bir müddət sonra o Kosalara, əhali üçün ayrılmış taxılı gətirməyə gedir. Cəmilli-Kosalar arasındakı yolda qəflətən erməni quldurları onlara basqın edir. Zabitlərdən biri snayper gülləsindən ağır yaralanır, erməni basqınçıları ilə ölüm-dirim savaşına atılan Mikayıl çiynindən güllə yarası alır. Buna baxmayaraq o təslim olmur və 1990-cı il 15 dekabrda əsir düşən döyüş yoldaşlarını xilas edərkən qəhrəmancasına son anadək vuruşaraq döyüş meydanında şəhid olur. Mikayıl Cəbrayılov ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adına layiq görülmüşdür. Hadisə zamanı Şəki polis şöbəsinin əməkdaşı Arzu Əliyev və 17 yaşlı Cəmilli kənd sakini Cavadov Əhməd Əmir oğlu da şəhid olub. Xocalı rayon Cəmilli kənd tam orta məktəbi şəhid Əhməd Cavadovun adını daşıyır.
Cavanşir Mehdiyev 1995-ci il oktyabrın 28-də Bakı metrosunda törədilmiş terror hadisəsində şəhid olmuşdur.
1992-ci il 28 yanvarda Şuşa yaxınlığında Mi-8 helikopterinin erməni quldurları tərəfindən vurulması nəticəsində Cəmilli sakinləri, milis nəfərləri - Cavadov Vaqif Əliş oğlu, Cabbarov Xıdır Sədərddin oğlu, İsmayılov Bəhram Mətləb oğlu, milli ordunun əsgəri Mehdiyev Fikrət Buruzu oğlu, Salahov Şakir Şamil oğlu şəhid oldu.
23 avqust 1991-ci ildə Şuşadan Cəmiliyə gələn, içərəsində 21 nəfər sərnişinin olduğu "UAZ" markalı maşın Kosalar - Cəmilli kəndləri arasında "Darlı" adlanan meşəlik ərazidə Ballıcada "Pioner düşərgəsi" adlanan yerdə yerləşdirilmiş "ASALA" terror təşkilatının quldurları tərəfindən atəşə tutulmuşdur. Terror aktı nəticəsində 3 nəfər şəhid olmuş, 15 nəfər ağır yaralanmışdır. Terror hadisəsi zamanı Cəmilli kənd sovetinin katibi Salahov Natiq Faydalı oğlu, yeddi uşaq atası Sadıqov Vaqif İmamverdi oğlu, Kosalar kənd sakini 6 yaşlı Abdullayeva Maya Sərhad qızı şəhid olmuşdur. Faciənin dəşhətini tək 1 nəfərə 21 avtomat gülləsi vurulması ilə izah etmək olar. Terror hadisəsi zamanı Mahmudov Əyyub Əvəz oğlu həm qılçasını, həm qolunu itirmişdir.
15 dekabr - Cəmilli kəndinin işğalı günü Zeynalov Məmməd Mikayıl oğlu, Ağcabədi Milis Şöbəsindən Cəmillinin müdafiəsinə gəlmiş İsmayılov Məmməd Səfər oğlu şəhid olmuşdur.
Cəmilli sakinlərindən 3 nəfər - Mehdiyev Fikrət Buruzu oğlu, İsmayılov Bəhram Mətləb oğlu, Mehdiyev Cavanşir İsak oğlu ölümündən sonra “İgidliyə görə” medalı ilə təltif olunmuşdur. Salahov Şakir Şamil oğlu ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına layiq görülmüşdür.
I Qarabağ müharibəsində 4 nəfər Cəmilli sakini ayağını, 1 nəfər sakin isə həm ayaq, həm də ki, qolunu itirmişdir. 32 nəfər güllə yarası almışdır. 156 nəfər milli münaqişə zəminində əlil olmuşdur.
Cəmillinin işğalı zamanı kənddə 120 ailə, 596 sakin yaşayırdı. Hal-hazırda Cəmilli kənd İƏD-si üzrə nümayəndəliyinin tabeliyində 301 ailə, 1109 nəfər sakin vardır ki, onların böyük hissəsi Goranboy rayonunun Aşağı Ağcakənd və Börü qəsəbələrində və Bərdə şəhərində məskunlaşıblar. Cəmilli kənd sakinləri respublikanın 20-yə qədər şəhər və rayonlarına pənah aparmışdır.
1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 Noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Cəmilli kəndi Rusiya Sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir.
Cəmillilər 31 ildir ki, doğma yurd yerlərinin həsrəti ilə yaşayırlar. İnanırıq ki, bütün işğaldan azad olunmuş torpaqlarımız kimi, hələ də düşmən tapdağında qalan yurd yerlərimiz Ali Baş Komandanımız İlham Əliyevin qətiyyətli siyasəti ilə öz sahiblərinə qayıdacaq.